Modern.az

“Natiq mənə yaşama səbəbi verib - Mərhum jurnalistin xanımı ilə SÖHBƏT - FOTOLAR

“Natiq mənə yaşama səbəbi verib” - Mərhum jurnalistin xanımı ilə SÖHBƏT - FOTOLAR

Reportaj

17 Yanvar 2022, 15:07

Modern.az saytı dünyadan vaxtsız köçmüş jurnalistlərin ailələrilə silsilə söhbətlərə davam edir.

 

Bu dəfə mərhum jurnalist Natiq Qədimov haqqında ailə xatirələrini qələmə aldıq.

 

Arayış: Natiq Aydın oğlu Qədimov 1976-cı ildə Bakıda anadan olub. Bakı Sənaye Kollecinin məzunu olub. Mərhum jurnalist ANS telekanalında, APA TV-də və digər mətbu orqanlarda çalışıb.

 

Natiq Qədimov 22 noyabr 2017-ci il tarixində ürəktutmasından vəfat edib. Mərhum jurnalist Maştağa kənd qəbristanlığında dəfn olunub.

 

Bir çox KİV-lərdə çalışan həmkarımızın son iş yeri “APA Holdinq”ə daxil olan APA TV idi.

 

Əməkdaşımız jurnalistin həyat yoldaşı Nurlana Qədimova ilə həmsöhbət olub.

 

Beləliklə, Nurlana xanımı dinləyək:

 

“Biz taleyin oyununda cütlənmiş zər idik…”
 

“Çox şən, həyatdolu insan haqqında danışırıq. Natiq mənim ruh əkizim idi. Onunla biz saatlarla istənilən mövzuda söhbət edirdik. Natiq hərtərəfli biri idi. İnsanı qiymətləndirməyi çox gözəl bacarırdı. Hazırladığım bir yeməyi, bir süfrəni elə qiymətləndirirdi ki, özümü master şef hiss edirdim.

 

Ürəyi çox təmiz, uşaq kimi sevinən, sevgi dolu idi. Qonaq gələndə o qədər sevinirdi ki, elə bil dünyanı ona veriblər. Ətrafında olan hər kəs onun üçün dəyərli idi. Bu boyda sevgini ürəyinə necə yerləşdirirdi, hələ də mənə maraqlıdı...

Bir dəfə rayona hazırlaşırdıq, maşınını yuduzdurmağa getdi. Qayıdanda üzündəki ifadə heç yadımdan çıxmır… “Nuruş, qonşunun uşağının qızdırması qalxmışdı, həkimə apara bilmirdi, əlimdə olan pulu verdim ona. Və biz gedə bilmirik”, - dedi.
Cavabımda “mən də olsam, eynisini edərdim” deyib, gülə-gülə şəhərə çıxdıq. Bəlkə bu gün elə ona görə balaca Natiq xəstələnəndə Allah da bizi darda qoymur. Natiqdən saatlarla danışmaq olar…”.

 

“Mənə gülümsəyərək, “hamı mənə “əmi” deyir, siz heç vaxt deməyin” söylədi”

 


“Natiqlə tanışlığımız tamam fərqli cür baş verib. Mənim məktəb yoldaşım, jurnalist İlahə Vəliyeva onun iş yoldaşı idi. İlahənin ad günü idi. İş yoldaşları ilə qeyd edirdi, düzü getmək istəmirdim. Çünki heç kimi tanımırdım, sıxılacağımı fikirləşib etiraz etsəm də, getdim. Məclisdə hər kəs “əmi harda qaldı? Əmi indicə gələcək" deyirdi. Natiq zala daxil olanda mən özümdən asılı olmadan yüksək səslə İlahəyə “bayaqdan “əmi gələcək" deyirsiz, bu ki cavan oğlan imiş” söylədim.
Natiq bizə yaxınlaşıb özünü təqdim etdi. Deyəsən mənim səsimi eşidibmiş. Gülümsəyərək, “hamı mənə “əmi” deyir, siz heç vaxt demeyin” dedi. Sizdən gizlətməyəcəm: həmin anda o söz mənə təsir etdi. Ağlımdan kaş ki, bu sözü əbəs yerə deməyərdi fikri keçdi.

Onun ürəyi ilə bağlı qətiyyən heç bir şikayəti olmayıb. Əgər bir şikayəti olsaydı, bircə dəfə desəydi ki, ağrıları var və ya narahatdır, mən onu qoymazdım buna laqeyd yanaşsın. Bir yol tapıb aparardım həkimə, lap məcbur edərdim. O heç vaxt ürəyindən şikayət etməmişdi”.

 

“Natiq hər şeyi başımdan aşağı töküb getdi”

 

“Xəbər onu çox sevindirmişdi. Uşaq kimi əlinə telefonu alıb əziz bildiyi hər kəsə bu xəbəri verirdi. Məni çox əzizləyirdi. Onun sevincini əvvəlcə mən anlamırdım. Axı o yenə ata olacaqdı. Niyə ilk dəfə bu hissi dadacaqmış kimi davranırdı? Əlbəttə, bu sualı ona da verdim. Natiqin cavabı belə oldu: "Müəllimə, (mənə həmişə bu cür müraciət edərdi) Nihad tək olmayacaq, ya qardaşı, ya da bacısı dünyaya gələcək".
Nihad onun birinci evliliyindən olan övladı idi, adı dilindən düşmürdü.

Deyirdim ki, Natiq evimizdə iki uşaq olacaq, çünki özü də uşaq kimi sevinirdi. Bir dəfə dostu bizə gəlmişdi,  onunla söhbətini eşitdim, deyirdi ki, "uşağın tərbiyəsi ilə müəllimə məşğul olacaq, onun necə bir uşaq tərbiyə edəcəyindən arxayınam". Elə dediyi kimi də elədi, təkcə tərbiyəsini yox, hər şeyi başımdan aşağı töküb getdi. Gücüm çatan, ya çatmayan hər şeyi...".

 

“Biz yad ikən doğma olan insanlarıq”

 

“Natiqin ilk evliliyindən olan övladı ilə əlaqəm var. Natiqin yadigarından biri də odur axı, mən necə onlarla əlaqəni kəsə bilərəm? Amma bunun adına dərd deməzdim, dərddən yaxınlaşmamışıq. Biz yad ikən dogma olan insanlarıq. Natiqin varlığı mənim üçün o qədər dəyərlidi ki, onun cismani yoxluğunu dərd kimi qəbul etmirəm. O, məndədi, hələ yaşayır. Natiqli günləri bu şeirlə yad edim:

 

Qayıda bilmirəm o günlərə,

Sevgili qayğısız o illərə.

Qaytara bilmirəm mən keçənləri,

Hələ yaşadıram məndəki səni”.

“Mən çətinlikləri dilə gətirmək istəmirəm”

 

“Maddi və mənəvi çətinliklərim çox oldu. Bu çətinlikləri dilə gətirib, onun ruhunu incitmək istəmirəm. Onun yoxluğunu isə bu misralarla
 

Çəkdiyim nalədən neyçün oyanmaz,
Şirin röyasına qurban olduğum

ifadə edə bilərəm.

 

Dostları Natiqin ailəsi ilə tez-ptez maraqlanır. Allah maraqlanan hər kəsdən razı olsun. O dostdan zəngin insan idi. Görünür, dost seçimində yanılmayıb. Elnur, İlahə, Ruslan, Amil həmişə xəbər tutur, gəlirlər. İlkin daha çox gəlir, xəbər bilir. Hər birinin Allah canını sağ etsin!

 

“Bir də gördük “atam qaldı” deyə şəkli qoltuğuna vurub gətirir”

 

“Oğlum əvvəl balaca idi, atasının şəklinə baxanda ona “əmi” deyirdi. Yavaş-yavaş öyrəndi, indi "ata" deyir. "Kimdi?" soruşanda "mənim atam" cavabını verir. Biz evdən başqa yerə köçürdük, mənzili boşaltdıq. Heç nə qalmadı, şəkli pəncərəyə qoymuşdum ki, əşyalara qarışmasın, özümüzlə götürüm. Baş qarışıb unutmuşam. Bir də gördük “atam qaldı” deyə şəkli qoltuğuna vurub gətirir. Onun mələk olduğunu demişəm. Böyüdükcə, həyatı dərk etdikcə, atasını daha yaxşı tanıdacam. Natiqə layiq övlad olacağını diləyirəm, bunun üçün bir ana kimi öhdəmə düşəcək hər şeyi edirəm və edəcəm”.

“Övladımız da Natiq kimidir”

 

“Natiq mənim qəlbimdə sonsuz izlər qoyub gedib, onun haqqında deyəcəyim sözlər sonsuzdur, ömür kitabımın ən maraqlı səhifələri Natiqli günlərim idi… Övladım üçün yaşayıram, onun xoşbəxt gələcəyi üçün yaşayacağam. Allah ən böyük sevincini ən böyük dərdinə büküb verir. Balaca Natiq ən böyük sevincimdi.

 

Natiq mənə ailə qurub və yaşama səbəbi verib. Bu dünyadan getsə belə, özü kimi onu xatırladan onun kimi baxan, onun kimi gülən, eyni onun kimi yemək yeyən, onun kimi adam sevən, əzizləyən, qayğımı çəkən birini mənə əmanət edib. Biz Natiqlə üzərimə düşən analıq vəzifəmi və Allahın verdiyi ömrü bitirib, əlbəttə, bir gün görüşəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı