Modern.az

Azərbaycanda nəqliyyat islahatları: Xidməti maşınlar azaldıla bilərmi?

Azərbaycanda nəqliyyat islahatları: Xidməti maşınlar azaldıla bilərmi?

Ölkə

19 Aprel 2024, 12:07

Azərbaycanda son aylarda nəqliyyat sahəsində ciddi islahatlar aparılır. Küçə və prospektlərdə avtobus və velosiped zolaqları salınıb, taksilərlə bağlı yeni qaydalar hazırlanıb, ictimai nəqliyyatın yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb. Həmçinin bayram günlərində və həftənin sonuncu günündə şəhərin mərkəzinə yaxın küçələrə avtomobillərin girişi qadağan edilib.

 

Bəzi ekspertlər deyir ki, nəqliyyat sahəsində islahatların əsas hədəfi insanları məcbur olmadıqca şəxsi avtomobildən imtina etməyə və ictimai nəqliyyata yönləndirməyə təşviq etməkdir. Bununla yanaşı dövlət qurumlarına məxsus xidməti avtomobillərin sayının azaldılması da təklif edilir.

 

Milli Məclisin Mədəniyyə Komitəsinin sədri Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki, şəxsi avtomobillərin sayının azaldılması xidməti avtomobillərlə əlaqələndirilməməlidir:

 

"Çünki bir ailədə 4-5 nəfərin avtomobilinin olması həqiqətən də problem yaradır. Bu da müasir dövrün prinsiplərinə uyğun bir addımdır. Hər halda bu, ancaq maarifləndirmə, ictimai nəqliyyatın artıq keyfiyyətli xidmət göstərməsi yolu ilə ola bilər. İndi avtobusdan başqa ictimai nəqliyyat yoxdur. Metro da bir çoxları üçün müəyyən dərəcədə əlçatan deyil. Bu məsələ problemdir. Artıq bu problemin üzərində düşünmək də çətindir. Alternativ yollar çoxaldılmalıdır. Bu yollar çoxaldıqca yükün paylaşımı daha real olacaq. Yenə də bu istiqamətdə maarifləndirici işin aparılmasında fayda var. Yəni, Bakıda azda olsa, avtomobillərin sayı azala bilər. Regionların inkişafına yönəlik bir siyasət izlənilməlidir. İnsanlar Bakı şəhərindən köçməlidir. Daha çox öz regionlarında iş tapmalıdırlar. Bu siyasət aparılsa, Bakıdakı əlavə yüklənmənin qarşısını almaq mümkün olacaq”.


Nəqliyyat eksperti Aslan Əsədov düşünür ki, yeni-yeni dövlət qurumları yaranır, yeni əlavə iş yerləri açılır və buna göörə hazırda xidməti maşınların azaldılması real görünmür:
 

"Yeni qurumlar inzibati idarəetmə yarandıqca onların nəqliyyat, avtomobil xərcləri bura aid olur. Xidməti maşınların sayının azaldılması qənaət proqramları çərçivəsində ola bilər. Bu da təbii ki, dövlətin verdiyi qərarlardan asılıdır. Bunu qənaət mexanizmi ilə həyata keçirmək olar. Müvafiq qərardan, tədbirlər planından asılıdır. Avtomobillərin sayının çox olması dövlətin iqtisadi gücüdür. Bu dövlətin iqtisadi planıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir