Modern.az

Paraddan sonra...

11 Dekabr 2020, 18:04

Qəzənfər Həmidoğlu

Hərbdən həyata "qayıdış": gözləntilər və reallıqlar


Sentyabrın 27-dən başlayan "hərbi" hal və ovqatımız oktyabr ayı boyunca uçdu, işğaldan azad edilən şəhər və kəndlərimizin sevinci ilə məst oldu; noyabrın 8-də Şuşanın qurtuluşu ilə zirvəsinə çıxdı, eyforiya yaşadı; sonra rus faktorunun gətirdiyi dilxorçuluqla bir qədər təlx olsa da, ruhumuzun yüksəlişi elə də səngimədi və nəhayət, Zəfər paradı ilə təntənəli finalına yetişdi.

75 gün ərzində fiziki və ruhi əhvalımız funksional, adi vəziyyətinə sığmadı. Şanlı ordumuzun müzəffər yürüşü milli qürur, sevinc və inamı - bir sözlə, entuziazmı elə səvıyyəyə yüksəltdi ki, bağrımıza daş basıb itkilərimizə, şəhid hüznlərinə dözə bildik, Covid-19 bəlasını belə görməz olduq.

Tədricən o günlərin, Zəfərin və paradın ehtişamından çıxaraq normal halımıza qayıdacağıq. Düzdür, postsavaş dövrü də normal, adi gündəlik həyata bənzəmir. Üstəlik, Qarabağla, yerli erməni məsələsi ilə bağlı son nöqtəni qoymalı, azad olunmuş torpaqlara Böyük Qayıdışı uğurlu sona çatdırmalı, yaralarımızı sarımalı, şəhidlərimuzə munnət borcumuzu ödəməliyik. Yəni, savaş bitsə də, mübarizə, son strateji hədəfə doğru tarixi mücadilə davam edir. Bu dövrdə də birlik və həmrəyliyə, dəstəyə ehtiyac var. Ən azı o anlamda ki, ağır savaşdan çıxmış ölkə hakimiyyətinin yeni hədəflərə çatmaqda vaxta ehtiyacı var. Məsələn, hərb meydanındakı qələbəni masada da əldə etmək yaxın perspektivin işi kimi görünmür.

Digər yandan, münaqişə və işğal olunmuş torpaqlar yükündən hərb yolu ilə azad olan hakimiyyətin önündə yeni imkanlar və üfüqlər açılır. Qarabağ problemi son 30 ildə Azərbaycanın bir çox hədəflərinə yetişməsinə əngəl yaradırdı. Düzdür, müxalifət bunu bəhanə sayır. Elədirsə, hakimiyyətin opponentləri sevinməlidir ki, ölkə lideri "Qarabağ münaqişəsi artıq yoxdur" deməklə özü bu "bəhanə"ni aradan götürür.

Təbii ki, Qarabağ münaqişəsi bitsə də, Cənubi Qafqaz riskli region olaraq qalır. Rusiyanın regiona "arxa bağça"sı kimi baxmaqda davam etməsi, digər supergüclərin maraqları, Türkiyənin Azərbaycana arxa durmasının həzm edilməməsi, yarımcan qalmış Ermənistandan geosiyasi rıçaq kimi istifədə edilməsi, Gürcüstanın parçalanmış vəziyyəti, İran ətrafındakı gərginlik yaxın illər üçün Cənubi Qafqazda sabitliyin bərqərar olacağından xəbər vermir.

Amma Cənubi Qafqazın nə zaman sakit dövrü olub?!. Əsas odur ki, mümkün risk və sarsıntılara qəfil yaxalanmayasan. Bu fonda dekabrın 10-da Azərbaycan və Türkiyə liderlərinin paraddakı çıxışları, həmçinin sonrakı bəyanatları regional və qlobal çağırışlara cavab, regional təhlükəsizlik üçün çarədir...

Adətən, müharibədən, özəlliklə də qələbədən sonra həyat insanlara, ilk növbədə hərbçilərə bayram kimi görünür. Cəmiyyətin hərbdən həyata "qayıdışı" əcaib fenomendir: reallıq gözləntiləri doğrultmaya bilir. Qalib dövlət də savaşdan itkilərlə, maddi-mənəvi travmalarla çıxır...

Amma 44 günlük savaşda ruhən yenidən doğulub-dirçəldiksə, 27 sentyabrdan əvvələ qayıda bilmərik. Zəfərdən sonra Qalib xalqa sadəcə dolanmaq yaraşmaz, daha yaxşı yaşamaq haqqıdır. Azərbaycanın Qarabağda və bütünlükdə regionda yaratdığı yeni status-kvo cəmiyyətimizə pozitiv təsir edəcək, siyasi, sosial, iqtisadi və mədəni həyatımızda köklü yeniliklərə aparacaq.

Tezliklə olmasa da, gec də olmaz...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var