Modern.az

Məktəblərdə adambaşına maliyyələşmə: gecikmişik, ancaq uğur əldə etmək olar

Məktəblərdə adambaşına maliyyələşmə: gecikmişik, ancaq uğur əldə etmək olar

5 Mart 2024, 17:42

Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran zaman repetitorluq, dərsdənkənar məşğələlərin aradan qaldırılması məsələsinə də toxunub. O, bunun üçün uyğun bir modelin hazırlanmasının vacib olduğunu, artıq dünyanın bu modeli tapdığını vurğulayıb: “Dünyada bu prosesin çarəsi tapılıb ki, o da adambaşına maliyyələşmədir. Bunun üçün sovet dövründən qalma dərs bölgüsündən əl çəkməli, məktəblərdə adambaşına maliyyələşməyə keçməliyik”.

 

Emin Əmrullayev deyib ki, 2026-cı ildən artıq ölkədə 100 məktəb adambaşına maliyyələşmə sisteminə keçiriləcək. O, qarşıdakı illərdə daha çox məktəbin bu sistemə keçəcəyini qeyd edib.

 

Qeyd edək ki, adambaşına maliyyələşmə dedikdə dövlət tərəfindən məktəbə şagird sayına görə müvafiq ödənişin verilməsi nəzərdə tutulur. Emin Əmrullayev ötən il Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, Azərbaycan məktəblərində şagirdlərə düşən adambaşına maliyyələşmə qeyri-bərabər paylanıb. Onun sözlərinə görə, şagird sayı 30-a qədər olan 477 təhsil müəssisəsində 1 uşağa 7 min manat xərclənir.

 

E.Əmrullayev qeyd edib ki, bu rəqəmlər bəzi özəl məktəblərin qiymətlərinə bərabərdir: "Lakin həmin məktəblərdən yaxşı nəticə əldə bilmirik. Sinif sıxlıqlarının az olması məktəbdə şagirdlərin daha yaxşı oxuması demək deyil. Bu nəticə müəllimdən də asılıdır. Eyni büdcə ilə biz daha yaxşı xidmət göstərə bilərik".

 

Nazir əlavə edib ki, hətta bir məktəb var ki, orada cəmi bir şagir təhsil alır və həmin məktəb üçün ildə 64 min manat vəsait xərclənir: "O pulu yenə də xərcləyək. Lakin bu vəsaitə biz daha yaxşı nələrsə edə bilərik. Bakının böyük məktəblərinin birində orta hesabla bir şagirdə 600 manat xərclənirsə, hansısa ucqar kənddə bu rəqəm 30 min manatdır. Bu, əlavə paylanma baxımından ədalətli deyil. 600 manat xərclənən məktəb daha yaxşı nəticə verir. Dövlət vəsaitinin daha düzgün, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşma tədbirlərini davam etdirəcəyik".

 

Adambaşına maliyyələşmə təhsilimizə nə verəcək?

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Modern.az-a açıqlamasında bildirib ki, adambaşına maliyyələşmə dünyada çox geniş yayılmış sistemidir:

 

“Təhsil haqqında qanunda konkret göstərilir ki, təhsildə adambaşına düşən maliyyə normativləri Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Uzun müddətdir ki, adambaşına düşən maliyyə sisteminin qurulması ilə bağlı müzakirələr gedir. Bu məsələ 20 il öncə ölkənin bir neçə regionunda tətbiq olundu. Adambaşına düşən maliyyələşmə tətbiq olunması nəticəsində  məktəblərdə izafi xərclərin azaldığı görüldü. Adambaşına düşən maliyyə sisteminə görə, məktəbdə neçə şagird oxuyursa, o şagirdə uyğun olaraq maliyyə ayrılırdı. Məktəb də ona uyğun olaraq davranırdı. Çalışırdı ki, tədrisi daha yaxşı təşkil etsin. Uşaqlar digər məktəblərə axın etməsinlər. Bu sistemə görə məktəbdən gedən hər uşaq artıq məktəb üçün maliyyə itkisi sayılır.  Ona görə məktəb daha yaxşı nizam-intizamı qurmağa çalışırdı".

 

Ekspert deyir ki, Azərbaycan bu sistemin tətbiqində gecikib:

 

"Əslində biz gecikmişik. Ancaq 2026-ci il olsa da keçirilməsi normal haldır. Düşünürəm ki, bu sistem şəhər yerlərində daha effektiv olacaq. Şagird sayı 1000-dən çox olan məktəblərin böyük hissəsi Bakı və Abşeron yarmadasında yerləşir. Eyni zamanda şagird sayı 500-dən çox olan məktəblər də  şəhərlərdə yerləşir. Kənd yerlərində şagird sayı azdır. Hətta bizim ölkədə 7 məktəbin cəmi 1 şagirdi var.  Bu məktəblərdə adambaşına düşən maliyyələşmənin tətbiqi effektiv olmayacaq. Əksinə nazirlik həmin məktəblərin saxlanılması üçün əlavə vəsaitlər xərcləməli olacaq. Şəhər yerlərində şagird sayı 1000 nəfər olan məktəblərdə tətbiq etmək olar. Ölkədə hazırda 4431 məktəb var. Onun 32-si özəl sektorun payına düşür. Hər 4 məktəbdən biri şagird sayı 1000 nəfər olan məktəblərdir. Şagird sayı 1000 nəfərdən çox olan məktəblərdə tətbiq etmək effektiv olacaq. Digər mərhələdə 500-dən çox olan məktəblərdə tətbiq etmək olar”.

 

Elşən Qafarov hesab edir ki, adambaşına düşən maliyyələşmə sisteminin məktəblərdə tətbiq edilməsi məktəblərin bir sıra izafi xərclərin azalmasına, o cümlədən tədrisin təşkilində təkcə məktəb direktorunun yox, bütün məktəb kollektivin marağı olmasına gətirib çıxara bilər:

 

“Burada məktəbdən gedən hər şagird məktəbin büdcəsinə dəyən zərər kimi hesablanır. Nəticə etibarı ilə bütün kollektiv maraqlı olur ki, heç bir şagird getməsin, məktəbdə nizam-intizam olsun. Dünyada çox geniş yayılmış sistemidir. Düşünürəm ki, Azərbaycan təhsilində tətbiq olunarsa, şəhər məktəblərində uğurlu nəticə əldə etmək olar”.

 

Emin Əmrullayev 2022-ci ildə "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı ümumtəhsil müəssisələrində adambaşı maliyyələşməyə keçidin çətinliklərindən danışıb.

 

O deyib ki, Azərbaycanın relyefi elədir ki, 4400 məktəbdən 2000-dən çoxunda şagird sayı 200 nəfərdən azdır:

 

"Şərti olaraq şagird sıxlığı aşağı olan məktəblərdə adambaşına düşən vəsait daha çoxdur. Praktik olaraq bu gün ən az şagird sıxlığı olan Daşkəsən rayonunda bir uşağa daha çox pul xərclənir. Çünki orada hər sinifdə cəmi 3-5 şagird təhsil alır. Lakin müəllimlər ölkə üzrə mövcud olan eyni maaş sistemi ilə əmək haqqı alır. Yəni adambaşı maliyyələşməyə keçid özü-özlüyündə rasionallaşdırma tələb edir. Bu da asan islahat deyil".

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!