Modern.az

Zəfərimizin 2 ili - Bu müddət ərzində nələr QAZANDIQ?

Zəfərimizin 2 ili - Bu müddət ərzində nələr QAZANDIQ?

9 Noyabr 2022, 13:35

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən 2 il ötür. Bu müddət ərzində düşmən tapdağından azad edilmiş ərazilərimizdə irimiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb, Böyük Qayıdış prosesinə start verilib. Hazırda bu istiqamətdə sürətli işlər aparılır. 

 

Bəs, Zəfərimizin əldə olunmasından geridə qalan 2 il ərzində Azərbaycan nələrə nail oldu? 

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatları ayrı-ayrı sahələr üzrə qələbənin üstünlüklərini sadalayıblar.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Azərbaycan Ordusu qarşısına qoyduğu məqsədi Vətən müharibəsində yerinə yetirib:

 

 

“Ordumuz həm suda, həm quruda, həm də dağlıq sahədə vuruşma qabiliyyətini bütün dünyaya göstərdi. Buna görə, dünyanın aparıcı ölkələrində təşkil olunan hərbi kurslarda Azərbaycan Ordusunun taktikaları, əməliyyatları necə aparması haqqında nəzəriyyələrin öyrədilməsi fikri formalaşdı. Azərbaycan Ordusu həm ənənəvi, həm də hibrid müharibə apara bildi. Xüsusilə müasir texnologiyalardan istifadə etməklə, Azərbaycanın hərbi sənaye kompleksinin köməyi ilə nailiyyət qazandıq. Seçilən taktika, strategiya zamanı Azərbaycanın öz silahlarından da istifadə olundu.

 

Bütün bunları idarə edən Ali Baş Komandan idi. Eyni zamanda Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, bütün hüquq-mühafizə orqanlarının xidmətləri, xalqın ruh yüksəkliyini qorumaq üçün aparılan informasiya müharibəsi və s. sübut etdi ki, biz qalibiyyətə layiqik.

 

Azərbaycan Ordusunun bu cür müasir vəziyyətə gəlməsi Ulu Öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi ciddi islahatların təzahürü idi. Cənab Prezidentin də orduda həyata keçirdiyi islahatlar, müasir silahların, texnikanın alınması qələbəni ortaya qoydu.

 

Ən mühüm məqam isə bu idi ki, ermənilərin özləri haqqında yaratdığı miflər darmadağın oldu. Vətən müharibəsində Azərbaycanın qələbəsindən indiyə qədər Ermənistan ordusunda istefalar, narazılıq, ölkə daxilində çevriliş cəhdləri və s. nüansların şahidi olduq”.

 

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov xatırladıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edən kimi ərazilərimizdə dövlət strukturlarının inzibati binalarının tikilməsi, infrastrukturun yaradılması, iqtisadi layihələrin icrası üçün addımlara başlanıldı:

 

“Hər birimizə məlumdur ki, azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı. Ölkə başçısının tapşırığına əsasən, ərazilərin potensialı nəzərə alınaraq, soydaşlarımızın öz doğma yurduna qayıtması üçün şəraitin yaradılması məqsədilə dövlət planları hazırlandı. İlk növbədə ərazilərin minalardan təmizlənməsi, yolların çəkilməsi, hava limanlarının tikilməsi, enerji təminatı və digər sahələr üzrə proseslər sürətlə həyata keçirildi. Həm Şərqi Zəngəzurda, həm də Qarabağda iqtisadi potensialımız kifayət qədər yüksəkdir. Orada qiymətli metallar, kənd təsərrüfatı və turizmin inkişafı üçün münbit şərait var. Bütün bunlar ərazilərin ölkənin iqtisadiyyatına cəlb edilməsi üçün müsbət məqamlardır.

 

2022-ci ilin dövlət büdcəsində azad edilmiş ərazilər üçün 2.5 milyard manat vəsait nəzərdə tutulmuşdu. İndi 2023-cü ilin büdcəsi hazırlanıb, müzakirə olunur. Bu büdcədə isə 3 milyard manat vəsait Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün nəzərdə tutulub. Həmin rayonlarda görüləcək işlər və ölkə iqtisadiyyatının gəlirli sahəyə çevrilməsini təmin edəcək.

 

Regionun iqtisadi mənzərəsini dəyişəcək yeni layihə - Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan iqtisadiyyatı üçün töhfə verəcək. Vətən müharibəsində Zəfərimiz bizim qürurlu tariximiz olmaqla bərabər ölkə iqtisadiyyatının inkişafı üçün böyük perspektivləri də səciyyələndirdi”.

 

 

Parlamentin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov isə qələbənin Azərbaycanın regionda mövqeyinə əsaslı təsir etdiyini bildirib. Deputat vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir ordu quruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi:

 

“Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir.

 

Azərbaycan öz qələbəsi ilə regionda yeni əməkdaşlıq mühiti yaradıb və bunun üçün müxtəlif platformalar irəli sürülüb. Bütün bunlar regionun inkişafında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Region ölkələri, hətta  Ermənistan da öz siyasətində dəyişiklik etməklə, bu təkliflərdən yararlana bilərlər. Azərbaycan qalib ölkə olaraq regionun hər bir ölkəsi ilə əməkdaşlıqda maraqlıdır. Bu vaxta qədər Ermənistan istisna olmaqla regionun hər bir ölkəsi ilə əməkdaşlıqlar yüksək səviyyədə olub. Azərbaycan-Türkiyə münasibətləri bu deyilənlərə ən gözəl nümunədir. Ölkələrimiz hər zaman bir-birinin yanında olub və biz Vətən müharibəsi başlanan ilk saatlardan bir daha bu birliyin şahidi olduq. Qardaş Türkiyə dövləti və dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatlar başalayan ilk saatlardan ölkəmizə siyasi dəstək verərək Azərbaycanın yanında olduqlarını bütün dünyaya bəyan etdi.

 

Böyük ruh yüksəkliyi və qürur hissləri ilə Zəfər təntənəsini yaşayan xalqımız və dövlətimiz bu zəfəri bizə bəxş edən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, Silahlı Qüvvələrimizə öz dərin təşəkkürünü bildirir. Dövlətimiz, xüsusilə də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə qarşı yüksək diqqət-qayğı var”.  

 

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi