Modern.az

Amerika da, Rusiya da, Türkiyə də Qafqazdadır...

Amerika da, Rusiya da, Türkiyə də Qafqazdadır...

4 Dekabr 2013, 10:14

Səməd Seyidov: “Heç kim Rusiyanın Qafqazdan getməsi arzusunda deyil”


““Biz heç vaxt Qafqazdan getməyəcəyik”, yaxud “Biz həmişə Qafqazda olmalıyıq” kimi açıqlamalar bizim üçün nəsə bir yenilik deyil”. Bunu Modern.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Rusiya prezidenti Vladimir Putinin Ermənistanda “Rusiya Qafqazdan getməyəcək, ... Qarabağda hərb variantı olmayacaq və s.” kimi açıqlamalarına rəğmən söyləyib.

S.Seydov qeyd edib ki, heç kim Rusiyanın Qafqazdan getməsi arzusunda deyil: “Biz Azərbaycan olaraq heç bir ölkəyə qarşı deyilik. Qafqazda Türkiyə də, Amerika da, Rusiya da var. Qafqaz elə bir məkandır ki, bütün böyük dövlətlərin regionda marağı var. Bu maraqların regiondan kənarlaşdırılması düzgün siyasət deyil. Əksinə, Azərbaycanın apardığı siyasət böyük dövlətlərin maraqlarını başa düşərək, dərk edərək önə Azərbaycanın maraqlarını çəkməkdir. Bu siyasət bizə xeyli dividentlər gətirir. Vilnüs sammitində bunun canlı şahidi olduq. Misal üçün gördük ki, Ermənistan Rusiyanın maraqlarını önə çəkib öz maraqlarını qoydu kənara. Ümumiyyətlə, Ermənistanın öz maraqları yoxdu. Ona görə ki Ermənistanın siyasi liderləri Ermənistan xalqının maraqlarını əks etdirmir. Həm Rusiyaya, həm Avropaya vəd verir, ancaq Ermənistan xalqı yaddan çıxıb. İqtisadi vəziyyət orada hansı faciələrlə rastlaşıb və ilaxır. Amma Azərbaycan başa düşür ki, Rusiya Qafqazda 100 illərlə mövcuddur. Qərb, ABŞ, Türkiyə bu saat Qafqazda mövcuddur. Bu böyük maraqların içərisindən vəhdət yaradaraq milli maraqları önə çəkmək böyük bir siyasətdir, qabiliyyətdir. Bu qabiliyyəti də Vilnüs sammitində cənab Prezident göstərdi”.

Putinin Qarabağla əlaqəli dediklərini şərh edən komitə sədri bildirib ki, Azərbaycan öz beynəlxalq öhdəliklərini həmişə ən yüksək səviyyədə həyata keçirən bir dövlət kimi tanınıb:


“Biz bu saat Dağlıq Qarabağla bağlı Minsk Qrupunun apardığı prosesdə aktiv iştirak edirik. Minsk Qrupunun apardığı işlər ona yönəlib ki, bu konflikt sülh yolu ilə beynəlxalq qanun çərçivəsində həll olunsun. Dünyada elə bir dövlət yoxdur ki, müharibə istəyə. Təbii ki, söhbət normal dövlətdən gedir. Məsələn, Ermənistan işğalçılıqla, aqressiya ilə Azərbaycan torpaqlarını işğal edib. Demək bu dövlət müharibə istəyir. Azərbaycan isə sivil, demokratik dünya qayda-qanunları ilə işləyən bir dövlətdir. Ona görə təbii ki, sülh istəyir. Biz də müharibəni istəmirik. Beynəlxalq standartlara uyğun olan məsələnin həll olunmasını istəyirik. Ancaq hər bir xalqın dözüm imkanı var. O məsələni də heç vaxt yaddan çıxarmaq lazım deyil”.

Putinin Ermənistan səfərinin açıq şəkildə Azərbaycana təzyiq kimi qiymətləndirilməsin gəlincə, müsahib qeyd edib ki. Azərbaycan inkişaf edir, dünyada aparıcı dövlətlərin sırasına daxil olur, regionda super dövlət kimi qəbul olunur. Qafqazda nə Gürcüstan, nə Ermənistanın gücü Azərbaycanın gücü ilə müqayisə oluna bilməz. Azərbaycan regionda aparıcı dövlətlərdən birinə çevrilib. Nə qədər Azərbaycan inkişaf edəcəksə, nə qədər Azərbaycanın iqtisadi, hərbi mədəni gücləri dünyaya bəlli olacaqsa, bir o qədər də bizə təzyiq artacaq. Nə qədər sən güclüsənsə bir o qədər müqavimət də olacaq. Bu təbiətin bir qanunudur. Sadəcə o təzyiqlərə tab gətirmək və o güclərin içərisində düzgün siyasət aparmaq hər bir dövlətin işi deyil. Amma Azərbaycan bunu yüksək səviyyədə bacarır”.

Namidə BİNĞÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!