Modern.az

"AKP-nin ikinci olması bizi təəssüfləndirdi" - Azərbaycan partiyalarından REAKSİYA

Ölkə

2 Aprel 2024, 11:53

Martın 31-də qardaş Türkiyədə bələdiyyə seçkiləri baş tutub.Hələlik rəsmi nəticələr açıqlanmasa da, səslərin 100 faizə yaxını hesablanıb. Hesablamanın nəticəsi olaraq, ölkə üzrə ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası(CHP) birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ikinci, Yenidən Rifah 3-cü olub.           

 

Bəs seçkilərlə bağlı Azərbaycan partiyaları nələr düşünür?

 

Modern.az-a açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı bildirib ki, Türkiyədəki bələdiyyə seçkiləri olduqca şəffaf və demokartik keçirilib:

 

“Bütün dünyanın diqqəti dünən Türkiyədəki bələdiyyə seçkisinə yönəlmişdi. Biz də səhərə qədər nəticələri izlədik. Həmişə olduğu kimi AKP seçkiləri çox şəffaf və demokratik keçirdi. Belə olmasaydı, iqtidar partiyası olaraq ikinci olmazdı. CHP 22 ildə ilk dəfədir ki, seçkidə AKP-ni üstələyir. Bütün dünya ədalətli, şəffaf, demokratik seçkiyə şahidlik etdi. Nə müxaliflətin, nə də beynəlxalq müşahidəçilərin iradlarının olacağına inanmıram”.

 

Partiya sədri AKP-nin ikinci olmasına görə üzüldüklərini qeyd edib:

 

“Biz AKP-nin birinci olmasını niyə istəyirik? Çünki bu partiyanın Azərbaycanla bağlı siyasəti göz qabağındadır. AKP-nin Azərbaycanla yürütdüyü dostluq və qardaşlıq siyasəti nəticəsində Qarabağdakı, regiondakı məsələlərdə Türkiyə Azərbaycanın yanındadır. Dolayısı ilə AKP-nin Türkiyədə zəifləməsi Azərbaycanın regionda, dünyada mövqeyinin zəifləməsidir. Ona görə də biz AKP-nin qələbə qazanmasını istəyirdik. Seçkidə əsas rəqabət İstanbul, Ankara, İzmir, Antalya kimi böyük şəhərlərdə getdi. Burada da müxalifət qələbə qazandı. Bunun özü də Ərdoğanın üstünlüydür ki, 21 ildir iqtidardadır, amma yerli bələdiyyə seçkilərində uduzur. İndi hər halda AKP seçkinin nəticələrini dəyərləndirməlidir. Nəticənin belə olmasının səbəbi, səslərin harada və niyə azalması analiz edilməlidir. Rəy sorğuları keçirilməlidir. Sorğunun nəticəsi AKP-nin siyasi kursunu müəyyən etməlidir. Burada şəxsiyyət amili də vardı. Çünki Əkrəm İmamoğlu və Mənsur Yavaş fonunda müxalifətin ümumi kampaniyası getdi. Mən deyərdim ki, regionlarda və böyük şəhərlərdə insanlar CHP-dən daha çox Əkrəm İmamoğlu və Mənsur Yavaş obrazına səs verdilər. Onu da etiraf etməliyik ki, AKP-də Ərdoğnadan başqa cəmiyyətə təsir edəcək firqurların sayının az olması bələdiyyə seçkisində özünü göstərdi. Biz orada yaşamadığımız üçün məsələni dəqiq bilmirik. Amma hər halda bunu da dəyərləndirməyə ehtiyac var. Müxalifət əsas hədəflərinin 2028-ci ildə keçiriləcək prezident seçkiləri olduqlarını gizlətmir. Ərdoğanın elan etdiyi kimi 2028-ci ildə müxalifətin əsas namizədi ola biləcək İmamoğlunun qarşısına güclü rəqib çıxartmaq lazımdır. Bu amillər dəyərləndirilməlidir”.

T.Abbaslı seçkidən sonrakı dönəmlə bağlı da danışıb:

 

“Seçkidən sonrakı dönəmdə yenə də mərkəzi idarəçilik AKP-nin əlində olacaq. Parlamentdə çoxluq iqtidar partiyasındadır, prezident AKP-lidir. Dövlətin ümumi mənada xarici və daxili siyasətinə yön verəcək əsas resurslar yenə də AKP-nin əlindədir. Sadəcə olaraq, yerli idarəçilik, xidmət sahələri CHP-nin əlinə keçdi. İndi elə məsələlər var ki, onu CHP-nin idarə edə biləcəyi sual doğurur. Əkrəm İmamoğlu və Mənsur Yavaş qalib gəlsə də, İstanbul və Ankara, İzmir üçün qeyri-adi bir iş görülmədiyini hamı bilir. İndi nəsə qeyri-adi işlər görə biləcəklərinə də inanmıram. Hədəfləri yoxdur. Adamlar iqtidar davasındadır. Hər halda Türkiyə xalqının iradəsi budur. Heç kəs bu iradənin əleyhinə çıxış edə bilməz. Ərdoğan özü də qeyd etdi ki, xalqın iradəsinin qələbəsidir. Amma düşünürəm ki, bu, AKP üçün bir mesaj oldu. Mənə elə gəlir ki, AKP bu xəbərdarlıqdan lazımi nəticəni çıxarmalıdır”.

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli söyləyib ki, bələdiyyə seçkilərinin nəticələri Türkiyə vətəndaşlarının kifayət qədər dövlətçilik təfəkkürünə malik olduqlarını göstərib:

 

"Türkiyədəki seçkilərin nəticələri bu ölkə vətəndaşlarının kifayət qədər dövlətçilik təfəkkürünə malik olduqlarını göstərdi. Eyni zamanda bu, Türkiyənin yaxşı gələcəyinə ümidləri daha da artırdı. CHP-nin iri şəhərlərdə qələbə qazanması bu partiyanın gələcəkdə mövqeyini daha da gücləndirəcək. Müxalifətin inkişaf dinamikasıni açıq-aşkar görmək mümkündür. Bu gələcəkdə parlament və prezident seçkilərində də, sözsüz  ki, özünü göstərəcək. Bütün hallarda CHP-nin sədrini dəyişərək, bələdiyyə seçkilərinə qoşulmasi və uğurlu taktikaya sahib olmaqla apardığı seçki kampaniyası müsbət nəticələrini verdi".

M.Rəhimli CHP-nin seçkilərdəki uğurunun AKP üçün ciddi siqnal olduğunu düşünür:

 

"Hətta bu seçkiləri Türkiyədə siyasi qüvvələrin əvəzlənməsi prosesinin başlanğıcıda saymaq olar. Bunu həm də eyni AKP ilə elektorata malik Yenidən Rifah Partiyasının seçkilərdə topladığı gözlənilməz səslər olub. Bu AKP-nin elektoratını itirməsi deməkdir və ciddi siqnaldır. AKP-yə istinad edən dini kəsimin, belə görünür ki, artıq ondan narazı qaldığı məqamlar çoxdur. Seçkilərdəki nəticələrə təbii ki, ölkədəki iqtisadi durum da təsir edib".

 

Bütöv Azərbaycan Partiyasının sədri Elşad Musayev qeyd edib ki, bələdiyyə seçkilərinin nəticəsi AKP-yə xəbərdarlıqdır:


“Seçkilərin nəticəsi artıq məlumdur. Birinci yerdə müxalif Cümhuriyyət Xalq Partiyası, ikinci yerdə hakim Ədalət və İnkişaf Partiyası, üçüncü  yerdə isə qəribədir ki, Yenidən Rifah Partiyası qərarlaşdı. Seçkilərin nəticəsini belə gözləmək olardımı? Bəli, olardı. Mən bu yay təqribən bir ay Türkiyədə olmuşam. Türkiyənin iqtisadiyyatında ciddi problemlərin olduğu aydın görünür. Xeyli iş yerləri bağlanıb. İnsanların sosial-iqtisadi vəziyyəti xeyli zəifləyib. Ona görə də hakimiyyətdən ciddi narazılıq vardı. Onu da demək lazımdır ki, Ərdoğan hakimiyyəti Azərbaycana yaxındır. 44 günlük Vətən müharibəsində və digər məsələlərdə qardaş ölkədir deyə Azərbaycan üçün  böyük dəstək veriblər. Azərbaycanda AKP-yə simpatiyası olanlar da  var. Nəticə etibarilə, seçkilərin nəticəsi gözlənildiyi kimi oldu. Türk xalqı nəhayət öz sözünü  dedi. Hesab edirəm ki, bu AKP-yə vəziyyəti “düzəltmək lazımdır” xəbərdarlığıdır”.

 

E.Musayev vurğulayıb ki, hakimiyyət bu mesajdan nəticə çıxarmalıdır:


“Əgər vəziyyət düzəlməsə, növbəti mərhələdə, yəni Prezident seçkilərində də AKP-nin məğlubiyyətinin şahidi ola bilərik. Bununla bağlı prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı oldu. O da səhvlərdən nəticə çıxaracaqlarını bildirdi.  Burada əsas məsələ sosial-iqtisadi vəziyyət idi. İkinci yerdə ideoloji və digər məsələlər dayanırdı. Türkiyə hakimiyyəti təbii ki, özü üçün nəticə çıxaracaq. Bundan sonra insanlar yenidən seçkilərə hazırlaşacaq. Türk xalqı belədir. Lazım olan anda  istənilən siyasi qüvvə və liderə öz xəbədarlığını edə, sözünü deyə bilir”. 


Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı vurğulayıb ki, Türkiyədəki seçkilər çox şəffaf və demokratik keçirilib:


“Ümumiyyətlə, Türkiyədə uzun illərdir ki, seçki ənənəsi var. Hər seçkidə böyük seçici aktivliyi müşahidə edilir. Burada 80 ildən artıqdır ki, bələdiyyələrə seçkilər keçirilir. Partiyaların kütləvi şəkildə iştirakından, 60 milyon seçicinin iradəsindən söhbət gedir. Bələdiyyə hakimiyyəti  Türkiyədə çox inkişaf edib və geniş səlahiyyətlərə malikdir. Buna görə də, böyük potensiala malik siyasi qüvvələr olduqca güclü rəqabət aparırlar. Bir daha sübut olundu ki, Türkiyə demokratik ölkədir. Müxalifətdə olan bir partiya hakimiyyətdə olan AKP-yə qalib gəldi. Bu demokratik ənənə Türkiyəyə məxsusdur, ona görə də gözlənilən idi”. 


N.Orduxanlı Ərdoğanın böyük nüfuza malik olduğunu, növbəti prezident seçkilərinə qədər hakimiyyətdə qalacağını deyib:


“Bütün imkanları ilə prezident Ərdoğan çox böyük nüfuza malikdir. Növbəti prezident seçkilərinə kimi Rəcəb Tayyib Ərdoğan prezident olacaq. Özü də bəyan edib ki, 2028-ci ildəki prezident seçkisinə qatılmayacaq. Amma ondan sonrakı dövrdə AKP-nin taleyi necə olacaq? Bu, gələcəyin mövzusudur. Düşünürəm ki, Ərdoğanı o səviyyədə əvəz edəcək bir lider yoxdur. Bunu zamanın öhdəsinə buraxmaq lazımdır. Hakimiyyət seçki yolu ilə CHP-nin, yaxud MHP-nin və ya hansısa digər siyasi partiyanın əlinə keçə bilər. Ona görə də düşünürəm ki, AKP Ərdoğan hakimiyyətdə olduğu müddətdə iqtidar olacaq. Hazırda Ərdoğan bələdiyyə seçkilərində uduzmasına baxmayaraq, çox güclüdür. Çünki onun parlamentdə səs çoxluğu, prezident seçkilərində qazandığı böyük səs var. Ona görə də 2028-ci ildəki seçkilərə qədər Ərdoğanın hakimiyyətdə qalacağını düşünürəm”. 

 

Siyasətçi bildirib ki, Türkiyədəki bələdiyyə sistemini Azərbaycanda tətbiq etmək istəyiriksə, mütləq bələdiyyələrə geniş səlahiyyətlər verilməlidir.

 

"İndiki halda bələdiyyələr çox məhdud səlahiyyətə sahibdir, öz fəaliyyətini həddindən artıq  doğrulda bilmir. 1999-cu ildə Azərbaycanda yaradılmış bələdiyyə sayı 2700  idi. Onun minini ləğv etdilər və birləşdirdilər. Bu yaxınlarda parlamentdə  yenə də bələdiyyələrin birləşdirilməsi müzakirə olunub. 10 milyon əhalisi olan ölkədə 30 il bundan əvvəl 2700 bələdiyyəsi olan Azərbaycanda artıq 700-800 bələdiyyə saxlayırlar. Mən Fransada olmuşam, bələdiyyə təcrübəsini öyrənmişəm. Orada bələdiyyə institunun formalaşması təxminən  850-900 ilə təsadüf edir. Avropada yerli özünüidarəetmənin tarixi min ildir. Ona görə də Avropada, həmçinin qardaş Türkiyədə yerli özünüidarəetmənin səlahiyyətlərinə baxmaq lazımdır.  Bu baxımdan düşünürəm ki, Azərbaycanda da bələdiyyələrin geniş səlahiyyətlərə malik olması üçün nəhayət addımlar atılmalıdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!