Modern.az

ATƏT-in Minsk Qrupu həmsədrlərindən yeni təkliflər

ATƏT-in Minsk Qrupu həmsədrlərindən yeni təkliflər

Təhsil

25 Oktyabr 2011, 09:03

ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanatla çıxış ediblər.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik oktyabrın 21-dən 24-dək İrəvan, Dağlıq Qarabağ və Bakıda səfərdə olub, prezidentlər İlham Əliyev və Serj Sarkisyanla, eləcə də Dağlıq Qarabağda seperatçı rejimin rəhbərliyi ilə görüşüblər.

Bəyanatda qeyd edilir ki, münaqişənin dinc yolla nizamlanması istiqamətində növbəti irəliləyişlərə nail olmaq məqsədilə həmsədrlər tərəflərə danışıqlar atmosferinin əhəmiyyətli dərəcədə yaxşılaşdırmağın, etimadı gücləndirməyin və atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyini vurğulayıblar. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif sahələrdə etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə dair bir sıra təkliflər irəli sürüblər.
Daha sonra bildirilir ki, tərəflər təmas xətti boyunca insidentlərin araşdırılmasına dair prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyevin martda Soçidəki bəyanatında razılıqlarını bildirdiyi və apreldə həmsədrlər tərəfindən təklif olunan mexanizm layihəsi barədə prinsip etibarilə razılığa gəliblər.

Həmsədrlər həmçinin hər iki ölkənin dini rəhbərləri ilə ayrı-ayrılıqda görüşərək, əhalini münaqişənin sülh, ədalətli və davamlı nizamlanmasına hazırlamağın zəruriliyini müzakirə ediblər.

Oktyabrın 22-də isə həmsədrlər qoşunların təmas xəttini son 15 ay ərzində dördüncü dəfə piyada keçiblər. Bu hadisə qonşu xalqlar arasında daimi baryerin olmadığını bir daha üzə çıxarıb və tərəflərin istəyi olduğu təqdirdə hərbi əlaqələndirmənin mümkünlüyünü nümayiş etdirib.
Bəyanatın yekununda bildirilir ki, həmsədrlər noyabrın sonunda regiona növbəti dəfə səfər edəcəklər. Bu səfərin məqsədi tərəflərlə yuxarıda göstərilən tədbirləri işləyib hazırlamaq və tərəflər arasında gələcək görüşlərə zəmin yaratmaq üçün növbəti addımların müəyyən edilməsi məqsədilə öz işlərini davam etdirməkdir.


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü