Modern.az

Bu gün Olimpiadada 5 idmançımız mübarizəyə qoşulur

Bu gün Olimpiadada 5 idmançımız mübarizəyə qoşulur

Aktual

30 İyul 2012, 10:25

Bu gün XXX London Yay olimpiadasında daha beş (2 qadın, 3 kişi) idmançımız öz qüvvəsini sınayacaq. London Olimpiadasına 8 cüdoçu ilə yollanan yığmamızın heyətində artıq iki idmançımız mübarizəni dayandırıb. İlqar Müşkiyev və Tərlan Kərimov rəqiblərinə uduzaraq olimpiadanı medalsız başa vurublar. Bu gün isə daha iki cüdoçumuz mübarizəyə qoşulur.

Modern.az xəbər verir ki, cüdoçularımızdan 73 kq çəki dərəcəsində Rüstəm Orucov və 57 kq-da Kifayət Qasımova tatami üzərinə çıxacaq. Mübarizəyə 1/8 finaldan başlayacaq xanım cüdoçumuz Kaori Matsumoto (Yaponiya) – Vesna Cukiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Digər idmançımız Rüstəm Orucov isə 1/16 finalda CAR cüdo yığmasının üzvü Qideon Van Zillə üz-üzə gələcək. Həmin qarşılaşmaya isə Bakı vaxtı ilə saat 14:40-da start veriləcək.

Bu gün London olimpiadasında ağırlıqqaldırma üzrə xanım təmsilçimiz Boyanka Kostova (58 kq) da yarışa qoşulacaq. Gənc idmançımız A qrupunda öz qüvvəsini sınayacaq. A qrupunda 10 ağırlıqqaldıranın mübarizə aparacağı yarışa Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Azərbaycanın London olimpiadasında 7 kişi və 1 qadınla təmsil olunduğu boks idman növündə daha iki boksçumuz rinqə çıxacaq. Onlardan 52 kq-da Elvin Məmişzadə və 81 kq-da Vətən Hüseynli bu gün mübarizəyə qoşulacaqlar. Yarışa 1/16 final mərhələsindən qoşulacaq E.Məmişzadə Monqolustan təmsilçisi Tuqstsoqt Nyambayarla qarşılaşacaq. Döyüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Digər təmsilçimiz V.Hüseynli isə ekvadorlu Karlos Qonqoru Merkado ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 01:45-də başlayacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?