Modern.az

69 gündür davam edən aksiya: Nəyə nail olduq...

69 gündür davam edən aksiya: Nəyə nail olduq...

Qarabağ

18 Fevral 2023, 11:34

Laçın-Xankəndi yolunda keçirilən dinc aksiya böyük effekt verib.

 

Bunu Modern.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, 69 gündür davam edən aksiyanı uğurlu hesab etmək olar:

 

"Həmin ərazilərdə suverenliyin Azərbaycana məxsus olduğu əyani sürətdə təsdiq olundu. Azərbaycanın faydalı qazıntı yataqlarını istismar edən beynəlxalq təşkilatlar fəaliyyətlərini dayandırdı. Laçın yolu ilə silah-sursat daşınmasına və yoldan digər məqsədlər üçün istifadə edilməsinə son qoyuldu. Aksiya bütün dünyaya Azərbaycanın ərazilərində suverenliyi təmin etmək istədiyini göstərdi. Məncə, aksiyanın keçirilməsi ilə bir çox məqsədlərə nail olmuşuq".

 

 

Ekoloji aksiyanın nə vaxta qədər davam edəcəyinə gəlincə, sabiq dövlət müşaviri deyib: "Azərbaycanın sözügedən ərazilərindəki suverenliyi tanınana, oradakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul edənə qədər aksiya davam edəcək".

 

İlk gündən aksiyanın fəal iştirakçılarından olan jurnalist, “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev isə prosesin bu qədər uzun çəkəcəyini gözləmədiklərini bildirib:

 

"Əlbəttə, biz ilk gündən başladığımız aksiyanın bu qədər davam edəcəyini düşünməmişdik. Hesab edirdik ki, 2022-ci ilin dekabrın 12-nə qədər Azərbaycanın müvafiq qurumları ilə bölgədə mövcud olan Rusiya sülhməramlı kontingenti arasında baş verən qeyri-müəyyənlik tezliklə aradan qaldırılacaq. Yəni, Azərbaycan terrora məruz qalan yataqlarla bağlı montorinq keçirə biləcək. Təəssüf ki, dekabrın 12-nə qədər edilən cəhdlər uğursuz oldu. Belə olan halda vətəndaş cəmiyyəti institutları və ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirmək məcburiyyətində qaldı. Bu o demək idi ki, Azərbaycan ictimaiyyəti suveren torpaqlarında baş verənlərdən xəbərdar olmaq istəyir.

 

Aksiyanın ilk günü elan etdiyimiz şüarlar bu gün – yəni 69-cu gündə də ekofəallar tərəfindən səsləndirilir. Biz bu şüarlarla dünya ictimaiyyətini və beynəlxalq təşkilatları bölgədə hökm sürən nəzarətsizlikdən xəbərdar edirik. Demək istəyirik ki, bizə məxsus yerlərdə nə baş verdiyindən xəbərsizik. İranın, Rusiyanın və Ermənistanın Azərbaycanın suveren torpaqlarında hansı işlərlə məşğul olduğunu bilmirik".

 

 

Jurnalistin fikrincə, aksiya Azərbaycan cəmiyyətinin, xüsusən də vətəndaş cəmiyyəti institutlarının post-müharibə dövründə Qarabağda baş verən proseslərdə aktiv iştirakının göstəricisidir:

 

"Düşünürəm ki, səsimizi dünyaya kifayət qədər çatdıra bilmişik, amma dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatların prosesə ədalətli yanaşmasını görmürük. Əlbəttə, bu məsələnin ikinci tərəfidir. Onlar daha çox ermənilərin təxribatçı “blokadadayıq” kimi informasiyalarının girovuna çevriliblər, problemə də bu nöqteyi-nəzərdən yanaşırlar. Bununla paralel Ermənistan hakimiyyəti dünyaya bəyan edir ki, biz Azərbaycana sülh müqaviləsi təklif etmişik. Burada ictimaiyyət üçün bəlli olmayan hansısa təkliflərdən söhbət gedir. Bilirsiniz ki, dünyada sülhlə bitən yüzlərlə müharibə təcrübəsi var. Belə müharibələrin sonunda adətən qalib tərəf hansısa təkliflə çıxış edir və tələblərini səsləndirir. Biz bu gün bunun tam əksini müşahidə edirik. Ermənistan 10 noyabr sazişini qoyub bir tərəfə, hansısa təkliflər ətrafında manipuliyasiya edir. Bu da qəbuledilməzdir".

 

Məlumat üçün bildirək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası 69 gündür davam edir.

 

 

Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Onlar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər.

 

Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus 74 avtomobil maneəsiz hərəkət edib.

 

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

 

 

 

Turqay Musayev

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!