Modern.az

Tahir Mirkişili: “Daha çevik Büdcə Məcəlləsinin qəbuluna ehtiyac var”

Tahir Mirkişili: “Daha çevik Büdcə Məcəlləsinin qəbuluna ehtiyac var”

27 May 2021, 12:33

“2020-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi-siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal və milli iqtisadiyyatda gedən proseslərin, COVID-19 pandemiyasının və Vətən müharibəsinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla  çevik formada icra olunmuşdur”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun layihəsi və hesabat komitə tərəfindən Hesablama Palatasına rəy üçün göndərilib və bu rəy palata tərəfindən Milli Məclis üzvlərinə təqdim edilib.

“Əlavə olaraq Maliyyə Nazirliyi tərəfindən Dövlət İnvestisiya Xərclərinin ünvanlı strukturu da komitəyə təqdim edilmişdir.

Təqdim olunmuş sənədlər İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 24 may tarixli iclasında ətraflı müzakirə edilmişdir. İclasda Maliyyə və İqtisadiyyat nazirlikləri, Hesablama Palatası, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinin icrasının əsas parametləri, 2020-ci ilin makroiqtisadi göstəriciləri ətraflı müzakirə edilib”.

                       
T.Mirkişili daha sonra əlavə edib:

“2020-ci il hər şeydən əvvəl Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbə ili kimi həkk olunmuşdur. Bu qələbə uzun illər ərzində ardıcıl olaraq, boyük işgüzarlıq, peşəkarlıq və ən əsası, milli birlik hesabına Azərbaycanın bütün resurslarının bir dəmir yumruq kimi birləşib düşmənlərmizi məğlub etməsilə mümkün olmuşdur. Bu qələbə indiyə qədər görülən və və indidən sonra görüləcək işlərin ən böyüyüdür”. 


Komitə sədri xatırladıb ki, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada COVID-19 pandemiyasının sürətlə yayılması iqtisadi fəallığın zəifləməsinə, qlobal məcmu tələbin daralmasına və qaydasız oyun şəraitinin yaranmasına səbəb olub:

“Dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın əhatəliyini və kəskinliyini daha da artırmışdır. 2020-ci ilin iyun ayından başlayaraq Ermənistan işğalçı qüvvələrinin ölkəmizə qarşı müntəzəm təxribatları sonda vətən müharibəsinin başlamasına gətirib çıxarmışdır. Bax belə bir şəraitdə Azərbaycanın iqtisadi və maliyyə resursları və onların səmərəli idarə olunması hər 3 cəbhədə öz müsbət nəticəsini göstərmişdir.

Pandemiyanın Azərbaycan iqtisadiyyatına mümkün mənfi təsirlərinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərlə ölkə iqtisadiyyatının tənəzzül fazasına daxil olmasının qarşısının alınması mümkün olmasa da, onun daha kəskin enişinin qarşısı alınmışdır. 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi zamanı büdcə mexanizmlərinin təkmilləşməsi və xərclərin artırılması, əhəmiyyətli miqyasda iqtisadi və sosial dəstək paketlərinin hazırlanması və icra olunması, iqtisadiyyatın lazımı resurslara malik olması və bütün bu tədbirlərin dövlət başçısının daim diqqətində olması iqtisadiyyatı kəskin şoklardan qorumuşdur”.


Deputat qeyd edib ki, il ərzində dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın əhatəliyini və kəskinliyini daha da artırıb.

“Böhran dünya əmtəə qiymətlərinin enerji sektorunda 18.3% ucuzlaşması, qeyri-enerji sektorunda 16.1% bahalaşması, dünya ərzaq qiymətləri 6.5% yüksəlməsi, neftin qiymətinin isə 33% düşməsi ilə müşaiyət olunmuşdur.

2020-ci ildə ölkəmizdə Ümumi Daxili Məhsul real ifadədə 4.3% , o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalı 2,6 faiz, neft sektorunda isə 7,0 faiz azalmışdır. Lakin qeyri-neft ÜDM-in tərkibində aparıcı rola malik kənd təsərrüfatı üzrə 1,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 4,6 faiz, informasiya-rabitə sektoru üzrə 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı üzrə isə 12,5 faiz artım müşahidə edilmişdir. Həmçinin, 2020-ci ildə ölkəmizdə inflyasiyanın səviyyəsi 2.8%, neftin bir barelinin orta illik qiyməti isə 43.7 dollar olmuşdur”.

T.Mirkişilinin sözlərinə görə, hesabat ilində izlənən mürəkkəb qlobal iqtisadi konyunktur ölkə üzrə ticarət dövriyyəsinə təsir etmiş, cari əməliyyatlar hesabı üzrə kəsir qeydə alınmış, neft sektoru üzrə profisitin azalması DNF-in mənfəət neftinin və qazının satışından daxilolmalarına əhəmiyyətli təsir göstərmişdir:

“Qeyd etmək istərdim ki, 2020-ci ilin büdcə dürüsləşməsi zamanı bizə tədim olunan zərfdə ÜDM-in real ifadədə 5,0% azalacağı, inflyasiyasının 4.6% olacağı proqnozlaşdırılmış, hesablamalar neftin bir barelinin qiymətinin 35 dollar səviyyəsi ilə aparılmışdır. Real vəziyyətin proqnozlardan daha əlverişli olması bir tərəfdən dövlət büdcəsinin icrası üçün mühüm dəstək olmuş, digər tərəfdən büdcə parametrlərinin sürətli icrası da daha bədbin iqtisadi ssenarilərin qarşısını almışdır.  


Ümumiyyətlə, 2020-ci ilin ağır və gözlənilməz şəraiti təcili və təxirəsalınmaz qərarların qəbulunu labüd etmiş, dövlət maliyyə idarəetməsində çevik qərarların qəbul edilməsi zərurəti yaratmışdır. Məhz bu səbəbdən də dürüstləşmiş 2020-ci iln büdcəsində büdcə qaydasının tətbiqi dayandırımış və iqtisadiyyatda daha pis, hətta mən deyərdim ki, faciəvi situasiyanın qarşısını almaq üçün adekvat addımlar atılmışdır.

Gözlənilməyən “COVİD-19” pandemiyası ilə mübarizə və onun gətirdiyi fəsadların aradan qaldırılması büdcənin icrasına da təsir etmiş, pre-pandemiya dövründə prioritet hesab edilən istiqamətlər hesabat ilində öz aktuallığını itirməklə sosial məzmunlu xərclərin yüksəldilməsini labüd etmiş, bu məqsədlə hökumət tərəfindən bır sıra istiqamətlər üzrə xərclər artırılmışdır.

Təcili şəkildə atılan fiskal addımlar həm əhali, həm də biznes üçün pandemiyanın doğurduğu fəsadların minimallaşdırılması məqsədi daşımış, bu addımların əsas mənbəyi kimi çıxış edən dövlət büdcəsi maliyyələşməni təmin etmək üçün əlverişli performansa sahib olmuşdur.

Müharibə şəraiti, döyüşün maliyyələşməsi, şəhid ailələrinə, əsgər və zabitlərə qayğının artırılması, işğaldan azad olan ərazilərin bərpası dövət büdcəsini icrası qarşısında mühüm hədəflərdən olmuşdur. Qeyd etmək lazımdır ki, bu hədəflərdən bir çoxu əvəəlcədən pronoqlaşdırıla bilinməyən, lakin icrası zamanı təcili tədbirlərin görülməsini tələb edən hədəflər olmuşdur”.   


T.Mirkişilinin sözlərinə görə, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24124,0 milyon manat proqnoza qarşı 24681,7 milyon manat təşkil edib. Proqnozla müqayisədə 557,7 milyon manat və ya 2,3 faiz cox icra olunub. 2020-ci il dövlət büdcəsinin xərcləri 27492,2 milyon manat proqnoza qarşı 26416,3 milyon manat və ya 96.1% az icra edilib:

“Bununla yanaşı qeyd etmək lazımdır ki,  funksional təsnifatın bölmələri üzrə xərclərinin icrasını təhlili göstərir ki, bır sıra xərclərin 99,1% qədər icrasına nail olunmuşdur. Eyni zamanda, qeyd etməliyəm ki, büdcə gəlirləri üzrə Vergi və Gömrük orqanları üzrə 2020-ci ilin proqnozlarının ümumilikdə artıqlaması ilə yerinə yetirilməsinə baxmayaraq bəzi tədiyyə növləri üzrə proqnozlar kəsirlə icra olunmuşdur.

Dövlət büdcəsinin gəlirlərini təmin edən əsas fiskal qurumların (vergi və gömrük orqanları üzrə ümumilikdə) cari və əsaslı xərclərinin ödənilməsinə ayrılmış vəsaitlərin yığıma  qarşı faiz nisbətləri 2019-cu illərlə müqayisədə 0,6 faiz artaraq 2,9%-ə yüksəlmişdir.

Pandemiya səbəbindən iqtisadi aktivliyin və əhalinin hərəkətinin məhdudlaşdırılması, eləcə də sosial ünsiyyətin məsafədən və təmassız qaydalarla həyata keçirilməsinin təşviq olunması nağdsız ödənişlərin həcminin əhəmiyyətli artımı ilə nəticələnmişdir ki, bu da təbii ki, vergilərin bəyan olunması və yığılması prosesinə müsbət töhvələr vermişdir.

2020-ci il ərzində POS-terminallar vasitəsilə ölkədaxili nağdsız ödənişlərin həcmi 2172,0 mln. manat, elektron ticarət vasitəsilə ölkədaxili əməliyyatların həcmi isə 3670,0 mln. manat təşkil etməklə 2019-cu illə müqayisədə müvafiq olaraq POS-terminallar üzrə 62,9%, elektron ticarət üzrə 25,0% artmışdır. Amma eyni zamanda fiziki və hüquqi şəxslər tərəfindən nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaitlərinin 2020-ci ildə təqribən 4,0 mlrd. manat həcmində olması və bu rəqəmin  2020-ci ilin proqnozundan isə 17,6% çox olması bu sahədə görüləcək işlərin hələ çox olmasını deməyə əsas verir”.


Komitə sədri bildirib ki, sosialyönümlü xərclərin 2020-ci il dövlət büdcəsində icrası xərclərin 36,5 faizi və ya 9654,2 milyon manat həcmində olub:

“Ümumiyyətlə, son 5 ildə sosialyönlü xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi natural ifadədə 3.5 mlrd manat və ya 1,6 dəfə artmışdır.

           
2020-ci ildə dövlət büdcəsindən 1.7 milyard manatlıq səhiyyə xərclərinin icrası təmin olunmuşdur.

           
İcbari Tibbi Sığortanın fəaliyyətini təmin etmək məqsədilə dövlət büdcəsindən 950 mln manat vəsaitin icrası təmin edilmişdir.


Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri üçün 2 milyard manata yaxın vəsaitin icrası təmin olunmuşdur. Bu vəsaitdən sahibkarların dəstəkləməsi üçün 460 milyon, əhaliyə birdəfəlik ödəniş üçün isə 450 milyon manat icra edilmişdir”.


Deputatın sözlərinə görə,  xarici və daxili dövlət borclanmaları üzrə icra vəziyyəti müəyyən edilmiş limiti keçməyib:

“Bütövlükdə, Azərbaycanın xarici dövlət borcu 8821,5 milyon ABŞ dolları və ya 2020-ci il üzrə ÜDM-in 20,7 faizini təşkil etmişdir.

2020-ci ilin dövlət büdcəsində 1 734,6 milyon manat məbləğində kəsir (defisit) yaranmışdır ki,  bu da proqnoza nisbətən 1 633,6 milyon manat və ya 2 dəfəyə yaxın azdır. Kəsirin maliyyələşməsində büdcə zərfində təqdim edilmiş mənbələrdən istifadə edilmişdir”.


Komitə sədri həmkarlarına üz tutaraq deyib ki, təqdim olunan hər bir hesabat həm də gələcək fəaliyyətin təkmilləşməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

“2020-ci ildə dövlət büdcəsinin icrası zamanı bəzi çatışmazlıqlar da müəyyən edilmiş və bu çatışmazlıqlar tərəfmizdən müxtəlif icra orqanlari ilə ətraflı şəkildə müzakirə olunmuşdur. Eyni zamanda, Hesablama Palatası tərəfindən Milli Məclisə təqdim olunmuş rəydə göstərilən arqumentlər müvafiq icra orqanları ilə ətraflı müzakirə edilərək təhlil edilmişdir. Qeyd etməliyəm ki, təhlillərin nəticəsi olaraq rəydə göstərilmiş arqumentlərin bir hissəsi İqtisafi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən doğru sayılmayaraq qəbul edilməmişdir.


Ümumiyyətlə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aparılmış təhlillər və müxtəlif müzakirlər o qənatə gəlməyə imkan verir ki, Büdcə gəlir və xərclərinin planlaşdırılması və qüsursuz icrası üçün Büdcə sistemi haqqında qanunun təkmilləşməsinə və ya yeni, daha çevik Büdcə məcəlləsinin qəbuluna, maliyyə intizamının daha da gücləndirilməsinə, geniş innovativ həllərin tətbiqinə ehtiyac vardır. Dünyada son zamanlar böhranlı şəraitlərin tez tez baş verməsi il ərzində çevik qərarların verilməsini təmin edir ki, bu da bir çox halda klassik planlama prinsiplərinin və yanaşmalarının yenilənməsini tələb edir. Biz bu istiqamətdə Milli Məclis və hökumət arasında əməkdaşlığın daha da gücləndirilməsini faydalı sayırıq.

 

Ümumillikdə,  2020-ci il üçün dövlət büdcəsinin icrası əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, Vətən müharibəsində qələbənin təmin olunması, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, COVID-19 pandemiyası ilə mübarizə və iqtisadi subyektlərin dəstəklənməsi öz müsbət rolunu  oynamışdır”.

           

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!