Modern.az

Qərbi Azərbaycana qayıdış danışıqlar masasında - Ermənistan küncə sıxışdı

Qərbi Azərbaycana qayıdış danışıqlar masasında - Ermənistan küncə sıxışdı

Qərbi Azərbaycan

25 İyul 2023, 10:20

Qərbi Azərbaycan mövzusu rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biridir. Tarixi torpaqlarımıza qayıdış məsələsi beynəlxalq müstəvidə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə Brüsseldə keçirilən üçtərəfli görüşdə qaldırılıb.

 

İyulun 15-də baş tutan görüşdən sonra mətbuata verilən açıqlamada bildirilib ki, Qərbi Azərbaycan İcması və onların qayıdışı məsələsi müzakirə mövzusu olub. Detallar məlum olmasa da, Azərbaycandan qoparılaraq Ermənistana verilən torpaqlarımıza qayıdış məsələsinin liderlərin görüşündə gündəmə gətirilməsi böyük siyasi əhəmiyyət daşıyır.


Deputat Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Qərbi Azərbaycan mövzusunun Brüssel görüşündə müzakirə olunması çox önəmlidir.


“Tarixə baxdıqda görərik ki, çoxlu sayda vətəndaşımız tarixi torpaqlarımızdan deportasiya olunublar. Zəngəzur dəhlizinin keçəcəyi torpaqlardan tutmuş, digər ərazilərdə də azərbaycanlılar yaşayıb. Tarixi faktlar bunu təsdiqləyir. Onu da qeyd edim ki, son dövrlər 250 min azərbaycanlının geri dönüşü ilə bağlı davamlı işlər aparırıq”,- parlamentari deyib.

 

 

C.Məmmədov vurğulayb ki, Ermənistan Qərbi Azərbaycanla bağlı müzakirələrdən narahatdır və bu mövzuda danışıqların aparılmasını istəmir:

 

“Danışıqlar masasında belə bir məsələnin müzakirə olunması çox önəmlidir. Vaxtilə vətəndaşlarımızın yaşadığı yerə indi geri dönmələri bizim üçün vacib məsələdir. Bu gün Ermənistan rəhbərliyi və əhalisi Qarabağda yaşayan ermənilərin hüquqlarından bəhs edirlər və onlara şərait yaradılmasını istəyirlər. Ona görə bizim də haqqımızdır ki, vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıtmasını təmin edək. Ümumiyyətlə, biz bilirik ki, indiki Ermənistan ərazisi Azərbaycan torpaqlarıdır. Orada bizim qəbiristanlıqlarımız, məscidlərimiz və abidələrimiz dağıdılıb. Belə bir vacib məsələnin Prezident İlham Əliyevin rəhbərliyi ilə masaya gətirilməsi önəmlidir. Əslində Ermənistan belə müzakirənin aparılmasını istəmir. Lakin İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan bu məsələnin müzakirəyə çıxarılmasına nail oldu”.

 


Politoloq Tofiq Abasov hesab edir ki, ölkə rəhbərliyinin Qərbi Azərbaycanla bağlı siyasəti çox doğru istiqamətdədir.

 

"Bu məsələ o qədər aktualdır ki, yan keçmək olmaz. Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabrında, yəni özünün doğum günündə bu məsələni gündəmə gətirdi ki, dünya birliyi burada nə baş verdiyini bilsin. Təbii ki, bizim 100 minlərlə insanımızın haqqı tapdalanıb. Vətəndaşlarımıza qarşı zorakılıq edilib. Ancaq bütün dünya demək olar ki, ermənilərin ağlamağına diqqət göstərməyə çalışır. Bu işlərin önündə gedən informasiya təminatıdır. Biz bunu son dərəcə gücləndirdik. Çünki dünya birliyi bilməlidir ki, Cənubi Qafqazda vəziyyət niyə son dərəcə ağırdır və bunun günahkarı kimdir. Hesab edirəm ki, Qərbi Azərbaycanla bağlı ölkəmizin apardığı siyasət son dərəcə müdrik və səlisdir. Biz soydaşlarımızı dədə-baba torpaqlarına qaytarmalıyıq. Hazırda 25 min erməni Qarabağda yaşayır. Onlar göstərməyə çalışırlar ki, guya hüquqları pozulur. Biz isə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın tapdalanmış hüquqlarını dünya birliyinə çatdırmalıyıq", - deyə politoloqda qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir