Modern.az

Qayıdışın ilk ünvanı - Nüvədi

Qayıdışın ilk ünvanı - Nüvədi

Qərbi Azərbaycan

4 Avqust 2023, 18:58

Əzəli Azərbaycan torpağı olan İrəvan mövzusu dövlətimizin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Tarixi torpaqlarımıza qayıdış məsələsi beynəlxalq müstəvidə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə 15 iyul 2023-cü ildə Brüsseldə keçirilən üçtərəfli görüşdə qaldırılmışdır. Görüşdən sonra mətbuata verilən açıqlamada bildirilib ki, bir çox məsələlərlə yanaşı, Qərbi Azərbaycan İcması və onların qayıdışı məsələsi də müzakirə mövzusu olub. Təxminən 100 il bundan əvvəl Azərbaycandan qoparılaraq Ermənistana verilən dədə-baba torpaqlarımıza qayıdış məsələsinin liderlərin görüşündə gündəmə gətirilməsi böyük siyasi əhəmiyyət daşıyır. Təkcə 1988-1991-ci illərdə Ermənistanın 260-dan çox azərbaycanlı yaşayan kəndlərindən 300 minə yaxın soydaşımız deportasiya olunmuşdur. Bu gün erməni şovinistləri Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların taleyinin müzakirəsindən narahatdırlar.

 

Ermənistan rəhbərliyi və əhalisi Qarabağda yaşayan ermənilərin hüquqlarından bəhs edərək onlara Azərbaycan torpaqlarında xüsusi şərait yaradılmasını tələb edirlər. Bəs, biz niyə 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə əzəli torpaqlarından qovulan vətəndaşlarımızın tarixi yurd yerlərinə qayıtmasını tələb və təmin etməyək? Dünya birliyi yaxşı bilir ki, indiki Ermənistan ərazisi Azərbaycanın qədim torpaqlarıdır. Həmin ərazilərdə qəbiristanlıqlarımız, məscidlərimiz və abidələrimiz erməni millətçiləri tərəfindən dağıdılıb, izlərimizi itirməyə çalışıblar. Belə bir vacib tarixi məsələnin də Prezident İlham Əliyev tərəfindən beynəlxalq müstəvidə müzakirəyə çıxarılması təqdirəlayiqdir.

 

Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabrında, özünün doğum günündə məsələni gündəmə gətirərək bir daha dünyanın diqqətinə çatdırmışdı. XX əsrdə Sovet imperiyasının əli ilə qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətində 100 minlərlə soydaşımızın haqqı tapdalanmış, həmyerlilərimizə qarşı ədalətsizliklər, zorakılıqlar edilmiş və əsrin sonlarında ata-baba torpaqlarından tamamilə qovulmuşlar. Dünya birliyi Cənubi Qafqazda vəziyyətin ağır olmasının günahkarının kim olduğunu bilməlidir. Hazırda Azərbaycanda 60-65 min, o cümlədən Qarabağda 25-30 min erməni yaşayır. Dünya erməniləri və Qarabağ separatçıları göstərməyə çalışırlar ki, guya Qarabağda yaşayan ermənilərin hüquqları pozulur. Bəs, XX əsrin müxtəlif vaxtlarında Ermənistandan qovulmuş bir milyondan artıq soydaşımızın tapdalanmış hüquqları dünya birliyini niyə maraqlandırmır? Azərbaycan xalqı tolerant xalqdır, 30-a yaxın müxtəlif millət və xalqların on minlərlə nümayəndələri ölkəmizdə dinc şəraitdə yaşayır, Azərbaycanı öz doğma vətənləri kimi sevirlər. Bu, özünü İkinci Qarabağ müharibəsində bir daha əyani şəkildə göstərdi. Bütün azərbaycanlılar ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsinə görə qürur duyur və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib.

 

Araz çayının sol sahilində yerləşən, Qədim Oğuz yurdunun bir parçası olan Zəngəzur mahalının Nüvədi kəndində, 1991-ci il avqust ayının 8-nə kimi azərbaycanlılar yaşamış, bu tarixdən sonra qədim Azərbaycan kəndi erməni təxribatlarının qurbanı olmuşdur.

 

Azərbaycanın Füzuli şəhərindən 14 kilometr şimal qərbdə yerləşən, daş dövrü insanlarının yaşayış yeri kimi məşhur olan Azıx mağara kompleksinin aşkar edilməsi Cənubi Qafqazın qədim yaşayış yerləri olması haqqında dəqiq və qəti fikir söyləməyə imkan verir. Aparılan elmi-tədqiqat işləri göstərir ki, çox-çox qədimdən bu yerlərdə azərbaycanlılar yaşamışlar, ermənilər kimi son 200 ildə bu torpaqlara köç etməmişlər.

 

Yazılanlar və aparılan araşdırmalar göstərir ki, nüvədililər Nüvədiyə başlanğıcını Hüseyn bəy çəmənliyindən, Miyanbutun dağının ətəklərindən alan, Nüvədi çayının düzənlik orta məsafəsində yerləşən Kəndçayı adlanan kənddən köçüb gəlmişlər.

 

Nüvədinin adı haqqında bir neçə fərziyyə və fikirlər vardır. Onlardan ikisini açıqlamaq istəyirəm. Kəndin ilk sakinləri olan Kazımlılar onu "Novdeh", yəni "Yenikənd" və ya "Təzəkənd" (farsca "nov" yeni, təzə, "deh" isə kənd deməkdir) adlandırmışlar. 86 illik ömrünü Nüvədidə yaşayıb, gənclərin təlim-tərbiyəsinə, təhsilinə həsr etmiş Əhmədəli müəllim yazdığı əsərlərdə kəndin adının Nohvadı - ("noh" farsca doqquz deməkdir) yerləşdiyi, doqquz vadinin kəsişdiyi ərazinin adından götürüldüyünü yazır. Uzun illər bu adlar dəyişərək Nügədi, Nüyədi, Nüvədi və s. olmuşdur.

 

Naxçıvan Muxtar Respublikasını Azərbaycandan ayıran Qərbi Zəngəzur mahalının Mığrı rayonunun Nüvədi kəndində anadan olmuş, orta təhsilini orada başa vurmuş bir azərbaycanlı kimi bu bölgə haqqında bildiklərimi oxuculara çatdırmaq istəyirəm. Naxçıvanı Azərbaycandan ayıran məsafə təxminən 45 kilometr olub, onun 24 kilometri Nüvədi kəndinin ərazisinə aiddir. Zəngilan rayonunun Nüvədi kəndi ilə qonşu Ağbənd kəndindən Mığrı rayonunun Astazur kəndinə kimi vaxtilə Bakıdan Naxçıvana və İrəvana gedən qatarlar Ağbənd stansiyasından sonra Nüvədi ərazisində yerləşən Sığırtda, sonra Nüvədi stansiyasında, daha sonra razyezd Nüvədidə, sonra isə Astazur kəndində bir neçə dəqiqə dayanırdı. Razyezd Nüvədidən Astazur erməni kəndinə qədər sərt dağlıq ərazi olduğuna görə dəmiryolu Arazdan uzaq məsafədə çəkilmişdir. Hətta dağları yarmaq çox çətin olduğundan 1940-cı ildə texniki imkanların çox da geniş olmadığı bir dövrdə dəmiryolu xəttinin keçməsi üçün həm Sığırt, həm də razyezd Nüvədi yaxınlığında tunel çəkilmişdir. Həmin tunellər SSRİ tərəfindən mühafizə olunurdu. Sığırt və razyezd Nüvədidə həm də zastavalar yerləşirdi. Araz çayı boyu sərhədə tikanlı məftillər çəkilmir (sistem), sistemə elektrik cərəyanı buraxılmışdır. Hətta, Nüvədi kəndinə və kəndin suvarılan torpaqlarına motorlarla borular vasitəsilə Araz çayından su vurmaq üçün hər gün zastavalardan icazə alınmalı idi.

 

Ulu öndər Heydər Əliyev 80-ci illərin ortalarında Moskvada işləyərkən, bilavasitə Onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı-Naxçıvan şose yolunun çəkilməsinə başlanmışdır. Yol Bakıdan Nüvədi zastavasına kimi (434 km), Naxçıvandan isə Mığrı rayonunun Aldərə kəndinə qədər çəkilmişdir. Erməni şovinistləri Nüvədi-Astazur arası təxminən 10 km və Astazur-Aldərə arası isə təxminən 5 km asfalt yolun çəkilməsinə və bununla da Bakı-Naxçıvan birbaşa şose yolunun birləşdirilməsinə imkan vermədilər. Moskvaya yazıb bildirdilər ki, guya bu yol Bakı-Mincivan-Qafan-Oxçu-Maralzəmi-Lehvaz-Mığrı-Naxçıvan ərazilərindən keçməklə hazırdır, Nüvədi-Aldərə yolunu çəkməyə ehtiyac yoxdur, bu əlavə xərcdir. Əslində isə onlar bunu etməklə həm Bakı-Naxçıvan yolunu təxminən 140 km uzadır, həm də dağ şəraitində payız-qış aylarında beş-altı ay gediş-gəlişi mümkünsüz edirdilər.

 

Nüvədi müasir şəhər tipli kənd idi. 1940-cı ildə Nüvədidən keçməklə Bakı-Culfa dəmiryolu, 1949-cu ildə isə kəndə elektrik işığı çəkilmişdir. Nüvədidə iki və üçmərtəbəli yaşayış evləri, müasir məktəb binası, xəstəxana, poçt-teleqraf, əmanət kassası, baytarlıq məntəqəsi, lazım olan bütün sosial-mədəni xidmət sahələri var idi. Hər evdə televizor, telefon, maye qaz balonlarından istifadə olunurdu. Nüvədi qadınlarının toxuduğu xalı və kilimlər, rəngbərəng geyimlər, xurcunlar, yun corablar və s. göz oxşayırdı. Nüvədinin çirişi və çaşırını, qoz və palıd ağaclarının içində arıların topladığı balını, ovçuların ovladığı kəklik, dağ keçiləri və cüyürlərini erməni "dostlarına" göndərdikləri ayı və qaban ətlərini nüvədililər indi də xatırlayırlar.

 

Ta qədim zamanlardan əhalinin əsas peşəsi maldarlıq (davarçılıq) və bağçılıq olmuşdur. Nüvədinin 19 min hektar torpaq sahəsinin 16 min hektarı əkinəyararlı torpaq sahəsi idi. Nüvədi kəndi hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi.

 

Nüvədi kəndi Mığrı rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 15 kəndi, 15 min əhalisi olan rayonun 6 min nəfəri azərbaycanlılar idi. Nüvədi öz gözəlliyi, təbii sərvətləri, dadlı meyvələri, şəffaf bulaqları, Baba Hacı, Sultan Səlim, Əbdül Ata kimi tarixi abidələri ilə tanınırdı. Ərazi böyüklüyünə görə Ermənistanın kəndləri arasında birinci yerdə dururdu. Nüvədi narı, üzümü, ənciri, şaftalısı, əriyi və s. meyvələri ilə məşhur idi. Bu meyvə plantasiyalarının salınmasında kənd rəhbərlərindən Aslan Məmmədovun, Yadulla Quliyevin, İnşallah Cəfərovun, Əhmədəli Əliyevin, Məhiş Abbasovun, Cəlal Əliyevin, Həzi Musayevin, Həsən Musayevin, Mayil Amanovun, Nadir Cəfərovun, Məmməd Rüstəmovun və başqalarının böyük əməkləri olub.

 

Nüvədililər 1905-1907, 1918-1920, 1988-1991-ci illərdə erməni işğalına məruz qalmışlar. 1948-1952-ci illərdə Ermənistan hökuməti Ermənistandakı digər Azərbaycan kəndləri ilə yanaşı, Nüvədini də boşaldıb, əhalisini Mingəçevirə köçürmək üçün dəfələrlə kənd camaatına müraciət edir. Amma nüvədililər İ.V.Stalinin "...bu könüllüdür", - sözündən istifadə edərək köçməyiblər.

 

1991-ci il avqust ayının 8-də Nüvədi kəndinin camaatı Ermənistandan üçüncü dəfə qovulan sonuncu azərbaycanlılar idi. Ulu öndər Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqlarının müdafiəsi uğrunda göstərdikləri müqaviməti yüksək dəyərləndirərək - "Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır", - demişdir.

 

Nüvədi kəndi həm də ziyalılar kəndi olub, nüvədililər bu kənddən çıxmış alimləri, müəllimləri, həkimləri, aqronomları və digər tanınmış insanları ilə fəxr edirlər. Sovet dövründə ermənilərin Nüvədi kəndini "alimlər kəndi" adlandırmaları heç də təsadüfi deyildi. Nüvədi kənd məktəbini bitirən məzunlardan iki akademik, 9 nəfər elmlər doktoru, yüz nəfərə yaxın elmlər namizədinin yetişməsinin bünövrəsi məhz Nüvədi kəndinin müəllimlərinin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğısı ilə qoyulmuşdu. Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı, bir neçə dəfə Azərbaycan və SSRİ Ali Sovetlərinin deputatı seçilmiş İsrafil Hüseynov, Azərbaycan Respublikasının Əməkdar rəssamı, ustad şair Şəhriyarın əsərlərinə çəkilən illüstrasiyaların müəllifi Fəxrəddin Əliyev Nüvədi məktəbinin yetirməsidir.

 

Nüvədi kəndində fəaliyyət göstərən ilk mədrəsənin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini Mir Mahmud ağa tərəfindən qoyulmuşdur. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları camaatın savadlanmasının qayğısına qalır, çox çətinliklə də olsa öz məqsədlərinə nail olurdular.

 

Böyük Vətən müharibəsində Nüvədi oğulları alman faşist işğalçılarına qarşı fədakarlıqla vuruşmuş, 66 şəhid vermişlər. Birinci və İkinci Qarabağ döyüşlərində Nüvədinin Xəqani Qurbanov, Orxan Hüseynov, Həzrətəli Tahirov, Rauf İbadov, Əvəz Rəhimov, Allahverdi Hacıyev, Nizaməddin Allahverdiyev, Təyyar Tahirov kimi oğulları şəhid olmuşlar.

 

Biz nüvədililər gələcəyə inamla baxır, inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində tezliklə öz doğma dədə-baba torpaqlarımıza qayıdacaq və orada əbədi yaşayacağıq.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi, iqtisadi sahələrdə apardığı sürətli yenidənqurma siyasətini bütün nüvədililər ürəkdən bəyənir, dəstəkləyir, dəmir yumruğun həmişə düşmənlərimizin, Azərbaycanı istəməyənlərin başı üzərində olmasını Ulu Tanrıdan arzu edirlər. Biz bir daha inanırıq ki, Qarabağa başlayan Böyük Qayıdış kimi, Qərbi Azərbaycana da Böyük Qayıdış Ermənistanın cənub şərq qapısı Nüvədidən başlayacaqdır. Ümummilli lider Heydər Əliyev demişdir: "... XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mığrı rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır".

 

Mığrı ərazisi Nüvədi kəndi ilə birlikdə Ordubad qəzasına daxil edilərək, 1849-cu ildə ilk dəfə yaradılmış İrəvan quberniyasına, mərkəzlə məsafə uzaq olduğuna görə bir neçə vaxt sonra isə Zəngəzur qəzasına verilmişdir. Gəncə quberniyasının Zəngəzur qəzası 1920-ci ildə Azərbaycan torpaqları hesabına yeni yaradılmış Ermənistan Respublikasına veriləndən sonra, Zəngilan rayonu ilə sərhəddə yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuş, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qərarı ilə Nüvədi, Ernəzir və Tuğut kəndləri öz torpaqları ilə Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Mığrı qəzasının inzibati idarə edilməsinə verilmişdir (3 №-li Protokol). Bu sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılıb, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə "qanuniləşdirilib", Zəngilan rayonunun tərkibindən çıxarılıb.

 

1991-ci ilin avqust ayının 8-nə kimi Nüvədidə 300 ailə olmaqla 1500-dən çox azərbaycanlı yaşamışdır. İndi bu ailələr artaraq 1000-dən çox ailə, 5 mindən çox sakin olmuşdur. Son vaxtlar erməni saytlarının verdiyi məlumatlara görə, kənddə cəmi 44 ailə olmaqla 133 erməni yaşayır. 2006-cı ildə Ermənistanın digər ərazilərində olduğu kimi, Nüvədinin də adı erməniləşdirilərək Nrnadzor (Narlı dərə) adlandırılmışdır. Kənddəki evlər, ictimai binalar dağıdılıb, xarabazara çevrilmişdir. Amma bu, nüvədililəri qorxutmur. Qayıdacaq, quracaq, yaradacaq və əbədi yaşayacağıq.

 

Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il aprel ayının 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir: "...o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun ovaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq".

 

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtması üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı unikal siyasəti dərindən dəstəkləyir, qayıdışı səbirsizliklə gözləyir və buna az vaxt qaldığına inanırıq. Qərbi Azərbaycana ilk qayıdan onun cənub-şərq qapısını ən son tərk etmiş Nüvədi kəndinin sakinləri olacaqdır.

 

İsmayıl Əliyev,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir