Modern.az

Süleyman Məmmədli: “1999-cu ildə belə məsləhət oldu ki, Kəmaləddin Heydərov prezident olsun” - MÜSAHİBƏ

Süleyman Məmmədli: “1999-cu ildə belə məsləhət oldu ki, Kəmaləddin Heydərov prezident olsun” - MÜSAHİBƏ

Ölkə

30 May 2012, 00:28

“Dünyada mənim qədər yüksək idman dərəcələri olan ikinci bir adam yoxdur”


Onu dünya Azərbaycandan daha yaxşı tanıyır: Dünyada heç bir idmançının çata bilmədiyi zirvələri fəth edən, saysız-hesabsız titul və dərəcələri qazanmış, Şərq əlbəyaxa döyüş növləri ustası Süleyman Məmmədli...

Bu günlərdə Modern.az-ın  qonağı olan Süleyman Məmmədli saytımıza müsahibə verib.

- Süleyman bəy, Sovet dönəmində, əlbəyaxa döyüş növlərinin, xüsusilə karatenin qadağan olundugu bir vaxtda bu sahəyə marağınız necə yarandı?  

- Hələ Tovuzda orta məktəbdə oxuyarkən daşqaldırma ilə məşğul olmuşam.  7-ci sinifdə oxuyarkən tək əllə 57 kq qaldırmışam. Məktəb illəri, tələbəlik illəri, əsgərlikdə idman məni hər zaman müşayiət edib. Əsgərliyi 1969-71-ci illərdə Polşanın sərhədində keçirmişəm.  Orada bir polşalı zabitdən karatenin elementlərini görmüşəm.  1972-ci ildə Leninqradda (indiki Sankt-Peterburqda) institutda oxuyarkən zənci ilə bir otaqda qalırdım. Ondan da bəzi elementləri öyrəndim. O vaxtlar ağırlıqqaldırma üzrə artıq bir sıra göstəricilərim vardı. Buna baxmayaraq yavaş-yavaş ağırlıqqaldırmadan əlbəyaxa döyüş növlərinə meyl etdim. Baxmayaraq ki, o vaxt SSRİ-də karate qadağan idi. Mən karate ilə sonra da taekvando ilə məşgul olmağa başladım. Dünyanın 47 ölkəsində olmuşam, çoxlu seminarlarda iştirak etmişəm. Tərif kimi çıxmasın, gərək tarixi olduğu kimi çatdırasan. Görmüşəm hətta koreyalıların özündə ustaların 2-3 növdən master dərəcələri var, amma mənim bütün Koreya növlərindən 8-9-10-cu dan dərəcələrim var. 4 növdən 10-cu dan, 11 növdən 9-cu dan, 10 döyüş sənəti üzrə qrand-masterəm. Mənə elə gəlir ki, dünyada ikinci bir adam yoxdur ki, idmanda bu qədər yüksək dərəcələr əldə etsin.

-Ümumiyyətlə, SSRİ-də karatenin qadağan olunmasının arxasında hansı məna dayanırdı? Siyasimi, fizikimi, ya kriminal nöqteyi-nəzərdən... 

-Sovet rejimi qapalı rejim idi. Qorxurdular ki, insanlar karate ilə məşğul olarlar. Gözləri açılar, ayağa qalxıb mübarizə apara bilərlər. Hətta cinayət məcəlləsində konkret iki maddə vardı ki, karate ilə məşğul olana açıq-aşkar iş düşürdü. Ancaq gizli olaraq məşq edirdi insanlar. Xüsusilə, xaricdən gələn tələbələr öyrədirdi bizi. 1980-83-cü illərdə yalnız hüquq-mühafizə orqanlarının işçilərinə icazə verildi. Onda mən “Dinamo”da dərs keçirdim. Nəhayət, 80-ci illərin axırlarında qadağa aradan qalxdı. Bu müddətdə mən müxtəlif Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olmuşam. 2004-cü ildə ABŞ-da olarkən, mənim üçün yeni bir səhifə açıldı. Orada qrand-master Bok Man Kimlə tanış oldum. Qeyd edim ki, Bok Man dünyada ilk dəfə döyüş növləri üzrə kinoda çəkilən ustadı, hətta Bryus Lidən də əvvəl... Çox böyük ustadı. Onunla görüşüm həyatımda böyük dəyişikliklər yaratdı. Və ilk qrand-masteri onun növündən aldım.

-Bildiyimə görə taekvandonu ilk dəfə Siz Azərbaycana gətirmisiniz. Bu, neçənci illərə təsadüf edir? 

- Tək taekvandonu yox, 80-ci illərdən başlayaraq bütün Koreya növlərini Azərbaycana gətirmişəm. Bir yapon tarixçisi yazır ki, biz əlbəyaxa döyüşü türkdən öyrənmişik. Amma indi onların adına çıxırlar...  

 

Azərbaycanda Taekvando Federasiyasını da Siz yaratmısınız...

- Karate qadağan olsa da, taekvando sözü cinayət məcəlləsində yox idi. Ona görə də,  1990-cı ildə taekvandodan seminar keçdik. O zamankı İdman Komitəsinin də icazəsi oldu. Əsasən, karateçilərə müvəqqəti sənəd verdik taekvandoçu kimi. Amma bilirdik ki, gec-tez karateyə də icazə veriləcək. Yaratdığımız Taekvando Federasiyası 1991-ci ildə İdman Komitəsində, 1992-ci ildə isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi.  Və 1999-cu ilədək mən Taekvando Federasiyasının prezidenti oldum.

Bəs sonra necə oldu ki, bu vəzifədən ayrıldınız? Çünki, Azərbaycan təcrübəsində belədir ki, bir adam oturduğu yerdən ölənədək qalxmaq istəmir...

- 1999-cu ildə taekvando olimpiya oyunlarına daxil olandan sonra ona maraq daha da artdı. Federasiyanı dolandırmaq elə də asan deyil. O zaman dövlət tərəfindən o qədər də maliyyə dəstəyi olmurdu. Bu dəstək yeni-yeni başlayırdı. 1999-cu ildə belə məsləhət oldu ki, federasiyada o vaxt Gömrük Komitəsinin sədri işləyən Kəmaləddin Heydərov prezident olsun. Bu da indiki vaxtda artıq ənənə halını almış bir məsələdir. Əksər federasiyaların rəhbərləri nazirlər, komitə sədrləri, başqa vəzifəli şəxslərdi.

-  Siz də sakitcə razılaşdınız da prezidentliyi verməyə?

- Sən olsaydın, neynərdin... (Gülür).

Aydındı. Təcrübəli, yüksək dərəcəsi olan idman ustalarına qayğı göstərilir. Sizə federasiyada qaıb işləmək və ya dəstəklə bağlı hər hansı təklif olmadı?

- Bir-iki ay Taekvando Federasiyasının vitse-prezidenti kimi orada oldum. Sonra gördüm ki, mənlik deyil, ordan çıxdım.

İndi hansı federasiyasına rəhbərlik edirsiniz?

- Hal-hazırda Azərbaycan Hapkido Federasiyasının prezidentiyəm. Bundan başqa üç dünyəvi növ açmışam və beynəlxalq səviyyədə tanınıb, qeydiyyatdan keçib. Dünya Turan Do Assosiyası, Dünya Unversal Kombat Döyüş Sənətləri Assosiasiyası və Dünya Yaşlıların  Döyüş Sənətləri Assosiasiyası. Sonuncu Assosiyada mənim məqsədim odur ki, yaşlı idmanşıların yarışları keçirilsin.

“Qorxma, mən səninləyəm” filmində çəkilmisiniz karateçi kimi. Ancaq, filmdə üzünüzü göstərmirlər...

-  Bu film 1981-ci ildə çəkildi. Yuli Qusmanın təklifi ilə. O zaman Qusman filmdə karate elementlərinin göstərilməsi üçün icazə almışdı. Filmdəki bütün döyüş ssenarilərini mən qoymuşam, orada həbsxanada kütləvi karate təlimi keçənlər də mənim tələbələrim idi. Amma o zaman təəssüf ki, mən baş rolda gedə bilməzdim. SSRİ vaxtı idi, gərək “böyük qardaşımız” baş rolda gedəydi. Bütün karate hərəkətlərini mən edirdim, sifəti göstərəndə Lev Durovu götərirdilər. Bu yaxınlarda filmin ikinci seriyası çəkildi, mən də ikinci dəfə çəkildim.   

Azərbaycanda əlbəyaxa döyüş növlərinin hazırkı durumunu necə qiymətləndirirsiz?

- Mən hər zaman kitablarımda da yazmışam, bizim millət döyüş ruhu yüksək olan millətdir. Demək olar ki, bütün döyüş növlərindən qitə və dünya çempionları var. Amma kollektiv oyunlarda mən nəsə ciddi nəticələr gözləmirəm...

-  Bu məsələni özünüz üçün aydınlaşdırmısınızmı, nə üçün bizdə kollektiv oyunlarda, məsələn, futbolda o qədər də başarılı ola bilmirik?

- Bu birbaşa mənim sahəm deyil, ona görə də səbəbləri haqqında danışsam, bəzi dairələrdə narahatçılıq yaranar.  Ola bilsin ki, daha çox şöhrətpərəstliklə bağlıdır. Məsələn, bizdə dəniz var, ancaq üzgüçü yoxdu. Varmı dünya çempionumuz, hamısı kənardan gəlmədir. Baxmayaraq ki, hər cür şəraitimiz var. Bizimki döyüş növləridir.

Dediniz ki, indiyədək 47 ölkədə olmusunuz. Yəqin ki, bəzilərində də dəfələrlə... Əgər Süleyman Məmmədli o ölkələrin birində, məsələn, ABŞ-da yaşasaydı dövlətin, cəmiyyətin ona münasibəti necə olardı?

- Xaricdə gördüyüm marağı Azərbaycanda görmürəm.

Axı, Siz həm də Azərbaycanın dəyərisiz. Bu qədər dərəcələrin qabağında Sizə biganə münasibətin kökündə nə dayanır?

- 1993-94-cü illərdə tələbələrim dünya çempionatında yüksək yerlər qazanmışdılar. Buna görə o vaxt əməkdar məşqçi adı verdilər. Hər il ilin axırı çağırırlar ki, fəxri ad verəcəyik, sonra nədənsə unudulur. Amma məndə bütün fəxri adlar var. Azərbaycan verməsə də bütün dünya mənə fəxri adları verib. Amerikada rəsmən döyüş sənətləri üzrə professor, doktoram. Elə adamlar var ki, layiq olmadığı halda ona fəxri adlar, ev və s. veriblər, Sağlıq olsun, bir gün bəzi adları açıqlayacağam. Elələri var ki, gedib xaricdə 5-10 manat verib klip çəkdirib, guya qələbə qazanıb, indi federasiya prezidentidir. 

Həyat tərziniz bizim üçün maraqlıdır.

- Mən idmana həyatımın ayrılmaz bir hissəsi kimi baxıram. Gündə 5-7 saat məşq edirəm. Cəmi 3-4 saat yatıram.  Artıq 31-ci ildir ki, heç bir ət və ət məsulları yemirəm. Əsasən, balla qidalanıram. Bal yeganə qidadır ki, onun tərkibində 300-dən yuxarı mikroelementlər var. Və yeganə qidadır ki, yüz faiz həzm olunur. Bundan başqa, süd məhsulları və göyərti, yumurta yeyirəm. Ət yeməmək insana çox şey verir. Daxili hissiyatı gücləndirir, insan daha çevik olur. Mən ət haqqında “Sağlamlığa çağırış” kitabımda yazmışam. Bəzən deyirlər ki, dədə-babalarımız ət yeyib. Birincisi, indiki qədər əvvəllər ət yeməzdilər, ikincisi, soyuducu olmadığı üçün heyvanı kəsən kimi əti bişirib yeyirdilər. Ya da qovurma edib saxlayardılar. Ət kəsildikdən sonra orta hesabla 2 saatdan sonra ət meyidə çevrilir, cürbəcür fermentlər əmələ gəlir. Ona görə mən ət yemirəm, içki içmirəm, siqaret çəkmirəm.

 

 

 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı