Modern.az

Azərbaycanla Qazaxıstan strateji tərəfdaşdır

Azərbaycanla Qazaxıstan strateji tərəfdaşdır

Parlament

12 Mart 2024, 17:40

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.

Azərbaycanla Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Hər iki ölkənin xalqı eyni kökə, mədəniyyətə, ənənələrə söykənir. Qazaxıstanda yüz minlərlə soydaşımız yaşayır və onlar bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Azərbaycanla Qazaxıstan strateji tərəfdaş ölkələr kimi beynəlxalq arenalarda fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Bu ölkələrin dostluğunun əsasını qarşılıqlı əlaqələr təşkil edir.

Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.

Azərbaycan və Qazaxıstan media sahəsində də əməkdaşlıq edir. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıb.

Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Azəzrbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir.

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi oldu.

Bu sənədlərin imzalanması, bundan sonra da hər iki xalqın və dövlətin münasibətlərinin güclənməsinə öz töhfəsini verəcəyinə deməyə əsas verir.

Azərbaycan üçün Qazaxıstan həm də qardaş ölkədir. Bu, hər iki ölkə Prezidentinin qarşılıqlı səfərlərindən aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olub.

Qazaxıstan ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana hər zaman dəstək olub. Eyni zamanda işğaldan azad edilən Füzili şəhərində bu gün açılışı olan  Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir.


Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı