Modern.az

Səməd Seyidov Dillər Universitetinin tələbələrindən danışdı

Səməd Seyidov Dillər Universitetinin tələbələrindən danışdı

Aktual

17 Aprel 2013, 13:25
Aprel 17-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başladı. Konfransda giriş sözü ilə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışaraq bu işdə tələbələrin böyük rolunun olduğunu vurğuladı.  Rektor Universitetdə  yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd etdi.  Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından danışan Səməd Seyidov  ADU-da yüksək səviyyəli mütəxəssislərin yetişdiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı.  ADU-nun beynəlxalq əlaqələrinə toxunan rektor  universitetin  Avropanın bir sıra aparıcı universitetləri ilə, o cümlədən Böyük Britaniyanını Esseks, İpsviç və Qlazqo universitetləri ilə olan əməkdaşlıq əlaqələrinə toxundu.  Universitetdə aparılan islahatlardan söz açan rektor Səməd Seyidov bildirdi ki, yaxınlarda ADU-da Çin Mərkəzi fəaliyyətə başlayacaq. S.Seyidov bu mütərəqqi addımların tədris prosesinin səviyyəsinin artırılmasına xidmət etdiyini bildirdi. Elmli, bilikli tələbələrin gələcəyin yüksək kadrlar olacağına əminliyini ifadə edən rektor  universitetin tələbələrinin  respublika və beynəlxalq səviyyəli tədbirlərdə fəal şəkildə iştirak etdiyini vurğuladı.

Rəhbərlik etdiyi universitetdə 5500 tələbənin təhsil aldığını qeyd edən Səməd Seyidov  TEC-in konfransına 900-ə yaxın məruzənin daxil olduğunu diqqətə çatdırdı.  Rektor  bunun yüksək göstərici olduğunu və tələbələrin elmə göstərdiyi xüsusi münasibət kimi xarakterizə etdi.
Səməd Seyidov çıxışının sonunda professor-müəllim heyətinə minnətdarlıq etdi və konfransın işinə uğurlar dilədi. 

Sonra tələbələrin çıxışları dinlənildi. Pedaqoji  fakültənin 201-ci qrup magistrı Röya Məmmədova  “Leksik-funksional qrammatikanın əsasları”, Filiologiya və Jurnalistika fakültəsinin 386-cı qrup tələbəsi Samir Hümbətov “Fransa Azərbaycan mədəni əlaqələri”, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 356-cı qrup tələbəsi Aynur Əzimova “Dağlıq Qarabağ münaqişəsi: müasir tendensiyalar və gələcək ssenarilər” və  Tərcümə fakültəsinin 129-ci qrup magistrı  Gülnarə Əfəndiyeva “İspan dilində “Oyala” sözünün mənşəyi və Azərbaycan dilinə tərcüməsi haqqında ” mövzularında çıxışlar etdilər.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat verdi. Prorektor  20 bölmədən ibarət olan konfransda 900-ə yaxın məruzənin dinləniləcəyini bildirdi.  
Konfrans bölmə iclasları ilə öz işini davam etdirir. Yekun iclas isə aprelin 19-da olacaq. Xatırladaq ki,  ötən il  TEC-in konfransına 1000-ə yaxın məruzə təqdim edilmişdi.

 




Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!