Modern.az

"Azərbaycan mətbuatı yazıb ki, guya mən ermənipərəstəm..." - Bəyanat

"Azərbaycan mətbuatı yazıb ki, guya mən ermənipərəstəm..." - Bəyanat

Təhsil

5 Noyabr 2011, 16:42

Avropa Komissiyasının Azərbaycanın Milli Məclisində gerçəkləşdirdiyi “Tvinninq” layihəsi üzrə əlaqələndirici-müşavir Yonas Çekuolis özü haqqında Azərbaycan mətbuatında yazılan xəbərlərlə bağlı bəyanat verib. Modern.az onun bəyanatını təqdim edir:
 
“Azərbaycan qəzetlərinin birində belə bir məlumat getmişdir ki, guya mən erməni lobbisinə xidmət edirəm. Bu fikrin təsdiqi kimi köhnə bir informasiyaya istinad edilir ki, mən Litva Seyminin deputatı olduğum dövrdə 1915-ci il hadisələrinin “erməni genosidi” kimi tanınması haqqında Seymin qərar layihəsini imzalamışam.

Bununla əlaqədar aşağıdakıları bildirmək istəyirəm:

Birincisi, həmin qətnamə imzalandığı dövrdə mən o illərin hadisələri barədə tam məlumata malik deyildim. Əgər bu hadisə indi baş versə idi, təbii ki, həmin sənədin altında mənim imzam olmazdı.

İkincisi, 2004-cü ilin aprelində, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olduğum dövrdə, “Ermənistanda vəziyyət” məsələsi müzakirə olunarkən AŞ PA-nın iclasına mən sədrlik edirdim. İndiki kimi yadımdadır, erməni nümayəndə heyəti digər ölkələrdən olan tərəfdarları ilə birlikdə qətnamənin mətninə düzəlişlər etməyə cəhd göstərirdilər. Həmin düzəlişlər həqiqətə uyğun deyildi və beynəlxalq hüququn qəbul olunmuş prinsip və normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə zidd idi. O vaxt iclasa sədrlik edənə (yəni ki, mənə) yalnız müxtəlif prosedur boşluqlarından istifadə etməklə böyük bir biabırçılığın qarşısını almaq nəsib oldu.  Çünki həmin axşam iclasda iştirak edən deputatların sayına görə, səsvermə öncədən proqnozlaşdırılması mümkün olmayan və Azərbaycan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi. Azərbaycan nümayəndə heyətinin iclasdan sonrakı təşəkkürlərini indi də yaxşı xatırlayıram. Maraqlıdır, görəsən “erməni lobbisinə xidmət edən adam” həmin iclasda yaranmış vəziyyətdə necə hərəkət edərdi?

Üçüncüsü, hazırda mənim iştirakımla Litva Seymində Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanın ərazi bütövlüyünə dair qətnamənin qəbuluna hazırlıq  prosesi gedir.

Dördüncüsü, siyasi karyeram dövründə özüm haqqında çox “nağıllar” eşitmişəm və artıq buna öyrəşmişəm. Amma qətiyyətlə deyirəm ki, mənim erməni diasporu ilə sıx əlaqələrimə dair fantaziyaların heç bir əsası yoxdur. Şəxsi xarakterli hücumları şərh etmək istəmirəm, çünki bu, “çirkli” jurnalistikanın üsuludur. Əbəs yerə deyil ki, xatırlatdığımız məqalə müəllif imzası olmadan dərc edilib.

Çox təəssüf ki, qəzetlər bu tipli uydurmaların yayılması üçün istifadə olunur. Ancaq bütün bunlar mənim Azərbaycan xalqına olan məhəbbətimi və ehtiramımı azalda bilməz, Milli Məclisdə Avropa İttifaqının “Tvinninq” layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsinə təsir edə bilməz”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü