Modern.az

“Bu şəxsin Bakıya gəlişinin belə şişirdilməsini başa düşmürəm” - MÜSAHİBƏ

“Bu şəxsin Bakıya gəlişinin belə şişirdilməsini başa düşmürəm” - MÜSAHİBƏ

Müsahibə

16 Noyabr 2012, 15:43

“Hüquq  müdafiəçiləri ilə çox yaxşı əlaqələrimiz var”

Modern.az saytı Milli Məclisin İnsan hüquaları komitəsinin sədri Rəbiyyət Aslanovanın müsahibəsini təqdim edir.

- Son günlər Avropa Şurası və bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə dair siyası məhbus siyahısı ilə bağlı müzakirələr aparılır. Sizin bu məsələ barədə mövqeyiniz necədir?

- Bizim ölkədə siyası  məhbus yoxdur. Belə bir fakt olmadığına görə də heç nə deyə bilmərəm. Dediyiniz o siyahılar ayrı-ayrı insanların özləri üçün yaratdıqları  siyahılardır. Bu “siyahılarda” rəqəmlər isə zaman-zaman  fərqli olub. İlk növbədə onu nəzərə almaq lazımdır ki, kimlər o siyahıya düşüb. Qəti mövqeyim budur ki, “Azərbaycanda siyası məhbus var” fikirini dünya  ictimaiyyətinə,  ayrı-ayrı beynəlxalq təşkilatlara çatdıran insanların tamamilə başqa maraqları var. O insanları  heç də  azad fikirlilik, düşüncə azadlığı kimi maraqlar maraqlandırmır. Onları  maraqlandıran şəxsi ambisyaları və Azərbaycan  adlı  məmləkətin dünyada nüfuzunu  azaltmağa  yönəlmiş məqamlardır.  Çünki  siyası məhbus ifadəsinin hüquqda izahı yoxdursa,  bu, dünya ölkələrində qəbul edilmiş bir məfhum deyilsə,  bir gerçəklik deyilsə, o zaman bu adla Azərbaycana  təzyiq etməyə çalışmasınlar.  

- Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Ştrasser bildirib ki, onun əlində bir neçə belə siyahı var.  Ştrasser məhz bu problemlə bağlı Bakıya səfər etmək istədiyini açıqlayıb. Məruzəçinin Azərbaycana səfəri hansı məqamlara aydınlıq gətirəcək?

- Bu insanın Azərbaycana gəlməsinin bu qədər  şişirdilməsini başa düşmürəm. Biz onun gəlməsinə heç bir etiraz etmirik. Prosedur qaydalar var və cənab Ştrasser bu qaydalara uyğun olaraq gəlməlidir.  Amma bundan “o, Azərbaycana gələcək, siyası məhbuslar tapacaq, qayıdıb bunu Avropa Şurasında müzakirə edəcək” tipli mif yaratmağa heç bir ehtiyac yoxdur. Avropa Şurası Azərbaycanda gedən bütün prosesləri bilir və bu proseslərin uğurunu da etiraf edir. Təsadüfi deyil ki, Avropa Şurasının çox yüksək rəsmiləri  Azərbaycanla əlaqədar olaraq,  öz sozlərini, öz müsbət fikirlərini söyləyiblər. Bu birmənalıdır. Əks təqdirdə, Azərbaycan  nümayəndə heyətinin  Avropa  Şurasındakı o yüksək  nüfuzu, yükəsk fəaliyyəti  o qədər qiymətləndirməzdi. Köhnəlmiş düşüncə tərzi ilə yanaşmaq, yenə bu “siyasi  məhbus” fikrini gündəmə  gətirmək, bununla da Azərbaycanın  imicinə ziyan vurmaq yaraşan məqam deyil. Bu gün  hər  bir Azərbaycan vətəndaşı  siyası   mənsubiyyətindən asılı olmayaraq,  fəlakətlərlə, çaşqınlıqlarla  dolu olan dünyamızda  Azərbaycan adlı məmləkətin varlığı üçün  öz qüvvəsini ortaya qoymalıdır, uğurumuza sevinməlidir.

- Adıçəkilən “siyasi məhbus” siyahıları yerli hüquq müdafiəçiləri tərəfindən tərtib edilir. Parlamentin İnsan hüquqları komitəsi yerli hüquq müdafiəçiləri ilə problemi müzakirə edibmi?

- Yerli hüquq  müdafiəçiləri ilə çox gözəl görüşlər keçiririk. Onlarla çox yaxşı əlaqələrimiz də var. Bu və ya digər problem olarkən, həmin o problemlərin  həlli  üçün ortaq məxrəcə gəlirik. Məsələn, həbsxanalarla əlaqədər olaraq bir İctimai  Komitə də yaradılıb.  Onlar bu məsələlərə özləri də nəzarət edilər,  müşahidəçilər də var. Bütün bunlar hamısı həll oluna biləcək məsələlərdir. Ölkə daxilində həll edə biləcəyimiz bütün problemlərin  həllini kənarda  axtarmağa ehtiyac yoxdur.

- Son dövlər Avropa Məhkəməsi Azərbyacan vətəndaşları ilə bağlı məhkəmə qətnamələri açıqlayır. Bu məhkəmə qərarları ölkənin imicinə hansı təsiri göstərir?

- Əgər biz Avropa Şurasının üzvüyüksə və Avropa Məhkəməsində nümayəndəmiz də varsa,  bu o deməkdir ki,  Azərbaycan beynəlxalq hüquq  prinsiplərinə riayət edən bir dövlətdir. Hər  bir Azərbaycan vətəndaşının Avropa Məhkəməsinə  müraciət etmək hüququ var və bu hüquqdan da istifadə edir. Bu demokratik  dövlətin  rəhbər tutuduğu bir prinsipdir. Əgər həmin məsələ orada öz həllini tapırsa, onda Azərbaycan  dövlətinə  bu və ya  digər  məbləğdə hər hansı bir vəsaitin ödənilməsi nəzərdə tutulur.

 - Bəs bu qərarlar milli məhkəmə sistemimizin imicinə ziyan gətirmir?

- Bu gün Avropa Məhkəməsində Avropa Şurasına üzv olan dövlətlərin hamısı  haqqında məsələlər müzakirə olunur.  Bunu da belə böyük bir məsələ kimi qiymətləndirmək lazım deyil.  Məhkəmələr ona görə  var ki,  ayrı-ayrı ölkələrdə   problemlər var. Çox yaxşı ola bilərdi ki, Avropa Məhkəməsinə gedən məktubların sayı azaldılsın. Bu gün Azərbaycandakı  məhkəmə - hüququ sistemində aparılan  islahatlar və o islahatların nəticələri  Azərbaycan vətəndaşlarının  gözü qarşısındadır.  Hakimlər də avropalı ekspertlərinin gözü qarşısında seçilir, məhkəmə -huquq sistemində hər dəfə  olan  yeniliklər Avropanın  ən aparıcı dövlətlərindəkinə bərabərdir.  Ancaq bu insan taleyi ilə əlaqədar olan məsələlərdir.  Hər bir məsələ fərdidir, təkrar olunmazdır. Ola bilər məhkəmə  proseduralarında hansısa bir anlaşılmazlıq var.  Hər bir şey qanundakı kimi olmur. Hakim də səhv edə bilər.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü