Modern.az

Yevlaxda ermənilərlə görüş baş tutsa… - Gözləntilər nədir?

Yevlaxda ermənilərlə görüş baş tutsa… - Gözləntilər nədir?

Ölkə

2 Avqust 2023, 16:48

Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi gözlənilir. Sosial şəbəkələrdə yayılan məlumat rəsmi şəkildə təsdiqlənməsə də, belə bir görüşün baş tutması istisna edilmir. İlk görüşün Xocalıda keçirildiyini nəzərə alsaq, növbəti raundun niyə məhz Yevlaxa təyin olunması maraq doğurur.


Bəs Azərbaycan və erməni nümayəndələrinin görüşü baş tutarsa, hansısa razılıq əldə oluna bilərmi?


Mövzu ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, tərəflər Yevlaxda bir araya gəlsələr belə, nəticə əldə etmək asan olmayacaq.

 

 

O fikirlərini belə əsaslandırıb: “Dövlətimiz Qarabağda yaşayan ermənilərə dəfələrlə Azərbaycanın bir neçə şəhərində görüşməyi təklif edib. Hətta Prezident İlham Əliyev də demişdi ki, Bakıda görüşlərin keçirilməsi təklif olunub. İndi isə Yevlax şəhərində görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunsa, bu, irəliyə doğru atılmış bir addım hesab oluna bilər. Lakin ilk olaraq bu məsələ rəsmi şəkildə təsdiqlənməlidir".

 

"Mən tam əminəm ki, danışıqlar üçün razılıq əldə olunsa belə, birinci görüşdən hər hansı razılıq əldə olunmayacaq. Amma görüşün keçirilməsi özü müsbət hadisədir. Məncə, əsas məsələlərdən biri Qarabağda yaşayan erməniləri kimlərin təmsil edəcəyidir”, - sabiq nazir bildirib.

 


Politoloq, eks-dövlət müşaviri Qabil Hüseynli isə vurğulayıb ki, ermənilər Yevlax görüşü barədə konkret mövqe ortaya qoymayıblar.


“Bu məsələ hələ dəqiqləşməyib. Ermənilərin Yevlaxa gəlməsi haqqında dəqiq bir cavab yoxdur. Görüşün keçirilməsi Avropa ölkələri tərəfindən gündəmə gətirilib. Görüş yeri kimi əvvəl Slovakiyanın paytaxtı Bratislava təklif olunub, lakin ermənilər bundan imtina edərək, danışıqların Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilməsini istəyiblər. Azərbaycan tərəfi buna etiraz edib, bildirilib ki, danışıqlar ölkəmizin sərhədləri daxilində keçirilməlidir. Danışıqlar üçün ermənilərə yaxın olan Ağdam və Yevlaxın adı çəkilib. Əlbəttə, bu görüş baş tuta bilər”.


“Danışıqların çətin olacağı bəllidir. Çünki ermənilər Laçındakı nəzarət-buraxılış məntəqəsinin girişində gözləyən yük maşınlarının buraxılmasını tələb kimi irəli sürəcəklər. Azərbaycan rəsmiləri isə təbii ki, bunu qəbul etməyəcək, reinteqrasiya məsələsini gündəmə gətirəcəklər. Biz ermənilərin nazı ilə oynamaq fikrində deyilik. Ermənilər nə qədər səy göstərsələr də, istəkləri havada qalacaq. Hər halda proseslər çox mürəkkəbdir. Bu görüşlərdə nəticə əldə etmək asan deyil”, - Qabil Hüseynli əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!