Modern.az

Acunla görüşə gedənlər xəyal qırıqlığı yaşadı: Bakıya gəldi, aldatdı, getdi...

Acunla görüşə gedənlər xəyal qırıqlığı yaşadı: Bakıya gəldi, aldatdı, getdi...

Media

23 Oktyabr 2023, 11:38

Türkiyənin məşhur iş adamı, TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalının dünən Bakıda keçirilən seminarına gedənlər xəyal qırıqlığına uğrayıblar.

Modern.az-ın məlumatına görə, tədbirin iştirakçıları sosial şəbəkələrdə narazılıqlarını ifadə edərək, yarızarafat-yarıciddi Acunun onları aldatdığını yazıblar.

Çünki təşkilatçılar əvvəldən elan etmişdilər ki, “İnnovativ inkişaf və fürsətlər” adlı seminara gələnlər bolluca motivasiya alacaq, varlanmağın, yaxşı pul qazanmağın, biznes sahibi olmağın yolları barədə məlumatlanacaqlar.



“Həmçinin illərin təcrübəsini özündə cəmləyən Acun Ilıcalı sizlərə şəxsi inkişaf, fürsətləri dəyərləndirmə, satış strategiyası və startaplar barədə öz biliklərini bölüşəcək. O, heç harda danışmadığı təcrübələrini sizlərə danışacaq, heç kimin bilmədiyi mövzu və sirləri söyləyəcək”, - deyə təşkilatçılar elanda qeyd etmişdilər.

Acun Ilıcalı ilə görüşün biletləri də ucuz deyildi - minimum 40, maksimum 490 manat.

Biletlərin baha olmasına baxmayaraq, Acunun Bakı Konqres Mərkəzində təşkil olunan seminarına gələnlər az deyildi. Onların arasında elə jurnalistlər də kifayət qədər idi.

Bəli, təşkilatçıların vədinə inananlar bilet almağa xəsislik etmədilər. Amma dünənki tədbirə həvəslə gələnlər sonda Bakı Konqres Mərkəzindən kor-peşman çıxdılar.

Və dərhal da sosial şəbəkələrdə “Acun zəngin olmağın "Z"sından belə danışmadı”, - deyə narazılıqlarını bildirdilər.

Məsələn, tanınmış jurnalist Tural Müseyibov yazıb:

“Heç olmasa tədbirin adını başqa cür yazardınız. İnnovativ inkişaf, startaplar və fürsətlər... Acun Ilıcalıdan maraqlı bir çıxış, təqdimat gözləyirdim. Şəxsən mən gözlədiyimi görmədim.

Acun Ilıcalı gəldi. Maraqlı idi hamı üçün. Baxdıq. Operatoru ilə yaşadığı gülməli hadisələri danışdı, keçmiş videoları yayımladı. Gülməli hadisələri. Vəssalam. Bəs sonra… İnnovativ inkişaf, startaplar və fürsətlər. Heç birindən söz açılmadı. Tamaşçılarla selfie çəkdirdi. Və getdi…”.

Elə digər jurnalistlər də Acundan gözlədikləri motivasiyanı ala bilmədiklərini gizlətmədilər. 

"Acun Ilıcalı Bakıda azərbaycanlı olduğunu açıqladı" başlıqlı xəbəri tirajlayanlar isə guya yeni bir informasiya verdiklərini zənn etdilər. Halbuki, bu boyat informasiya yeni deyildi, zatən çoxdan bəlli idi.

Beləcə, dünənki seminarın gerçəkliyi bu oldu ki, Acun elə ora gələnlərin hesabına pulunu bir az da artırdı...


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü