Modern.az

Partiya sədrləri Prezidentlə görüşü səbirsizliklə gözləyirlər...

Partiya sədrləri Prezidentlə görüşü səbirsizliklə gözləyirlər...

Ölkə

7 Yanvar 2011, 19:10

Ölkəmizdə iqtidar-müxalifət münasibətləri heç də ürəkaçan deyil. Siyasi partiyalar daxili siyasi məsələlərdə hakimiyyətlə ortaq rəyə gələ bilmirlər. Bu eyni zamanda Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağa da aiddir. İndiyə qədər siyasi qüvvələrin bu yöndə heç bir addımları müşahidə olunmayıb. Halbuki beynəlxalq təşkilatlar cəmiyyətdə harmoniyanın siyasi qüvvələr arasında əməkdaşlıqdan keçdiyini vurğulayırlar.

Odur ki, biz bəzi müxalif düşüncəli partiya rəhbəri ilə əlaqə saxlayaraq onlara belə bir sual ünvanladıq: siz Azərbaycan üçün  mühüm olan məsələlərin həlli ilə bağlı ölkə Prezidenti ilə görüşmək istərdinizmi? Bununla bağlı indiyədək müraciət etmisinizmi?
Müxalifət liderlərinin mövqeləri müxtəlif oldu:

“İlk addımı qarşı tərəf atmalıdır...”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu sualımıza cavabında bildirib ki, bunula bağlı heç kimə müraciət etməyib. “Təbii ki, normal cəmiyyətdə ölkə başçısı ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrlə ünsiyyətdə olmalı, onlarla əlaqə saxlamalıdır. Onların fikirlərini, baxışlarını öyrənməli, yeri gələndə təklifləri nəzərə almalıdır. Amma Azərbaycanda normal mühit olmadığı üçün bizim cəmiyyətdə ayrı-ayrı təbəqələrin, qurumların ideyaları hakimiyyətdəkiləri qətiyyən maraqlandırmır”.

Partiya sədri bəyan edib ki, ADP bundan sonra da görüşmək üçün kiməsə müraciət etməyəcək. S.Cəlaloğlu hesab edir ki, müracətin heç bir mənası yoxdur. “Biz vaxtilə Prezidentlə siyasi dialoqa hazır olmağımızla bağlı bənayat verdik. Hətta Prezident İlham Əliyev Almaniyada olanda bəyan elədi ki, “biz siyasi qüvvələrlə münasibət qurmağa hazırıq”. Amma sonra bu elə söz olaraq qaldı. Dialoq alınmadı”.

S.Cəlaloğlunun fikrincə, iqtidar-müxalifət görüşünün baş tutması hakimiyyətdən daha çox asılıdır: “Siyasi hakimiyyəti onlar həyata keçirdikləri üçün bir çox siyasi qüvələrin fikirlərini, düşüncələrini öyrənməlidirlər. Belə görüşlərdə təşəbbüs və ideya iqtidardan olmalıdır”.
ADP sədri Azərbaycanda iqtidar- müxalifət münasibətlərinin qeyri-konstruktiv, qeyri-normal olduğunu qeyd edib.
“Dünyanın heç bir ölkəsində milli və dövlət maraqlarına ximdət edən qüvvələr Azərbaycandakı qədər qarşıdurma vəziyyətində deyil. Bunun əsas səbəblərindən biri iqtidarın qeyri-konstruktiv mövqedə olmasıdır. Eyni zamanda müxalifətin özündə də iqtidara qarşı müəyyən mənada fərqli münasibətlər var. Bütün bu subyektiv amillər imkan vermir ki, Azərbaycanda eyni xalqın, eyni millətin nümayəndələri ölkənin taleyi ilə bağlı birlikdə fəaliyyət göstərsinlər”.

“Dəfələrlə müraciət etdim, alınmadı..”

Ədalət Partiyasının sədri İylas İsmayılov da ölkə başçısı ilə görüşmək istədiyini bildirib. Onun sözlərinə görə, iqtidarla müxalifətin ümummilli məsələlərdə ortaq mövqedən çıxış etməsi çox vacibdir. Partita sədri ölkənin bir sıra mühüm problemləri ilə bağlı ölkə Prezidenti ilə görüşmək istədiyini bildirib.

İ.İsmayılov onu da qeyd edib ki, oğlu Etimad İsmayılovun cinayət işi ilə bağlı da Prezident İlham Əliyevlə görüşmək istəyib, amma bu baş tumayıb, müraciəti cavabsız qalıb.

Prezident görüşmək istəyərsə, biz hazırıq”

Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, ölkə problemlərinin həlli istiqamətində Azərbaycan Prezidenti əgər müxalifətin ortaq mövqeyinə və ya müxalifətin bu məsələdə hakimiyyətlə eyni mövqedə çıxış eləməsində ehtiyac duyarsa, istənilən halda bu görüşə hazırdırlar:

 “Hələki hakimiyyət tərəfindən belə təkliflər yoxdur. Bu dialoq təklifləri daha çox YAP və müxalifət partiyaları arası dialoq kimi səsləndirilir. Məncə buna elə də ciddi ehtiyac yoxdur. Amma ölkəmizin mənafeyi naminə və Qarabağ probleminin müzakirəsinə dair hakimiyyətdən təklif gələrsə, biz hər zaman danışıqlara hazırıq”.

Partiya sədri Prezident İlham Əliyevin müxalifətlə dialoq çağırışlarına da münasibət bildirib. O vurğulayıb ki, ölkə başçısı bir neçə dəfə çıxışlarında bununla bağlı mövqe ifadə edib: “Konkret olaraq Prezident 2008-ci ilin prezident seçkilərindən sonrakı və 2010-cu il parlament seçkilərindən sonra parlamentdə çıxışında bununla bağlı mövqe bildirib.

Prezidentin siyasi institutların formalaşdırılması və siyasi islahatların müxalifətlə birgə aparılması haqda bəyanatı təqdirəlayiqdi. Amma bundan sonrakı addımlar təbii ki, hakimiyyətdən aslıdır”.

“Cəhd göstərmirik, çünki faydasızdır”

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa müxalifət tərəfi olaraq ölkə üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı Prezidentlə görüşmək üçün müraciət etdiyini bildirib. O qeyd edib ki, Azərbaycanda Prezidentlə müxalifət rəhbərləri arasında dialoq təklifi hakimiyyət tərəfindən irəli sürülməlidir. “Azərbaycanda isə belə bir ənənə hələki formalaşmayıb”.

F.Mustafa hesab edir ki, bu görüşlər Azərbaycanda daxili siyasi auranın daha da mədəniləşməsi baxımından faydalıdır.
“Çox təəssüf ki, bizdə belə demokratik mühit formalaşmayıb. Buna görə də, biz heç cəhd də göstərmirik Prezidentlə görüşməyə”-deyə millət vəkili vurğulayıb.

“Açığı, dövlət başçısı prezident və  parlament seçkilərindən sonra dəfələrlə iqtidar partiyasının üzvləri ilə görüşlər keçirsə də, ancaq müxalifət təmsilçiləri ilə görüşməyi nəzərdə tutmayıb. Əlbəttə, bu onun hüququdur. Amma bu bütövlükdə demokratik cəmiyyətlərə xas olan xüsusiyyətlərdir. Prezident-müxalifət görüşləri baş tutarsa bu, ölkəmiz üçün faydalı olar”.

“Prezidentdən təklif gələrsə sevinərik”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə bildirib ki,  2010-cu ilin iyul ayında Milli İstiqlal Partiyasının sədri postuna seçildikdən sonra Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiya rəhbərlərinə, o cümlədən ölkə başçısı İlham Əliyevə, həm YAP sədri kimi, həm də Azərbaycan Respublikasının Prezidenti kimi bir sıra təkliflər göndəriblər.

“Bizim əsas istəyimiz Dağlıq Qarabağ və onun ətrafında olan torpaqların azad edilməsi və Azərbaycan üçün əhəmiyyətli ola bir sıra məsələlərin həlli ilə bağlı Prezidentlə görüşüb,  müzakirə etməkdir”-deyən AMİP sədri hazırki hakimiyyət tərəfindən dialoqla bağlı təklifin olmadığını söyləyib: “Mən şəxsən partiya sədri olaraq belə təklif olarsa, bu görüşə hər zaman hazıram”.

Y.Bağırzadənin fikrincə, iqtidar belə bir təklif irəli sürərsə, istənilən vaxt Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağla bağlı və eləcə də digər istiqamətlərdə dialoq keçirməyə hazırdırlar.

“Beynəlxalq təşkilatlarla görüşlərimizdə də, bildirmişik ki, biz hər zaman  konstruktivliyimizi qorumağa çalışırıq. Biz cənab Prezidentə məktub yazanda ATƏT-in illər boyu apardığı səmərəsiz fəaliyyətini qeyd etmişik və onun bundan sonra da faydasız olacağını vurğulamışıq. Biz təklif etmişdik ki, problemin həlli başqa formatda aparılsın”.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü