Modern.az

5 yaşında Xocalıdan çıxdı, 30 il sonra QİSASINI ALDI – “Biz uşaqlıq yaşamadıq”

5 yaşında Xocalıdan çıxdı, 30 il sonra QİSASINI ALDI – “Biz uşaqlıq yaşamadıq”

Qarabağ

26 Fevral 2023, 11:20

Xocalı soyqırımından 31 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib.

 

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

 

İllərlə soyqırım dəhşətlərinin ağrı-acısını yaşayan, doğmalarını itirən Xocalı sakinlərinin ən böyük təsəllisi düşməndən qisasın alınması oldu. Azərbaycan Ordusu 2020-ci ilin Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yanaşı, Xocalının da qisasını aldı.

 

Xocalının qisasını almaq üçün döyüşə yollananlar arasında xocalılılar da az olmayıb. Onlardan biri Anar Həsənovdur. İkinci Qarabağ müharibəsində könüllü iştirak edən Anar 5 yaşında olarkən doğma yurdunu tərk edib.

 

31 il əvvəl Xocalıda baş verən insanlıq əleyhinə cinayətlərin şahidi olan müsahibimiz müharibə başlayan günədək qisas hissi ilə yaşadığını deyir. Onun ən böyük istəyi Xocalıda qətlə yetirilən günahsız insanların qisasını almaq idi. “Şəhid qanını yerdə qoymaq olmaz” deyən Anar Xocalı faciəsini ürəkyanğısı ilə xatırlayır.

 

“Azərbaycan xalqının başına gətirilən faciə heç vaxt yaddan çıxa bilməz. Biz orada uşaqlıq görməmişik. Xocalının işğaldan əvvəlki gözəlliyini hansısa sözlə ifadə etmək çətindir. Qətliam zamanı yaxınlarımdan çoxu girov düşüb və öldürülüb. Girov götürülənlər arasında dayım və 2 yaşlı qızı da olub. Sonra babam ermənilər tərəfindən girov götürüldü. Aparılan danışıqlardan sonra onlar azad olundu, ancaq dayım girovluqdan döndükdən sonra çox yaşamadı. Həmçinin babamın bacısı və həyat yoldaşı girov düşmüşdü, onları ermənilər güllələmişdilər. Əsirlikdən qayıdan qohumlarım onlara verilən işgəncələri bir neçə il sonra danışdılar. Çox dəhşətli işgəncələrə məruz qalıblar. Onları tikanlı tellərlə döyərək işgəncə veriblər”, - deyə müharibə iştirakçısı bildirib.

 

 

Uşaqlığında erməni cinayətlərinə şahidlik edən Anar illərlə psixoloji sarsıntı yaşayıb:

 

“Qatillər qadın, uşaq demədən hər kəsi güllələyirdilər. Xocalıda törədilən vəhşilik insanlıq adına böyük ləkədir. İşğalçılar dinc əhalinin üstündən maşınla keçirdilər. Əslində bu faciəni sözlə ifadə eləmək çox çətindir. İnsanlar əliyalın şəkildə vətənini, ailəsini qorumaq üçün mübarizə aparırdı. Bildiyimiz kimi, o vaxtlar kifayət qədər silah-sursatımız yox idi. Hətta yerli sakinlər əllərində olanlarla kəndlərin giriş-çıxışında keşiş çəkirdilər”.

 

Müsahibimiz Vətən müharibəsinin başladığını eşidəndə bir an belə tərəddüd etmədən könüllü ordu sıralarına yazılıb:

 

“Mən həmişə inanırdım ki, bir gün torpaqlarımıza qayıdacağıq. Heç vaxt ümidimi üzməmişdim. Bilirdim ki, qisas qiyamətə qalmayacaq, şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisasını artıqlaması ilə alacağıq. Buna əmin idim və həmin günü gözləyirdim. Çox şükür, bu günü görmək bizə qismət oldu, döyüş meydanında qisasımızı ala bildik. Biz ermənilərdən fərqli olaraq intiqamımızı yalnız döyüş meydanında aldıq.

 

Müharibənin başladığını eşidəndə həmin dəqiqə oraya yollanmaq istədim. Döyüşə getmək üçün könüllü müraciət etdim. İllərlə o günü gözləyirdim, burada qala bilməzdim. Vətən qarşısında borcumu yerinə yetirərək müharibədə iştirak etdim və Allaha şükürlər olsun ki, ən qısa zamanda qələbə qazandıq. Həm torpaqlarımızı azad etdik, həm də qisasımızı aldıq”.

 

Rahib Ələsgərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır