Modern.az

“Paşinyanın səfəri müharibəyə çağırışdır”- XİN

“Paşinyanın səfəri müharibəyə çağırışdır”- XİN

Aktual

16 İyun 2018, 23:58

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini müharibəyə çağırış kimi qiymətləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır. Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir”. Modern.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etməkdir: “Eyni zamanda təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır. Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

 

Ermənistan qoşunlarının təmas xəttində vəziyyəti gərginləşdirmək və müharibəyə çağırış cəhdlərinin daxili siyasi vəziyyətlə də bağlılığına münasibət bildirən Hikmət Hacıyev bunu təsdiqləyib: “Populist və ultra-şovinist millətçi təfəkkürünə malik olan yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Yeni Ermənistan hökumətinin təqdim etdiyi utopik və icrası qeyri-mümkün olan proqram bu ölkədə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə göstərir. Amma Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!