Modern.az

“Ziyafət Əsgərovun fikirləri məntiqsizdir”

“Ziyafət Əsgərovun fikirləri məntiqsizdir”

Parlament

15 İyun 2016, 12:59

 

“Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun deputat Fuad Muradova dedikləri ilə tam tanış deyiləm. Ola bilsin ki, nəsə anlaşılmazlıq olub”.

 

Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, əslən Yardımlıdan olan keçmiş deputat Sabir Rüstəmxanlı deyib.

 

Sabir Rüstəmxanlının sözlərinə görə I vitse-spikerin deputata bu formada irad bildirməsi nəsə həqiqəti əks etdirmir.

 

“Əgər  Ziyafəd Əsgərov belə bir fikir səsləndiribsə, ola bilsin ki, orada nəsə məntiqsizlik baş verib. Əslində, Milli Məclisin iclaslarında deputatlarla Milli Məclis rəhbərliyinin sözü çox vaxt üst-üstə düşmür. Bu da təbiidir.

 

Amma, Ziyafət Əsgərovun deputata “Yardımlının deputatı deyilsən, danışa bilməzsən” deməsini məntiqsizlik kimi qəbul edirəm.  Ola bilsin ki, deputatın çıxışına bu formada irad bildirməsində nəsə yanlışlıq var. Eyni zamanda, hansısa dairənin  deputatı olmasından asılı olmayaraq, hər bir deputatın  istənilən qanun layihəsi ilə bağlı çıxış etmək haqqı var”.

 

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasında  Ziyafət Əsgərovla Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov arasında gərginlik yaşanıb.

 

Fuad Muradov iclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər haqqında danışarkən bəzi problemlərə toxunub.

 

O bildirib ki, kənd təsərrüfatı təyinatlı torpağın rəsmiləşdirilməsi zamanı icra başçısı və ya icra nümayəndəsinin müqaviləyə qol çəkməsi çox ciddi problemlər yaradır.

 

“Bir neçə vaxtdan sonra həmin kənd icra nümayəndəsi işdən kənarlaşdırılır və ciddi fəsadlar yaranır”.

 

Deputat bildirib ki, kənd icra nümayəndəsi öz imzası ilə torpağı bir neçə nəfərə sata bilər:

 

“Kənd icra nümayəndəsi dövlət qulluqçusu deyil. Yerli icra hakimiyyəti orqanlarının işə qəbul etdiyi vətəndaşdır. Sabah bu məsələ məhkəmə predmeti ola bilər. Kim təminat verəcək ki, həmin kənd icra nümayəndəsi öz imzası ilə torpağı eyni zamanda bir neçə şəxsə satmayacaq?

 

Fuad Muradov təklif edib ki, notariuslar da kənd təsərrüfatı torpaqlarının rəsmiləşdirlməsinin hüquqi qüvvəyə minməsində yaxından iştirak etsinlər.

 

Deputat kənd icra nümayəndələrini bu səlahiyyətlərinin ASAN Xidmət-ə verilməsi təklifini də səsləndirib:

 

“Təklif edirəm ki, notariuslar Ədliyyə Nazirliyin nəzarətində olan ciddi qurumlar kimi ucqar kənd yerlərində torpaq müqavilələrinin rəsmiləşdirilməsində, bu müqavilələrin hüquqi qüvvəyə minməsində mühüm rol oyansınlar.

 

Torpaq müqavilələri yerli icra nümayəndələrinin şəxsi imzaları ilə yanaşı, notariuslar tərəfindən təsdiq edilsin”.

 

Deputat deyib ki, yalnız bu halda sabah həmin icra nümayəndələri işdən çıxarıldıqda, ortada qalan torpaq müqavilələrinə kim cavab verə bilər.

F.Muradovun sözlərinə görə, torpaq müqavilələrini rəsmiləşdirmək səlahiyyəti ASAN Xidmət-ə də verilə bilər.

 

“ASAN Xidmət bu gün öz səyyar avtobusları ilə belə işləri çox rahat və keyfiyyətli şəkildə yerinə yetirə bilər. Ən azı ayda 1 dəfə kəndlərə gedə bilərlər.

 

Mən çox xahiş edirəm ki, xüsusi mülkiyyət, kənd təsərrüfatı torpağı kimi məsuliyyətli bir məsələdə dövlət öz təsirini göstərsin”.

 

Lakin heç kimin gözləmədiyi halda Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Fuad Muradovun təkliflərinə sərt reaksiya verib:

 

“Mən bilmirəm sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyatı var?”,-deyə

Z.Əsgərov bildirib.

 

Çıxışına davam edən deputat isə torpaqlarla bağlı bölgələrdəki vəziyyətdən söz açıb.

 

Bundan sonra Z.Əsgərovla F.Muradov arasında gərgin situasiya yaşanıb.

 

Z.Əsgərovun “Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz” kimi iradına F.Muradov “Milli Məclisin saytına girsəniz, orda var”,- deyə, cavab verib.

 

Maraqlıdır ki, Z.Əsgərov F.Muradova hansısa kənd rayonundan deputat seçilmədiyini irad tutaraq, onun torpaq problemindən söz açmasına dözümsüz yanaşıb.

 

“Siz hansısa kənd rayonundan seçilməmisiniz. Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz”,-deyə o bildirib.

 

Namidə BİNGÖL

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır