Modern.az

“Katolikos elə üz qoymayıb ki, onu Bakıya dəvət edim” - Şeyx

“Katolikos elə üz qoymayıb ki, onu Bakıya dəvət edim” - Şeyx

Ölkə

10 Aprel 2024, 09:34

Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülsilam hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, görüşə bütün ermənilərin katolikosu II Qareginin dəvət olunması məsələsi də müzakirə oluna bilər:

"Amma o, elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtilə onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla, erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir.

Onlar heç cür razılaşmırlar ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Hələ də razılaşmırlar ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Katalikosa dedik ki, bunu qəbul eləsin, biz də onu qəbul edək. Həyat davam edir, bir gün gələcək, o bunu başa düşəcək".

QMİ sədri deyib ki, ermənilər, o cümlədən kilsə nümayəndələri bu gün də dünyadakı havadarları ilə birgə belə məlumat yayırlar ki, guya Azərbaycan işğaldan azad edilən ərazilərində kilsələri sökür, dağıdır.

“Bunlar hamısı yalan və iftiradır. İnanıram ki, bu iftiralara heç kim uymayacaq! Vaxt gələcək, ermənilər də həqiqətləri qəbul edəcəklər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!