Modern.az

Azərbaycanda nə qədər saxta diplomlu müəllim var...

Azərbaycanda nə qədər saxta diplomlu müəllim var...

Təhsil

1 Aprel 2023, 18:38

Azərbaycanda orta məktəb müəllimlərinin bəzilərinin saxta diplomlu olması heç kimə sirr deyil. Rəsmi qurumlar dəfələrlə bu mövzuda açıqlamalar verib, problemdən xəbərdar olduqlarını diqqətə çatdırıblar. Lakin müxtəlif yollarla diplom əldə edən dırnaqarası müəllimləri müəyyən edərək, onların hamısını təhsil ocaqlarından uzaqlaşdırmaq hələ ki mümkün olmayıb. Bu isə şagirdlərin keyfiyyətli təhsil almasına ciddi mane olmaqla yanaşı, gələcək nəsillər üçün böyük təhlükə vəd edir.

 

Bəs Azərbaycan məktəblərində nə qədər saxta diplomlu müəllim var?

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ən çox saxta diplom verən yer Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı olub.

 

“İlk növbədə qeyd edim ki, tələbələrə ən çox saxta diplom verən yer Müəllimlər İnstitutunun Gəncə filialıdır. Ali təhsil müəssisəsinin adı ilə alınıb təhsil sistemində işlənilən diplomlar 600-dən çoxdur.  Ədalət naminə demək lazımdır ki, saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il əvvəlki faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Bunun səbəblərini müxtəlif şəkildə izah etmək olar.

 

Xatırlayırsınızsa, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (İndiki Dövlət İmtahan Mərkəzi-red) sədri Məleykə Abbaszadə saxta diplomlarla bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfərin TQDK-nın “qara baza”sına düşdüyünü və həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi. Saxta diplomların əsasən köçürmələrlə bağlı olduğunu qeyd etmək lazımdır. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən abituriyentlər xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul edilirdi. Sonra Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunurdular”, - deyə o bildirib.

 

 

Ekspert hesab edir ki, saxta diplomların verilməsi cəzasızlıqdan qaynaqlanır:

 

“Xatırladım ki, Azərbaycan Beynəlxalq Universiteti tədrisin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlara görə bağlanandan sonra həmin ali məktəbin diplomları qəbul olunmadı. Məhkəmə prosesi hələ də davam edir. Misir Mərdanovun nazir olduğu dövrdə bir neçə müəllim işdən azad olundu. Amma məhkəmə bunları yenidən bərpa etdi. Saxta diplom məsələsinin başlıca səbəbi cəzasızlıqdan qaynaqlanır. Saxta diplom məsələsinə görə hansısa universitetin rektoru və nazirlikdə kiminsə cəzalandırılmasına rast gəlməmişik. Məhz “cəzasızlıq sindromu”na görə bu kimi hallar baş verib. Sovet dövründə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu fəaliyyət göstərirdi. Sonradan bu İnstitutun istiqaməti dəyişdirilərək Azərbaycan Müəllimlər İnstitutu oldu. Eyni zamanda, bu İnstitutun bölgələrdə 11 filialı yaradıldı, o cümlədən Gəncədə. Bir müddətdən sonra burada böyük korrupsiya faktları aşkarlandı və bu səbəblə bir neçə filial bağlandı. 2015-ci ildə Prezident Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzaladı. Beləliklə, diplom istehsal edən ən böyük müəssisə fəaliyyətini dayandırdı”.

 

Diplomların saxta olmasının necə müəyyən edilməsinə gəlincə, ekspert deyib:

 

“Elm və Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir və dəqiqləşdirmə aparılır. Əgər universitetin lisenziyası yoxdursa və ya nostrifikasiyadan keçməyibsə, onun verdiyi diplom saxta hesab olunur”.

 

 

Kamran Əsədov saxta diplom problemindən çıxış yolunu elektron baza yaradılmasında gördüyünü vurğulayıb:

 

“Ölkəmiz müstəqillik əldə etdikdən sonra sosial-iqtisadi sahədə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar əmələ gəldi. Təhsil haqqında qanunun qəbul olunması 15 ilə qədər ləngidi. Digər normativ hüquqi bazanın yaradılması istiqamətində lazımi iş aparılmadı. Fürsətdən istifadə olunub, 70-dən çox ali və orta təhsil müəssisələri yaradıldı. Bu müəssisələrin əksəriyyəti özəl idi. Onların da bazası formalaşmadı. Bu hal qanunvericilikdə olan müəyyən boşluqlara və təhsil müəssisələrində saxtarkarlıq elementlərinin baş verməsinə səbəb oldu. İllər sonra özəl ali məktəblərdə islahatlara start verilidi. Bir neçə universitet – Azərbaycan Beynəlxalq Universiteti, Təfəkkür Universiteti, Moskva Dövlət Açıq Univeristetinin Bakı filialı bağlandı. Bu sahədə rasionallaşma, optimalaşma baxımından tədbirlər həyata keçirilirdi. Bir sıra universitetlər bağlandı, digərləri birləşdi və kolleclər universitetlərin nəzdinə verildi. Bu hərəkətlilik və dəyişikliklər müəyyən vaxtlarda boşluqlar yaratdığı üçün bəzi şəxslər vəziyyətdən istifadə edib saxta diplomlar hazırlayırdılar. Belə “xroniki xəstəliyi” birdən-birə aradan qaldırmaq mümkünsüz dərəcədə çətindir. Burada mətbuatın rolu böyükdür. Korrupsiya, saxtakarlıq halları mətbuat tərəfindən qabardıldı və yüksək səviyyələrə qədər qaldırıldı. Mətbuatın rolu, ictimaiyyətin təpkisi olmasaydı, bu proses hələ də çiçəklənməkdə davam edəcəkdi. Hesab edirəm ki, elektron baza olmalıdır. İşə götürən işçini qəbul etdikdən sonra rahatlıqla həmin portala daxil olub verilmiş diplomun həqiqi, yoxsa saxta olduğunu yoxlaya bilər”.

 

Aytac Əsədova

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü