Modern.az

Üçtərəfli görüş kimin xeyrinədir - Mişelin toxunmadığı məqam...

Üçtərəfli görüş kimin xeyrinədir - Mişelin toxunmadığı məqam...

Ölkə

17 İyul 2023, 14:36

Ötən həftənin şənbə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş olub. Görüş zamanı liderlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətlərini, sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

 

Tərəflər, həmçinin delimitisiya məsələsi ilə məşğul olan sərhəd komissiyaların işini sürətləndirmək barədə razılığa gəliblər. Şarl Mişel mətbuata açıqlamasında danışıqların müsbət keçdiyini deyib. 

 

“Biz altıncı görüşü yenicə başa vurduq. Bu, çox məhsuldar oldu. Biz səylərimizdə çox mühüm dövr keçirik”, - Mişel bildirib.

 

Brüssel görüşü Azərbaycan üçün nə ilə yadda qaldı? Üçtərəfli danışıqlar sülh üçün nə vəd edir? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Azər Badamov deyib ki, Brüsseldə danışılan məsələlərin həyata keçməsi üçün Ermənistan təxribata əl atmaqdan çəkinməlidir.


“15 iyulda keçirilmiş Brüssel görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından çox əhəmiyyətlidir. Bu görüş ölkələrimiz arası münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilmiş əvvəlki görüşlərin davamı kimi qeyd etmək olar. Görüşdə dövlət başçıları ölkələrarası münasibətlərin normallaşdırılması ilə bağlı müzakirə olunmalı bütün məsələlər ətrafında fikir mübadiləsi aparıb. Dövlət başçıları, həmçinin Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü suverən parametrlər çərçivəsində qarşılıqlı tanıdıqlarını bir daha bəyan ediblər”,- deyə parlamentari vurğulayıb.

 

A.Badamov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün lazımi məsələlər müzakirə olunaraq şifahi razılaşdırılıb:

 

“Gündəlikdə dayanan məsələlər sərhədlərin delimitasiyası, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin Azərbaycan tərəfindən həyata keçiriləcəyi, Bakı ilə Qarabağ ictimaiyyəti arasında dialoqun təşkil edilməsi və inteqrasiya proselərinin reallaşdırılması, Qarabağda yaşayan ermənilərin Ağdam-Xankəndi yolu vasitəsilə təminatın həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması üçün dəmir yolunun yenidən qurulma prosesinin intensivləşdirilməsi, o cümlədən Qərbi azərbaycanlıların öz doğma yurdlarına qaydışı və gündəlikdə duran digər məsələlər ətrafında müzakirə aparılıb. Dövlət başçılarının növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəlməsini sülh prosesinin canlanmasının göstəricisi hesab edirəm. Əslində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün məsələlər müzakirə olunaraq şifahi razılaşdırılıb. Burada həll olunmalı növbəti məsələ danışıqlar masasında razılaşdırılmış məqamların kağız üzərində imzalarla təsdiq edilməsidir. Bunun üçün Ermənistanın təxribatlar törətmək mövqeyindən çəkinərək konstruktiv mövqe sərgiləməsi vacibdir”.

 


Politoloq Fikrət Sadıqovun fikrincə, Azərbaycan kommunikasiyaların açılmasında maliyyələşmə prosesini öz üzərinə götürüb.

 

“Görüşdən sonra Şarl Mişel açıqlamasında bir sıra önəmli məqamlara toxunub. Bunlar tam mənada ərazi bütövlüyünün tanınması, yəni Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul etmək, kommunikasiyaların açılmasından ibarətdir. Eyni zamanda kommunikasiyaların açılması ilə bağlı maliyyələşmə məsələsi də gündəmdədir. Hər halda biz öz tərəfimizdən o sahəni yekunlaşdırmışıq və əlavə maliyyəyə ehtiyacımız yoxdur”,- sabiq dioplomat deyib.

 

F.Sadıqov vurğulayıb ki, ermənilər Qarabağda yaşayırlarsa, azərbaycanlılar da tarixi torpaqlarına qayıtmalıdır:

 

“Şarl Mişel yüklərin daşınmasının asanlaşdırılmasının vacibliyini qeyd edib. Ancaq biz heç kəsin yolunu kəsməmişik. Sadəcə Ermənistan tərəfi bizə qarşı təxribatlar törədir. Şarl Mişelin toxunmadığı məsələ isə odur ki, hələ də 10 minə yaxın erməni silahlı dəstələri Qarabağdan çıxmayıb. Danışıqların müsbət məqamlarından biri isə humanitar yardımların Bərdə-Ağdam istiqamətində daşınmasının müzakirə olunmasıdır. Bu məsələlər bizim xeyrimizə olan məqamlardır. Müzakirə olunan digər məsələlərdən biri isə Qərbi Azərbaycandan zorla çıxarılan vətəndaşlarımızın öz torpaqlarına qayıtmasıdır. Bu məsələ bizim üçün çox önəmlidir. Çünki həmin şəxslər orada əsrlər boyu yaşayıblar. Əgər ermənilər Qarabağda yaşayırlarsa, onda azərbaycanlılar da öz tarixi torpaqlarına qayıdaraq orada yaşamalıdırlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək