Modern.az

Qarabağ necə beynəlxalq problemə çevrildi?

Qarabağ necə beynəlxalq  problemə çevrildi?

26 Noyabr 2010, 10:07

Real faktlara və müşahidələrə əsaslanaraq onu demək olar ki, Qarabağın beynəlxalq  problemə çevrilməsi bu münaqişənin ömrünü xeyli uzadıb. Əvvəllindən Qarabağa məhəlli deyil, daha çox beynəlxalq problem kimi baxılıb.Əgər Azərbaycan təbii sərvətlərdən məhrum, ərazisi heç tranzit layihələr üçün əhəmiyyət kəsb etməyən bir region olsaydı  təbii ki,  o zaman Qarabağ məhəlli problem kimi qalardı. Dağlıq Qarabağ münaqişəsinin yaranmasında və bu qədər uzanmasında  beynəlxalq  geosiyası maraqlar və toqquşan mövqeylər  ortadadır.  Konfliktin həlli ilə bağlı həmsədrlərin qeyri qənaətbəxş fəaliyyəti bu gün  göz qabağındadır. Əgər dünya dövlətləri, beynəlxalq təşkilatlar bu münaqişəni həll edə bilmirsə və yaxud  etmək istəmirsə,onda ortalığa suallar çıxır.

Bəs, Çeçenistan, Yuqoslaviya, İraq problemləri hərb yolu ilə necə həll edildi?

Vaxtılə Çeçenistan  milli müstəqillik uğrunda mübarizəyə qalxdı. Dünyanın ayrı–ayrı dövlətləri Çeçenistanın müstəqilik uğrunda  mübarizəsini müdafiə etdi. Ancaq müəyyən zaman  və məkan müstəvisində Rusiya  onu  daxili işi elan edərək gündəmdən çıxartdı. Silah gücünə çeçenlərin müqavimətini qıraraq tam da olmasa problemin həllinə nail oldu.  İraq məsələsi gözümüzün qarşısındadır.Yuqoslaviya  kimi bir dövlətin dünya xəritəsindən silinməsi nəticəsində bir sıra dövlətlər yarandı. Deməli,Qarabağ məsələsinin həllinə ikili standartlardan yanaşılmasaydı bu problemin çözülməsi mümkün idi. Dünya dövlətlərinin bu məsələdə ədalətli, yekun sözünü deməməsi, həmin ölkələrin  Qarabağ problemində üst-üstə düşən və toqquşan maraqlarıdır.

Təəssüf ki,neft amili də münaqişənin həlli üçün həlledici arqument ola bilmədi. Təbii ki, neft müqavilələri, xaricdən Azərbaycana cəlb olunan  xarici investisiyalar Qarabağ probleminin həllində müəyyən qədər təsir gücünə malikdir.Xarici investorlar münaqişənin  genişlənməsindən, müharibənin  yenidən başlamasından narahatçılıq keçirirlər.

 Azərbaycanın neft-qaz ehtiyatları regionun və dünyanın enerji təhlükəsizliyində nə qədər böyuk rol oynadığı hamıya bəllidir. Bütün bu faktorlar Azərbaycana marağı  hər zaman artırır. Digər tərəfdən dünyanın ağırlıq mərkəzi Qərbdən Şərqə keçir. Artıq Qərb Şərqə xammal bazası kimi baxmaqla səhv etdiyinin fərqindədir.

 Maraqlı dairələrin düşünülmüş siyasəti olan Qarabağ münaqişəsi sovet siyasi sistemində baş qaldırdı. O zaman Azərbaycanda bəzi şəxslər deyirdilər ki, ölkəmiz müstəqillik qazanmayana qədər bu problem həll olunmayacaq. Lakin Azərbaycan müstəqilliyinə qovuşsada Qarabağ konflikti həllini tapmır. Bir çox xarici dövlətlər o cümlədən Rusiya Azərbaycana təzyiq vasitəsi kimi  bu problemin uzanmasında maraqlıdır.

Nədənsə bu konfliktin həllini  beynəlxalq təşkilatlardan  gözləmək heçdə doğru görsənmir. 30 ildən artıqdır İsrail-Fələstin münaqişəsinin  həlli ilə bağlı danışıqlar aparılsa da heç bir irəliləyiş yoxdur. Beynəlxalq təşkilatların  gücsüzlüyü, yalnız tövsiyə verən qurum olması şübhəsizdir. Dünyanın 19 nöqtəsində  bu və digər dərəcədə  münaqişə ocaqları var.  Təcrübə də göstərir ki,  bu münaqişələrin həllinə  BMT qadir olan təşkilat deyil. Yalnız Azərbaycanla bağlı 4 qətnamə qəbul edilib. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması tələb olunsada, bu vaxta qədər  Ermənistan  bu tələblərə məhəl qoymur.

Ancaq bir vacib məqamı unutmamalıyıq. Gürcüstana Rusiyanın hərbi təcavüzü  NATO  tərəfindən  sərt etirazla qarşılandı və qətnamə qəbul edildi. Bu məsələ təcavüz faktı kimi gündəmə gətirildi. Ancaq Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi ilə bağlı NATO belə qətiyyətli mövqe ortalığa qoymur. İkili standartlar Dağlıq Qarabağ münaqişəsinin uzanmasına gətirib çıxarır.

Bu yaxınlarda  keçirilən NATO-nun Lissabon toplantısında Azərbaycanın ərazi bütövlüyünün  tanınması ilə bağlı  önəmli qərar qəbul edilib. Lakin  təcavüzkar Ermənistana qarşı daha sərt tədbirlərə əl atmağın vaxtı çoxdan çatıb.

Azərbaycanın Dağlıq Qarabağda  antiterror əməliyyatı həyata keçirməsi üçün  kifayət qədər əsasları var. Necə ki, Rusiya vaxtı ilə Çeçenistanı daxili məsələsi və məhəlli problemi elan edərək antiterror  adı ilə əməliyyatlar  həyata keçirdi. Şimal qönşumuz beynəlxalq hay-küylərə o qədərdə əhəmiyyət vermədi. Deməli, Azərbaycanda öz ərazi bütövlüyünü bərpa etmək üçün  Dağlıq Qarabağı məhəlli münaqişə kimi qəbul edib və orada antiterror əməliyyatları keçirməyə tam haqqı və hüququ var.    

Təbii ki, bütün münaqişələrin həlli gec-tez mümkün olur. Sadəcə olaraq zaman məsələsi var.  Problemi  həll etmək üçün danışıqları davam etdirməklə bərabər ordumuzu gücləndiririk. Azərbaycanın hərbi potensialı gündən-günə artmaqdadır.Düşünürəm ki, bu çox düşünülmüş siyasətdir. Ümumiyyətlə, Cənubi Qafqazda sabitlik üçün  görünür zaman lazımdır. Problemin həllində aparılan danışıqlar bir nəticə verməsə təbii ki, Azərbaycan hərb yolu ilə torpaqlarını azad etmək zorunda qalacağı şübhəsizdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!