Modern.az

Dil Qurumu qəzetlərin və saytların səhvlərini açıqladı - Monitorinqin nəticələri

Dil Qurumu qəzetlərin və saytların səhvlərini açıqladı - Monitorinqin nəticələri

24 Sentyabr 2012, 16:11

“Azərbaycan Dil Qurumu” İB Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə medianın monitorinqini aparıb.

Monitorinq Qrupunda Şahlar Məmmədov (dilçi alim, sədr), Elçin Məmmədov (dilçi alim, üzv) və Anar Niftəliyev (Azərbaycan Dil Qurumu, üzv) təmsil olunub. Monitorinq Qrupu ədəbi dil normalarının qorunması və inkişafı məsələləri ilə bağlı 2012-ci il sentyabrın 10-dan 17-dək yazılı və elektron mətbuatı araşdırıb.

Monitorinqə “Yeni Müsavat”, Azadlıq”, “Şərq”, “525-ci qəzet”, “Bakı xəbər” qəzetləri və “Lent.az”, “Qafqazinfo.az”, “Azadliq.org”, “Publika.az”, “Avropa.az”, “Mediaforum.az”, Modern.az saytları cəlb edilib.

“Azərbaycan Dil Qurumu” İctimai Birliyindən verilən məlumata görə, monitorinq zamanı ən çox müşahidə edilən dil xətaları aşağıdakılardır:

Vulqar sözlər

Ədəbi dil normalarına uyğun gəlməyən və zəruri ehtiyac olmadan əcnəbi sözlərdən istifadə edilir. Məsələn:

1. “novostroyka” - “Azadlıq” qəzeti (11 sentyabr);

2. “çekist” - “Azadlıq” qəzeti (13 sentyabr);

3.  “obşak”, “xlebnik”,  “padlo”, “srok” - “Yeni Müsavat” qəzeti (11 sentyabr);

4.  “dıxaniyem” – “Yeni Müsavat” qəzeti (12 sentyabr);

5. “kayf” – “Yeni Müsavat” qəzeti (13 sentyabr);

6. “aktivist” - “Publika.az” (11 sentyabr);

7.  “vetnamka” - “Qafqazinfo.az” (10 sentyabr).

Fərqli şəkildə yazılan sözlər

Dil qurumu bildirib ki, “Orfoqrafiya lüğəti”ndə qeydə alınmış sözlər bəzən mediada fərqli formada yazılır. Məsələn:

1. Tel-Əviv - “Qafqazinfo.az” (12 sentyabr);

2. diaspora - “Qafqazinfo.az” (11 sentyabr);

4. labaratoriya - “Publka.az” (10 sentyabr);

5. otel - “Lent.az” (14 sentyabr)

Qeyd: a) Sonu “a” hərfi ilə bitən alınma sözlərin düzgün yazılış forması “Orfoqrafiya qaydaları”nın 4-cü maddəsində aydın şəkildə izah edilib;

b) Əsli “h” samitli sözlər “h” ilə də yazılır (hotel); (10-cu maddə).

Xüsusi isimlərin yazılışı

Dil qurumu bildirib ki, yazılı və elektron mediada xarici mətbuat, şirkət, restoran, şəxs və s. adların  orijinala uyğun şəkildə yazılışı artıq ənənə halını almaqdadır. Məsələn:

Eurovision
Embawood
Star city
Nar Mobile
Mercedes
Thomas De Wall
Michael
Dana Rohrabacher
Human Rights Watch

 Gabriel Garcia Marquez  

 Facebook 
 The New York Times 
 Volkswagen 
 Baku Crystal Hall, 
 Hyatt Regency və s.

Monitorinqə cəlb edilən qəzet və saytlar içərisində “Azadliq.org” saytı bu halı artıq “prinsip olaraq” qəbul edib.

Dil qurumu qeyd edib ki, alınma sözlərin Azərbaycan dilinin fonetik prinsiplərinə uyğunlaşdırılması qaydasına zidd olan bu cür yazılışlarda bəzən, Türkiyə türkcəsində olduğu kimi, xüsusi isimləri hal şəkilçilərindən ayırmaq üçün kəsmə, apostrof işarəsindən də isifadə edilir. Məsələn:

Michelle`nin - “Azadlıq" qəzeti;
H.Clinton’un ölkəsində; Erdoğan’la - “Azadliq.org”...

Mürəkkəb ixtisarların (abreviaturaların) yazılışı

“Orfoqrafiya qaydaları”nda mürəkkəb ixtisarların 3 yazılış forması göstərilib. (Maddə 34). Bu maddəyə beynəlxalq ixtisarların milli dilə uyğunlaşdırılması və ya kütləviləşmiş ixtisarların saxlanılması ilə bağlı əlavə və dəyişiklik edilməsinə ehtiyac vardır.

Mürəkkəb adların yazılışı

“Orfoqrafiya qaydaları”nda (maddə 31) mürəkkəb adların yazılış qaydası aydın şəkildə göstərilib: “Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır”.

Təəssüf ki, yazılı və elektron mətbuatda bu qaydaya çox vaxt əməl edilmir. Məsələn:

1. xarici işlər naziri Əhməd Davudoğlu; iqtisadiyyat naziri Zəfər Çağlayan, milli müdafiə naziri İsmet Yılmaz – “Qafqazinfo.az” (11 sentyabr);

2. Yaponiyanın maliyyə və poçt xidməti islahatları naziri - “Publika.az” (10 sentyabr);

3. fövqaladə hallar naziri –“Yeni Müsavat” qəzeti (12 sentyabr);

4. səhiyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri (s.13) - “Yeni Müsavat” qəzeti (10 sentyabr)

5. 6 saylı yol istismar idarəsi (s.7) “Şərq” qəzeti (11 sentyabr).

Nitq qüsuru və ya asemantikləşmə nəticəsində yaranmış sözlər

Məsələn:
narahatçılıq – “Publika.az” (10 sentyabr);
müsəlmançılıq - “Yeni Müsavat” qəzeti (12 sentyabr) və s.

Dərslik və dərs vəsaitlərində - “çılıq4” şəkilçili sözlər bir qayda olaraq – “çı+lıq4” və - “çılıq”4 şəklində izah edilir. Peşə, sənət anlayışı bildirən sözlərdə şəkilçi – “çı+ lıq” şəklində parçalanır, mücərrəd məna bildirdikdə isə - “çılıq4” bütöv şəkildə götürülür, halbuki – “çılıq4” şəkilçisi bir qayda olaraq ismə artırırlır. Məsələn, qəzetçilik;

Narahat, nigaran sözləri sifət olduğuna görə, narahatlıq, nigaranlıq şəklində yazılmalıdır.

Sayt adlarının yazılışı

Sayt adları 3 müxtəlif formada yazılır. Məsələn:
“Qafqazinfo”, “Media forum”,
Lent.az
Publika.Az

“Orfoqrafiya qaydaları”nda sayt adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur. Dil qurumu təklif edir ki, sayt adları dırnaq işarəsi olmadan, internet ünvanı saxlanılmaqla  (az, com, org və s.) yazılsın. Məsələn: Qafqazinfo.az, Publika.az, Mediaforum.az, Azadliq.org və s.

Monitorinq Qrupunun qənaəti

Monitorinq qrupu hesab edir ki, keçən monitorinqin (2012-ci il iyununun 19-dan 30-dək) nəticələri ilə müqayisədə vulqar sözlərin sayı xeyli azalıb. Buna baxmayaraq, xüsusi isimlərin və mürəkkəb adların yazılışında qaydasızlıq qalmaqdadır.

Səbəblər:

1.  Dil qurumları ilə əlaqələrin zəifliyi, əksər media mənsublarının mövcud lüğətlərdən istifadə etməməsi və dil normalarına laqeyd münasibəti.

2.  2004-cü ildə çap olunmuş “Orfoqrafiya lüğəti”nin müasir tələblərə tam cavab verməməsi.

Monitorinq zamanı yazılı və elektron mətbuatda yol verilmiş texniki və üslubi səhvlər nəzərə alınmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!