Modern.az

Azay Quliyevdən Latviya Xarici İşlər Nazirliyinə CAVAB

Azay Quliyevdən Latviya Xarici İşlər Nazirliyinə CAVAB

Parlament

18 May 2015, 00:03


Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının üzvü Azay Quliyev myın 21-22-də Avropa İttifaqının liderləri və Şərq Tərəfdaşları ölkələri rəhbərlərinın iştirakı ilə Riqada keçiriləcək “4-cü Şərq Tərəfdaşları Sammiti”ndən gözləntilərini açıqlayıb.
Modern.az-ın məlumatına görə, Azay Quliyev bildirib ki, Avropa İttifaqı bu zirvə toplantısını təşkil etməklə “Şərq Tərəfdaşlıq Proqramı”nın (ŞTP) ittifaq üçün hələ də əhəmiyyət kəsb etdiyini bildirmək və bu layihəyə dəstəyini təkrar ifadə etmək istəyir.

”Bu sammitin keçirilməsini həm də Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanın daxil olduğu ŞTP-ni xilas etmək cəhdi də adlandırmaq olar. Bu gün real mənzərəyə baxsaq, görərik ki, Avropa İttifaqının bu layihəsi ciddi böhran keçirir və demək olar ki, gələcək perspektivi şübhə altındadır. Belə ki, Ermənistan və Belarus Şərq Tərəfdaşlıq proqramının prinsip və məqsədləri ilə ziddiyyət təşkil edən Rusiyanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmaqla faktik olaraq bu layihədən çıxmış oldular. Azərbaycan isə ərazi bütövlüyünün dəstəklənməsi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməməsi kimi həyati əhəmiyyət daşıyan müddəaların Avropa İttifaqının təklif etdiyi assosiasiya sazişində nəzərə alınmamsına etiraz əlaməti olaraq bu sənədi imzalamaqdan imtina etdi. Ukrayna, Gürcüstan və Moldovanın isə istəkləri nəzərə alındığına görə onlar Avropa İttifaqı ilə assosasiya sazişini imzaladılar.

Göründüyü kimi, ŞTP iştirakçısı olan 6 ölkə içərisində yalnız Azərbaycana qarşı ayrı-seçkilik və ədalətsizlik edilmiş və milli maraqlarımız Avropa İttifaqı tərəfindən nəzərə alınmamışdır. Buna isə təəssüflənməmək və üzülməmək mümkün deyil. Ona görə ki, ölkəmiz 2009-cu ildə bu təşəbbüsə qoşulanda ümid edirdik ki, Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycanın etdiyi bu strateji seçim Brüssel tərəfindən adekvat qiymətləndiriləcək və milli maraqlarımızın təminatında Avropa İttifaqından haqq etdiyimiz dəstəyi ala biləcəyik. Biz həm də ona görə belə düşünürdük ki, bütün təhdidlərə və risklərə rəğmən Azərbaycan Avropa İttifaqını alternativ enerji ilə təmin edən və götürdüyü beynəlxalq öhdəliklərə tam sadiqlik nümayiş etdirən yeganə tərəfdaş ölkədir. Təəssüf ki, bu gözləntilər özünü doğrultmadı və tam əksinə, bir çox hallarda ölkəmizə qarşı haqsızlığın, qərəzli mövqeyin və ikili standartların şahidi olduq”.

A.Quliyevin fikrincə, Ukraynada baş verən hadisələrə Avropa İttifaqı tərəfindən sərt reaksiyanın verilməsi, bu ölkənin ərazi bütövlüyünün tam olaraq dəstəklənməsi və ən önəmlisi isə beynəlxalq hüququn bu prinsipini pozan Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq edilməsi fonunda birliyin Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını uzun müddət işğalda saxlamasına səssiz qalması və işğalçı ölkəyə qarşı adekvat addımlar atmamasını nə izah etmək, nə də anlamaq mümkündür.

”Bu azmış kimi Ermənistanın Putinin göstərişi ilə assosiasiya sazişinin imzalanması ilə əlaqədar 3 ildən çox müddət ərzində Avropa İttifaqı ilə apardığı danışıqların yekunundan və götürdüyü öhdəlikdən bir gecənin içində imtina edərək Gömrük İttifaqına qoşulmasına Brüsselin “dişsiz” reaksiyası və əksinə şərq tərəfdaşlıq proqramının parlament ölçüsü olan Avronest Parlament Assambleyasının illik sessiyasının bu ilin martında İrəvanda keçirilməsi haqqında qərar verməsinin isə bir adı var: siyasi riyakarlıq və ikiüzlülük”.

Millət vəkili bildirib ki, “Şərq Tərəfdaşlıq Proqramı”nın hazırkı durumunun qısa analizindən sonra bizi bir sual düşündürür: Riqa sammitindən Azərbaycanın konkret gözləntiləri nədir və biz Avropa İttifaqından nəyi tələb etməliyik?

”Məncə ölkəmizin istək və gözləntilərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Avropa İttifaqı Azərbaycanla milli maraqlarımızı özündə ehtiva edən və ölkəmizin geosiyasi və strateji əhəmiyyətinə adekvat olan yeni bir sənədin, strateji əməkdaşlıq sazişinin imzalanmasının zəruriliyini rəsmən bəyan etməlidir;

2) Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız beynəlxalq hüquq normaları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində dəstəklədiyini açıq və birmənalı bildirməlidir;

3) Avropa İttifaqı Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz və təxirəsalınmadan çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını Ermənistandan tələb etməli və əks təqdirdə Rusiyaya qarşı istifadə etdiyi sanksiyaları Ermənistana qarşı tətbiqini gündəmə gətirməlidir. Avropa İttifaqı şərq tərəfdaşlığı proqramına daxil olan 6 ölkədən yalnız Ermənistanın işğalçılıq siyasəti yürüdərək digər iştirakçı dövlətin- Azərbaycanın ərazisini işğal etməsi faktını xüsusi vuğulamalı və bunun qəbul edilməz olduğunu bildirərək işğala son qoyana kimi Ermənistanın bu platformada fəaliyyətini dayandırmalıdır;

4) Avropa İttifaqı Avropa Parlamenti və digər Avropa institutları tərəfindən Azərbaycana qarşı sərgilənən ikili standartların, qərəzli və ədalətsiz qərar və qətnamələrin yolverilməz olduğunu bildirməli, bu qurumları Azərbaycanla konstruktiv əməkdaşlığa və dialoqa səsləməlidir.

Riqa sammitində bütün bu qeyd olunan 4 bəndə uyğun addımlar atılarsa və yaxud bu istiqamətdə müəyyən fəaliyyətə başlanılarsa, bu regionun lider dövləti olan Azərbaycana qarşı indiyə kimi Avropa İttifaqı tərəfindən yol verilmiş haqsızlığa son qoymuş olar və Aİ-Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldər”.

A.Quliyev deyib ki, onun bu şərhi Latviya Xarici İşlər Nazirliyinin “Şərq tərəfdaşlığı” məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykansın “sonrakı əməkdaşlıqla bağlı Azərbaycandan təkliflər gözləyirik” fikrinə cavab kimi də qəbul edilə bilər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!