Modern.az

Qaban ilindən, oğlaq bürcündən olan komitə sədri ad gününü qeyd edib

Qaban ilindən, oğlaq bürcündən olan komitə sədri ad gününü qeyd edib

6 Yanvar 2011, 19:41

Yanvarın 6-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 64 yaşı tamam olub. Modern.az-ın məlumatına görə, Qərib Şamil oğlu Məmmədov 6 yanvar 1947-ci ildə Ermənistan Respublikası Amasiya rayonunun Yeniyol kəndində anadan olub. Qaban ilindən, oğlaq bürcündəndir.
1970-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən Q.Məmmədov bir müddət Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində işləyib. 1971-1972-ci illərdə ordu sıralarında qulluq edib. 1972-ci ildən Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda əmək fəaliyyətini davam etdirib. 1973-cü ildə həmin institutun aspiranturasına daxil olub. 1978-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək torpaqşünaslıq ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb. Sonra həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1984-cü ildən isə laboratoriya rəhbəri olub.

1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək ekologiya ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb Q.Məmmədov ölkəmizdə həmin ixtisas üzrə yeganə professordur.

1994-cü ildən Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsində çalışıb.

Q.Məmmədov 400-dən çox elmi əsərin, o cümlədən 21 monoqrafiya və kitabın, 20 metodik tövsiyyə və kitabçanın, Azərbaycan torpaq və torpaqların ekoloji qiymətləndirilməsi xəritələrinin müəllifidir.

Q.Məmmədov torpaq kadastrı, torpaqların ekoloji münbitlik modeli, torpaqların ekoloji qiymətləndirilməsi, torpaqların bonitirovkası, torpaqların ekoloji keyfiyyətinin monitorinqi ilə bağlı çoxsaylı, sanballı elmi araşdırmaların müəllifi, o cümlədən Azərbaycan Respublikası ekoloji problemlərinin sistem halında öyrənilməsi konsepsiyasının yaradıcısıdır. Torpaq islahatının həyata keçirilməsində böyük əhəmiyyəti olan, torpaqların iqtisadi (pulla) qiymətləndirilməsi məsələlərinin elmi cəhətdən həlli məhz Q.Məmmədova məxsusdur.

Onun rəhbərliyi altında 35 nəfərdən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb.

Professor Q.Məmmədov ABŞ, Fransa, Türkiyə, İsveç, İran İslam Respublikası, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxstan, Qırğızıstan, Belorusiya, Moldova, Türkmənistan, Gürcüstan, Baltik ölkələri və başqa ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələr edib. Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin prezidentidir.

Q.Məmmədov 1994-1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kənd təsərrüfatı üzrə ekspert komissiyasının üzvü olub.

2001-ci ildən Azərbaycan Respublikası MEA-nın müxbir üzvü, Beynəlxalq Ekologiya və Energetika Akademiyasının akademiki, eyni zamanda Ekologiya bölməsinin akademik-katibi, Rusiya Ekologiya Akademiyasının üzvü, Beynəlxalq “Noosfer” Akademiyasının həqiqi üzvü, Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, 10 may 2002-ci ildən Beynəlxalq Elmlər Akademiyasının akademikidir.

1997-ci il iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, 23 oktyabr 2004-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunub.

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin (1-ci çağırış) üzvü seçilib.

Ailəlidir, iki övladı var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı