Modern.az

Siyasi partiyalar üçün son bir HƏFTƏ

Siyasi partiyalar üçün son bir HƏFTƏ

Ölkə

24 Mart 2024, 10:14

Siyasi partiyalar ötən il üzrə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

 

MSK da öz növbəsində  aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

 

Martın 18-də YAP İdarə Heyəti 2023-cü il üzrə maliyyə hesabatının MSK-ya təqdim edilməsi barədə qərar qəbul edib.

 

Bəs başqa hansı siyasi partiyalar artıq maliyyə hesabatlarını təqdim edib?

 

Modern.az məsələ ilə əlaqədar bəzi siyasi partiyalarla əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında AĞ Partiyanın sədri  Tural Abbaslı qanunvericiliyə uyğun şəkildə partiyanın maliyyə hesabatını MSK-ya artıq təqdim etdiklərini bildirib:

 

"Yəqin ki, yaxın günlərdə MSK-nın saytında hesabat dərc edilər. Zatən, dövlət büdcəsindən maliyyələşməyən partiya kimi hesabat verəcək elə də böyük xərclərimiz yoxdur. Bunun özü də absurddur ki, dövlət maliyyə ayırmadığı siyasi partiyalardan hesabat tələb edir. Ancaq, nə etmək olar, qanunda belə təsbit edilib deyə biz də hər il MSK-ya hesabatı təqdim edirik".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də maliyyə hesabatlarını MSK-ya təqdim etdiklərini vurğulayıb. 

 

Ədalət Partiyasının sədrinin müavini Mütəllim Rəhimli söyləyib ki, təmsil etdiyi siyasi təşkilat dövlət büdcəsindən maliyyələşmir:

 

"Buna görə də partiyanın maliyyə dövriyyəsi minimum vəziyyətdədir. Çünki indi partiyalara ianələr cəlb etmək də mümkün deyil. İnsanlar, xüsusilə iş adamları siyasi partiyalara pul verməyə qorxurlar. Beləliklə, olduqca vacib bir sahəyə - xalqın və dövlətin taleyi  ilə məşğul olanlara münasibət tamamilə fərqlidir. Halbuki ilk növbədə siyasi partiyalar ianə və yardımların hədəfində olmalıydı. Bütün bunlar ona gətirib çıxarıb ki, tamamilə könüllülük fəaliyyətinə üstünlük vermək məcburiyyətində qalmışıq. Odur ki, xərclərimiz də ofisin saxlanılmasından ibarətdir. Buraya ofisin icarə xərci, işıq, qaz, su, telefon və internet ödənişləri daxildir. Bununla bağlı isə hesabat təqdim etmək böyük çətinlik yaratmır. Biz maliyyə hesabatını vaxtında MSK-ya təqdim etmişik".

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!