Modern.az

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Aktual

23 Sentyabr 2018, 13:19

Səhər saatlarından Bakıda müşahidə edilən leysan xarakterli yağış səbəbilə bir neçə avtobusda texniki nasazlıq yaranıb, sərnişinlər yollarda qalıb.

Bu barədə Modern.az-a sərnişinlər məlumat verib. Onların bildirdiyinə görə,  7A və 7B nömrəli avtobusların içərisinə su dolub. Bu səbəbdən də avtobuslarda texniki nasazlıq yaranıb.


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a faktı təsdiqləyib:

“Hazırda mən özüm də ərazidəyəm. Bu cür çətinlik əsasən Ziya Bünyadov prospekti və Əhməd  Rəcəbli küçələrinin kəsişməsində müşahidə edilirdi. Hazırda ərazidə su çəkildiyindən hərəkət bərpa edilib. Lakin səhər saatlarında baş verən subasma ilə əlaqədar 7A və 7B müntəzəm sərnişindaşıma marşrut xətləri üzrə bir neçə avtobusda texniki nasazlıq yaranıb. Hazırda texniki personal ərazidədir və avtobusların xəttə buraxılması üçün çalışırlar. Ümumilikdə qeyri-iş günü olduğundan, marşrut xəttinin fəaliyyətində o qədər də çətinlik müşahidə olunmur. Hərəkətdə olan avtobuslarla hərəkət tənzimlənir”.

M.Ağayev bildirib ki, avtobusların  döşəməsi standatlara uyğundur, sadəcə yollarda su yığıldığından belə problem yaşanıb.

“Hazırda bir sıra küçə və prospektlərdə, xüsusən də Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətində müşahidə edilən sıxlıq səbəbindən bir sıra avtobusların hərəkət intervalında gecikmələr yaranıb”,-deyə BNA rəsmisi qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək