Modern.az

Bir şəklin tarixçəsi: Brejnevin sonuncu Bakı səfəri və 47 gündən sonrakı ölümü...

Bir şəklin tarixçəsi: Brejnevin sonuncu Bakı səfəri və 47 gündən sonrakı ölümü...

13 Aprel 2013, 14:33


Gəl, gəl ki, əziz yoldaşımız, doğma Brejnev,
Yurdumda açıqdır üzünə hər qapı, hər ev!

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu nadir fotoşəkil Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnevin Bakıya gəlişini özündə əks elətdirir.

1982-ci ilin sentyabrı. Azərbaycan Sovet Sosialist Respublikası beşilliyin növbəti ilini uğurla başa vuraraq, sosialist öhdəliklərinə artıqlaması ilə əməl etdiyinə görə yüksək mükafata – Lenin ordeninə layiq görülüb. Fəhlə sinfinin, kolxozçu kəndlilərin, xalq ziyalılarının ilhamlı, fədakar əməyi sayəsində qazanılan bu müvəffəqiyyətin mükafatını – Lenin ordenini təqdim etmək üçün şəxsən Leonid İliç Brejnev Sovet Azərbaycanına gəlir. O zaman bu qiymətləndirmə “Kommunist” qəzetində L.İ.Brejnev yoldaşın Sovet Azərbaycanına daimi atalıq qayğısının təzahürü kimi yozulur.

Azərbaycanda rəhbərin gəlişinə xüsusi hazırlıq görülür. Hətta Brejnevin Bakı səfəri ilə bağlı xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm “Alqış!” şeiri də yazır. Şeirdə L.İ.Brejnevin Bakıya gəlişi belə vəsf olunur:

Ey qardaşımız, dostumuz, hörmətli Brejnev,
Sülh cəbhəsinin carçısı, qüdrətli Brejnev!
Bir böylə cəlal görməmişik öz yaşımızdan,
Hey zirvələr aşmaq sözü çıxmır başımızdan,
İlham alırıq səndən, əziz qardaşımızdan,
Gəl, gəl ki, səni vəcdə gəlib, gözləyir ellər,
Saysız qızıl əllərdə yenə tər-təzə güllər!

Gəl, yurduma şöhrət gətirirsən gəlişinlə,
Qəlbində məhəbbət gətirirsən gəlişinlə,
Hər qəlbə hərarət gətirirsən gəlişinlə,
Gəl, gəl ki, əziz yoldaşımız, doğma Brejnev,
Yurdumda açıqdır üzünə hər qapı, hər ev!

Nəhayət gözlənilən an yetişir. Bakı yoldaş Brejnevi əziz və istəkli qonaq kimi qarşılayır. 1982-ci ilin 24 sentyabr tarixində Brejnev günəşli Azərbaycan ayaq basır. Binə aeroportunda Leonid İliç ölkə rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılanır. Şəkildən göründüyü kimi, rəhbəri qarşılamağa Azərbaycan SSR KP MK-nın birinci katibi Heydər Əliyev, Nazirlər Soveti sədrinin 1-ci müavini Süleyman Tatlıyev,  Bakı şəhər Partiya Komitəsinin 1-ci katibi Vaqif Hüseynov, Mərkəzi Komitənin katibi Fuad Musayev, Azərbaycan DTK-sının sədri Ziya Yusifzadə gəlib.

Binə aeroportundan maşın karvanı birbaşa V.İ.Lenin adına meydana gəlir. Azərinform-un (indiki AzərTAc-ın) o zaman yaydığl informasiyada belə qeyd edilib: “Leonid İliç Brejnev maşından çıxır... Respublika paytaxtının adlı-sanlı adamlarının bir qrupu, milli libas geymiş uzunömürlülər Leonid İliçə yaxınlaşırlar. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov Bakı şəhərinin fəxri vətəndaşının medalını bakılılar adından hörmətli qonağa təqdim edir”.

Lenin adına meydandan sonra Leonid İliç Brejnev SSRİ Xalqlarının Dostluğu Sarayının ekspozisiyası ilə tanış olmaq üçün Dağüstü parka gəlir. Ekspozisiya ilə tanışlıqdan sonra Brejnev fəxri qonaqlar kitabına ürək sözlərini yazır.
Növbəti gün – sentyabrın 25-də Brejnev yenidən yenidən Lenin adına meydana gəlib proletariatın dahi rəhbərinin abidəsi önünə gül-çiçək qoyur, sonra 26 Bakı komissarının memorialına baş çəkir və burada əklil qoyur, “Şelf-2” üzən qazma qurğusuna baxır, XI qızıl ordunun şərəfinə abidənin ucaldıldığı meydana gedir və burada Böyük Vətən müharibəsinin veteranı, Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov ona sülhün rəmzi kimi, qəbzəsi brilyantlarla bəzədilmiş yadigar qılınc təqdim edir. Daha sonra Brejnev Azərbaycan SSR Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kənd təsərrüfatı” pavilyonuna gedir. Sentyabrın 26-da isə sovet dövlətinin başçısı V.İ.Lenin adına sarayda Azərbaycan SSR-ə Lenin ordeninin təqdim olunmasına həsr olunmuş təntənəli iclasda iştirak və çıxış edir.

Sentyabrın 27-də Brejnev “İl-62” təyyarəsilə Bakı aeroportundan SSRİ-nin paytaxtına –Moskvaya qayıdır.

Yeri gəlmişkən, Leonid İliç elə həmin il Bakıya gəldiyi 24 sentyabr tarixindən 47 gün sonra 10 noyabr 1982-ci il tarixində dünyasını dəyişir.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü