Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov noyabrın 3-dən 7-dək Türkiyədə səfərdə olub. O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının dəvəti ilə dost partiyanın noyabrın 4-də keçirilən 10-cu qurultayında iştirak edib.
Ədalət-in mətbuat xidmətindən verilən məlumata görə, İ.İsmayılov qurultayın ertəsi günü Milliyyətçi Hərəkat Partiyasının qərargahında D.Baxçalı ilə görüşüb. İlyas İsmayılov Dövlət Baxçalını yenidən sədr seçilməsi münasibəti ilə təbrik edib. Ədalət sədri həmçinin bildirib ki, MHN-nin və onun rəhbərinin indiyə qədərki fəaliyyətlərini daim izləyir və təqdir edirlər. Qurultayda iştirakına və təbrik sözlərinə görə təşəkkürünü bildirən Dövlət Baxçalı da Ədalət Partiyasının sədri və Azərbaycan Milli Məclisinin üzvü kimi İlyas İsmayılovun fəaliyyətini yaxından izlədiyini vurğulayıb və Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün göstərdiyi səylərə görə ona minnətdarlığını çatdırıb.Türkiyə səfəri ilə bağlı təəssüratlarını Bakıda jurnalistlərlə bölüşən İ.İsmayılov Türkiyənin önəmli müxalifət partiyası hesab olunan, Azərbaycana daim sayğı ilə yanaşan, onun maraq və mənafelərini müdafiə edən dost Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirakdan, köhnə dostları və tanışları ilə görüşməkdən məmnunluq duyduğunu bildirib. Partiya sədri vurğulayıb ki, tədbirin möhtəşəmliyi ona xüsusi zövq verib: “Çox istərdim ki, Azərbaycanın heç olmasa tanınan, üzdə olan partiyaları da öz ali tədbirlərini bu cür coşqu və qürur hissi ilə keçirsinlər”.