Modern.az

Minsk qrupu kəllə-mayallaq getdi...

13 Dekabr 2020, 14:47

Qəzənfər Həmidoğlu


Azərbaycan lideri ATƏT-in Minsk qrupu həmsədrlərini yaş yuyub, quru sərdi. Görüşün əvvəlində, boks dili ilə desək, birbaşa "jab" (ceb) yeyən həmsədrlər nokdauna (ing. knock-down) düşdülər.


"Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi", - deyə Azərbaycan lideri görüşün başında birbaşa mövqeyini ortaya qoydu...


Həmsədrlər müdafiə qurmağa macal tapmamış, qəfil "kross" zərbəsi gəldi. Prezident:"Biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır".


Görüş zamanı sağdan-soldan aldıqları "huk"lardan (ing. Hook) vasitəçilər hayıl-mayıl oldular.


Və sonda həmsədrlər " apperkot"a (ing. uppercut) qonaq oldular - bu, artıq nokaut (ing. knockout) idi. Prezidentin sözlərindən belə çıxdı ki, həmsədrləri Bakıya kimsə dəvət etməyib:


"Buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm".


Həmsədrlər şoka düşmüş, kəllə-mayallaq olmuşdular - nala-mıxa vurmağa başladılar. Gerçəkdən çağrılmamış qonaq həyasız olurmuş...


ATƏT-in fransız həmsədri Stefan Viskonti:


"Əlbəttə ki, Bakıda olmağımız, belə başa düşürəm ki, dəvət əsasında olub. Dəvət olmasaydı, mən gəlməzdim. Ola bilsin, bu missiyanın təşkilində, yazışmada qeyri-aydınlıq olub. Lakin mən bizi bu görüşdə qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən sözlərinizi lazımi qaydada Prezidentimə və hökumətimizə çatdıracağam".


ATƏT-in amerikan həmsədri Endrü Şofer:


"Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır... Bilmək istərdim, Siz gələcəyi, ümumiyyətlə, necə görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər, bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz? Bildiyiniz kimi, bundan sonra, biz İrəvana gedəcəyik və digər tərəflə də eyni söhbət aparacağıq".


Maraqlıdır ki, Prezident İlham Əliyevlə görüşdə rusiyalı həmsədr iştirak etmirdi, Rusiyanı səfir Mixail Boçarnikov təmsil edirdi.


Bakı görüşü Minsk qrupu üçün faciəvi oldu. İrəvanda Paşinyanla görüşdə isə, şübhə yoxdur ki, məzhəkə oynanılacaq...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok