Modern.az

İlham Əliyev: “Gələn il daha da uğurlu olacaq”

İlham Əliyev: “Gələn il daha da uğurlu olacaq”

10 Noyabr 2017, 20:32

"Ölkəmizin çox böyük potensialı var - ilk növbədə, insan kapitalı. Biz vəsaiti, əsasən, insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda, - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, - istər-istəməz görürük ki, doğrudan da, Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir. Biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq". Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 10-da Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

 

Prezident qeyd edib ki, gələn il daha da uğurlu olacaq: "Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı, biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik. Ona görə, bir daha demək istəyirəm ki, Dram Teatrının və İdman Sarayının, o cümlədən çoxmənzilli 72 binanın təmiri və tikintisi ilə bağlı vəsait qıtlığı olmayacaq. Sadəcə olaraq, siz burada işləri elə qurun ki, bu məsələlər tezliklə öz həllini tapsın və biz sizinlə növbəti açılışlarda görüşək".

 

İlham Əliyev bildirib ki, növbəti illərdə bu günə qədər həllini tapmayan, ancaq həllini gözləyən məsələlər də həll ediləcək: "İlk növbədə, əlbəttə, iqtisadi inkişafla bağlı məsələləri həll edəcəyik. Gəncədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur, iş yerlərinin açılması istiqamətində böyük işlər görülür və iki önəmli obyektin də tikintisi nəzərdə tutulur. Mən bu gün sizə onu da bildirmək istəyirəm və gəncəlilər də bilsinlər ki, Gəncə Dram Teatrının tikintisi ilə bağlı göstəriş verilib. Çox güman ki, gələn ildən başlayaraq teatrın tikintisi davam etdiriləcək, lazımi vəsait ayrılacaq və artıq bu teatrın tikintisinin nə vaxt başa çatacağı gəncəlilərdən asılı olacaq. Müasir böyük idman sarayının tikintisi də nəzərdə tutulur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!