Modern.az

Yeni səfirin işi asan olmayacaq - Kiyevdəki soydaşlarımızdan REAKSİYA

Yeni səfirin işi asan olmayacaq - Kiyevdəki soydaşlarımızdan REAKSİYA

Diaspor

24 May 2023, 09:28

Ötən gün Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirini dəyişdirib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Elmira Axundova Kiyevdən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb.

 

Ukraynada müharibə başlayandan dərhal sonra Bakıya qayıdan Elmira Axundovanın fəaliyyəti zaman-zaman tənqid olunurdu. Onun Ukraynada köməksiz vəziyyətdə qalan azərbaycanlıların problemlərinə biganə yanaşdığı deyilir, vəzifəsindən uzaqlaşdırılması barədə təkliflər səsləndirilirdi. 

 

Bəs yeni səfirdən gözləntilər nələrdir? Ukraynada yaşayan soydaşlarımız bu haqda nə düşünür?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov bildirib ki, diaspor təşkilatları olaraq yeni səfirə dəstək verəcəklər:

 

“Dövlətimiz və millətimiz üçün xeyirli olsun. Cənab Prezident kimi hara təyin etdiyini özü yaxşı bilir. Yeni səfir dövlətimiz və millətimiz üçün əlindən gələni edəcək. Ukraynada yaşayan azərbaycanlılar olaraq, diaspor olaraq, səfirimizin arxasıyandıq. Hamımız birləşib Azərbaycanımız, millətimiz üçün əlimizdən gələni edəcəyik”.

 

 

E.İbrahimov Ukraynadakı azərbaycanlıların həllini gözləyən problemlərindən də söz açıb:

 

“Ukraynadakı vəziyyət hamıya məlumdur. Hər gün, hər an vəziyyət dəyişir. Ona uyğun olaraq işimizi qururuq. Bizim həmvətənlərimiz arasında müharibədə həlak olanlar var.  İstər mülki, istərsə də orduya çağırılan əslən azərbaycanlı olan Ukrayna vətəndaşları həlak olublar. Onların nəşlərinin Azərbaycana gətirilməsi problemi ilə qarşılaşırıq. Onların öz vətənlərində dəfn olunması hazırda aktual problemdir. Fevralın 24-dən Ukrayna hava məkanlarının bağlı olması səbəbindən gəliş-gediş çətinləşib. Yeni səfirin bu məsələni həll edəcəyini düşünürük. Biz həmişə səfirliklə sıx işləyirik”. 

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Ceyhun Məmmədov isə yeni səfirin işinin asan olmayacağını bildirib:

 

“Bu gün Azərbaycan da, Ukrayna da mürəkkəb geosiyasi vəziyyətdədir. Yeni səfirin işi heç də asan olmayacaq. Münasibətləri qaydaya qoymaq asan məsələ deyil. Burada Rusiya və Avropa məsələsini vurğulamaq lazımdır. Dünyanın bütün demokratik dövlətləri Rusiyaya qarşı birləşib. Azərbaycan da Ukraynanı dəstəkləyir. Azərbaycanla Ukrayna arasında isti münasibətlər var. Azərbaycan Ukraynaya humanitar yardımlar edir. Müharibə başlayandan bəri cənab Prezidentin tapşırığı ilə SOCAR-ın benzindoldurma stansiyalarında Ukraynanın Fövqəladə Hallar Nazirliyinin maşınları pulsuz benzinlə təmin olunur. Azərbaycanın Rusiya ilə isti münasibətlərinin olmasına baxmayaraq, Ukraynaya yardımlar davam etdirilir. Qışda Rusiya Ukraynanın enerji infrastrukturunu vuranda Azərbaycan transfarmatorlar, həm də generatorlar göndərdi. Ümumiyyətlə,  Azərbaycanın xarici siyasət xəttində dəyişiklik olmayacaq. Müharibə başlayandan sonra müəyyən səbəblərə görə, Elmira xanım ölkəni tərk etmişdi. O, bunu özbaşına edə bilməzdi. Yəqin ki, Azərbaycanda razılaşdırılmışdı”.

 

 

Ceyhun Məmmədovun sözlərinə görə, yeni səfirin gəlməsi ilə Ukrayna-Azərbaycan münasibətləri daha aktiv fazaya keçəcək:

 

“Ümumiyyətlə, Azərbaycanın xarici siyasətini hər hansı bir səfir təyin etmir. Bu, Azərbaycan Prezidenti tərəfindən müəyyən olunur. Yeni səfir də bu xətti davam etdirəcək. Burada hər hansı dəyişiklik olmayacaq. Səfirliyin daxili işində müəyyən dəyişikliklər ola bilər. Onu da zaman göstərəcək. İndidən nəsə demək tezdir. Bu gün səfirliyimizin fəaliyyəti bəzilərinin xoşuna gəlməsə də, mən şəxsən evakuasiya dövründəki fəaliyyətindən razı qaldım”.

 

Qeyd edək ki, Seymur Mərdəliyev uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) müxtəlif vəzifələrdə çalışıb. O, eyni zamanda XİN-də humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri vəzifəsini icra edib.  

 

2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.  

 

S.Mərdəliyev 2019-cu il dekabrın 26-dan etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində işləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü