Modern.az

“Çovqan oyunu dünyada xalqımızın sahib olduğu mədəniyyətin vacib elementi kimi qəbul edilib” - MÜSAHİBƏ

“Çovqan oyunu dünyada xalqımızın sahib olduğu mədəniyyətin vacib elementi kimi qəbul edilib” - MÜSAHİBƏ

Aktual

23 Dekabr 2013, 14:11


Bir müddət öncə Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyasına ev sahibliyi etdi. Bu sessiyada ölkəmiz bir çox mübahisəli məsələlərə son qoydu. Məhz həmin gün çövqanın YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə bağlı bir sıra məsələlər öz həllini tapdı.

Sessiyadakı uğurlar və qarşıdakı planlarla bağlı YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva Modern.az-a müsahibə verib.

- Günay xanım, bir-neçə gün öncə Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyasına ev sahibliyi etdi. Əvvəlcə, tədbirlə bağlı ümumi məlumat verərdiniz...

- Bildiyiniz kimi, Azərbaycanda son illər bir-çox beynəlxalq tədbirlər keçirilməkdədir. Bunların arasında artıq ənənə halını alan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Bakı Forumu və digər tədbirlərin adını çəkmək olar. Bu tədbirlərdə YUNESKO əsas tərəfdaş kimi çıxış edib. Azərbaycan eyni zamanda YUNESKO-nun tədbirlərinə də ev sahibliyi etməkdədir. Buna misal olaraq 2011-ci ilin may-iyun aylarında  keçirilən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasını, 2013-cü ilin mart ayında keçirilən YUNESKO-nun Bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin fövqəladə sessiyasını göstərmək olar. YUNESKO-nun Qeyri-maddi irs üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyası növbəti belə tədbirlərdəndir. Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olundu. Vurğulamaq istərdim ki,YUNESKO-ya üzv olan 195 ölkədən 157-si bu Konvensiyaya qoşulub.

YUNESKO-nun Qeyri-maddi irs üzrə hökumətlərarası komitəsi təşkilatın ən nüfuzlu komitələrindən hesab olunur. Çünki üzv dövlətlər bu komitəyə müvafiq nominasiyalar təqdim edərək öz ölkələrinin mədəniyyətini, adət-ənənəsini dünyaya tanıtmaq, eyni zamanda onun mühafizəsini təşkil etmək imkanı əldə edirlər. Ümumiyyətlə, hər bir üzv ölkə çalışır ki, bu komitənin işində aktiv iştirak etsin.

- Sessiya necə keçdi, razı qaldınızmı?

- 8-ci sessiyada 116 ölkədən 611 nümayəndə iştirak edirdi. Tədbirdə üzv ölkələrin mədəniyyət nazirləri və bu sahə üzrə mütəxəssisləri, YUNESKO üzrə milli komissiyalar və YUNESKO yanındakı daimi nümayəndəliklərdən, eyni zamanda, təşkilatın baş qərargahından müvafiq səlahiyyətlilər iştirak edirdi. Tədbirə YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsura fəxri qonaq qismində dəvət olunmuşdu. Sessiya mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçdi. Ümumilikdə isə iştirakçıların mətbuatda açıqlamalarında da qeyd olunduğu kimi, tədbir çox məhsuldar və səmərəli keçdi. Sessiyada bir tərəfdən çox ciddi qərarlar qəbul olundu, digər tərəfdən müxtəlif mədəniyyətlər bir araya gəldilər, öz mədəni irslərini dünyaya nümayiş etdirdilər. Bu baxımdan, tədbir, sözün əsl mənasında, dünya mədəniyyətlərinin bayramına çevrildi. Sessiya iştirakçıları Azərbaycanın özündə həm Şərq, həm də Qərb mədəniyyətini, eyni zamanda həm qədimlik, həm də müasirliyi birləşdirdiyini qeyd edirdilər. Onlar səmimiyyətlə deyirdilər ki, siz öz mədəniyyətinizlə yaşayırsınız, ona necə də bağlısınız. Buna görə də əminliklə söyləmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə həm də iştirakçıların qəlbini fəth etmiş oldu. 

- Tədbirin Azərbaycan üçün nə kimi əhəmiyyətli nəticələri oldu? 

- Bu suala iki fərqli aspektdən cavab vermək istərdim. Birincisi, ölkəmizə yüzlərlə qonaq gəldi. Bu insanların bir çoxu Azərbaycana ilk dəfə idi gəlirdilər, bununla həm ölkəmizin gözəlliyinə şahid oldular, həm də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələrimizi canlı görmək fürsəti əldə etdilər. Bu, YUNESKO-da çalışan insanlar üçün çox vacib əhəmiyyət daşıyır. Gələcəkdə ölkəmizlə bağlı yeni nominasiyaların müzakirəsi zamanı onların ölkəmiz haqqında geniş məlumatlı olmaları, bizi dəstəkləmələri bu əməkdaşlığın qalıcı dostluqlara çevrilməsinə də kömək edəcək.

İkincisi, biz bu tədbirdə tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan Çovqan - Azərbaycanda ənənəvi Qarabağ atüstü oyununun YUNESKO-nun Təcili Qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə nail olduq. Dünya bu oyunu xalqımızın sahib olduğu mədəniyyətin vacib bir elementi kimi qəbul edib. Bu, eyni zamanda tariximizə, milli köklərimizə, mədəni dəyərlərimizə qarşı olanlar üçün də dünya birliyinin layiqli cavabıdır.

- Çovqan oyunu və onun məhz bu siyahıda yer almasının səbəbləri barədə oxuculara məlumat verə bilərsinizmi?

- Çovqan oyunu bizim ən qədim tarixi-idman oyunlarımızdan hesab olunur. Bundan yüzlərcə il öncə də gənclər arasında çox sevilən bir idman növü olub. Bunu Səfəvilər-Azərbaycan dövləti zamanından günümüzə gəlib çatan onlarca miniatürlər də sübut edir. Ümumiyyətlə, Çovqanın tarixi Səfəvilərdən daha öncəki yüzillərə gedib çıxır. XI əsrdə yaşayan dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin əsərlərində də Çovqan oyunu təsvir edilib. Bu oyun at üstündə oynanılırdı və oyunun xarakterinə uyğun olaraq Çovqan üçün cəld və çox hündür olmayan atlar tələb olunur. Belə atlar isə Qarabağ atlarıdır. Qarabağ atları, ümumiyyətlə, bütün dünyada yarış atları kimi çox məşhurdurlar. Doğma Qarabağda - Cıdır düzündə tarixən çoxsaylı yarışlar keçirilər, o cümlədən Çovqan oynanılardı.

Bu gün Qarabağ bizim ürəyimizin ən yaralı yeridir. Məlumdur ki, Ermənistan minlərlə maddi abidələrimizi məqsədli şəkildə məhv edib, torpaqlarımızı işğal altında saxlamaqla Çovqan kimi tarixi oyunlarımızın da unudulmasına çalışmaqdadır. Bu gün Qarabağ atlarının yetişdirilməsindəki çətinliklər, oyunun qədim məkanından kənarlaşdırlması tendensiyaları onun yavaş-yavaş unudulmasına gətirə bilər. Bu səbəbdən də biz Çovqanın YUNESKO-nun qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına deyil, Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə nail olduq. Bizim bu nailiyyətimiz həm milli adət-ənənələrimizdən birinin qorunub saxlanmasına, həm də bütün dünyanın erməni xislətinin şahidi olmasına imkan yaratdı. Biz çalışırıq ki, bütün dünya ictimaiyyətinin diqqətini maddi və qeyri-mədəni irs nümunələrinin məhv edilməsinə yönəldək.

- Sessiyada Azərbaycanın təqdim etdiyi Çovqan nominasiyasından başqa daha hansı ölkələrin qeyri-maddi irs nümunələri YUNESKO siyahılarına daxil edildi?

- Qeyd etmək lazımdır ki, YUNESKO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına təqdim edilən nominasiyalara ölkənin mədəniyyətinə, adət-ənənəsinə xas olan xüsusi bayramlar, festivallar, adət-ənənələr, yemək bişirmə mədəniyyətləri, milli musiqilər, mədəni elementləri əks etdirən folkor və s. daxildir. Təşkilata üzv ölkələr tərəfindən komitəyə bir çox nominasiyalar təqdim olunur, ancaq onların bir qismi zəruri meyarlara cavab vermədiyi üçün qəbul edilmir. Bu il komitə 31 nominasiyanı təsdiq edib. Onlardan dördü Təcili qorunma siyahısına daxil edilib. Buna misal olaraq, Monqolustanın milli xətt sənətinin adını çəkə bilərik. Bu sənəti davam etdirən dünyada cəmi 20 nəfər qaldığı üçün siyahıya daxil edildi.

Bununla yanaşı, Türkiyə, Ukrayna, Gürcüstan, Qırğızıstan, Belçika, Çin, Əlcəzair, Venesuela və digər ölkələrin nominasiyaları YUNESKO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib. Mən Türkiyənin “Qəhvə mədəniyyəti və ənənəsini” nominasiyasınıxüsusi qeyd etmək istərdim. Məlum olduğu kimi, hər ölkədə qəhvə içilir, ancaq burda önəmli məqam ondan ibarətdir ki, təqdim edilən nominasiya o ölkənin spesifik mədəniyyətini əks etdirməlidir. Yəni, hər bir ölkənin mədəniyyətinə xas olan xüsusi elementlər var, sadəcə, o ölkə üçün spesifikdir, bu, başqa ölkələr üçün xarakterik olmaya bilər. Türkiyəyə xas olan xüsusi türk qəhvə qonaqlıqları, elçilik zamanı qəhvə təklif olunması, hətta “bir acı qəhvənin qırx il xətri var” kimi atalar sözləri bu ölkənin qəhvə mədəniyyətinin özünəməxsusluğunu göstərir. Eyni zamanda, Ukraynanın petrikievka boyama-bəzəmə sənəti, Gürcüstanın xüsusi üsulla hazırlanaraq yer altında yumurtaşəkilli xüsusi küplərdə saxlanılan Qvevri şərabları, Belçikanın dənizdə at üstündə krivet tutma sənəti, Çinin Abakus (xüsusi sayma aləti) vasiəsilə hesablama metodları və s. qəbul edilən nominasiyalar arasındadır.

- Azərbaycanım qeyri-maddi irsin dünyaya tanıdılması istiqamətində görülən işlərdən və gələcəkdə YUNESKO siyahılarına daxil edilə biləcək nominasiyalar haqqında nə deyə bilərdiniz?

- Azərbaycan, sadəcə maddi-mədəni abidələrlə deyil, eyni zamanda gözəl adət-ənənələri, ədəbiyyatı, folkloru, incəsənəti, musiqisi ilə fəxr edə biləcək ölkələrdən biridir. Azərbaycan xalqı çox zəngin potensiala malikdir, amma biz hələ bunun yalnız bir hissəsini dünyaya çatdırmışıq. Bunun da obyektiv səbəbləri var. Məsələn, YUNESKO-nun qeyri-maddi irs üzrə Hökumıtlərarası Komitəsi hər ölkədən bir dəfəyə məxsus, sadəcə bir nominasiya qəbul edir. Bununla yanaşı, bu gün muğam, Novruz, Azərbaycan xalçaçılıq sənəti, aşıq sənəti, tar və onun ifaçılıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil ediib. Azərbaycan mədəniyyətinin qorunmasında, dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım YUNESKO-nun xoşməramlı səfiri olaraq Azərbaycanın təşkilatda nüfuzunun artırılmasında, eyni zamanda qeyd etdiyim nailiyyətlərin əldə olunmasında çox mühüm rol oynayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda və dünyanın müxtəlif ölkələrində məktəblər, uşaq baxçaları, mədəniyyət mərkəzləri və muzeylərin açılması ilə yanaşı, tarixi və dini abidələrin bərpa və təmiri istiqamətində də böyük işlər görüb.

Azərbaycan hazırda YUNESKO-nun bir çox proqramlarında aktiv iştirak etməkdədir. Belə ki, bu gün YUNESKO-nun iştirak, yubileylər, dünya yaddaşı proqramlarında da aktiv iştirak etməklə biz Azərbaycan mədəniyyətini dünyada tanıtmağa çalışırıq. YUNESKO-ya təqdim ediləcək gələcək nominasiyalarla bağlı onu demək istərdim ki, bu istiqamətdə fəaliyyətimiz hazırda davam edir. Ümid edirəm ki, gələcək illərdə həm təktərəfli, həm də çoxtərəfli nominasiyaların YUNESKO siyahılarına daxil edilməsinin şahidi olacağıq. Hazırda üzərində çalışdığımız çoxtərəfli nominasiyalardan Molla Nəsrəddin lətifələrinin, “Koroğlu” dastanının adını çəkmək olar ki, bunlar digər türkdilli ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələrdəndir və yaxın illərdə onları da YUNESKO-nun müvafiq siyahılarında görə biləcəyik.

Gültəkin ƏLƏSGƏR

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!