Modern.az

Londonda Azərbaycan Silahlı Qüvvələr günü qeyd edilib - FOTOLAR

Londonda Azərbaycan Silahlı Qüvvələr günü qeyd edilib - FOTOLAR

21 İyun 2016, 16:30

Birləşmiş Krallıqdakı səfirliyimizin və hərbi attaşelik aparatının təşkilatçılığı ilə Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr olunan rəsmi qəbul təşkil edilib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbulda Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəsmiləri, parlamentin üzvləri, bir sıra dövlətlərin səfirləri və hərbi attaşeləri, Azərbaycanın İngiltərədəki diasporunun nümayəndələri də daxil olmaqla, 200-dən artıq qonaq iştirak edib.

Əvvəlcə azərbaycanlı opera sənətçisi Selcan Nəsiblinin ifasında Azərbaycanın və Birləşmiş Krallığın dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Silahlı Qüvvələrin yaranma tarixindən, müstəqilliyin bərpa olunmasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışıb. O, hazırda Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməyə qadir güclü ordumuzun olduğunu bildirib. Azərbaycanın bir çox müharibələrdən keçərək bu günlərə gəldiyini qeyd edən səfir Vətənimizin müdafiəsi uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın, zabit və əsgərlərimizin xatirəsinin hər zaman yad ediləcəyini vurğulayıb.

Britaniya ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq haqqında məlumat verən səfir bu əməkdaşlığın tarixinin qədim olduğunu, hətta 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin vaxtına qədər uzandığını qeyd edib. Diqqətə çatdırılıb ki, tarixdə “Dunsterforce” adı ilə tanınan hərbi bölmənin Cənubi Qafqazda, o cümlədən Bakıda apardığı hərbi əməliyyatların həm Azərbaycan, həm də Britaniya tarixində xüsusi yeri var. Ölkələrimiz arasındakı hərbi əməkdaşlığın bu gün də yüksələn xətlə inkişaf etdiyi və gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycan Silahlı Qüvvələrinin 80 faizinin bu gün səngərlərdə olduğunu qeyd edib. Diplomat deyib: “Bu gün işğal vəziyyəti regionda təhlükəsizliyi ciddi təhdid edir. Buna baxmayaraq Azərbaycan ordusu öz məramını göstərərək dünyadakı sülhə və Avratlantik məkandakı sabitliyə öz töhfəsini verib və buna davam edir”.

Tədbirdə çıxış edən Birləşmiş Krallığın Müdafiə Nazirliyinin Beynəlxalq Strategiya üzrə baş direktoru Nick Gurr təmsil etdiyi nazirlik adından Azərbaycan tərəfinə təbriklərini çatdırıb, uğurlu ikitərəfli hərbi əməkdaşlıq haqqında danışıb. O, britaniyalı və azərbaycanlı hərbiçilərin birgə təlimlərdə iştirak etdiyini nümunə olaraq qeyd edib. Bundan başqa, dəniz təhlükəsizliyi və digər sahələrdə də əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etdirilməsinin planlaşdırıldığı bildirilib.

Azərbaycanda keçirilən beynəlxalq yarışlara toxunan Britaniya rəsmisi ölkəmizin birinci Avropa Oyunları, Formula-1 Avropa Qran-prisi kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini söyləyib. O, Azərbaycana səfəri zamanı ölkənin uğurlu inkişaf strategiyasının şahidi olduğunu vurğulayıb.

Təhlükəsizlik və müdafiə məsələlərinin bütün dünya üçün vacib olduğunu qeyd edən Müdafiə Nazirliyinin rəsmisi Birləşmiş Krallığın Azərbaycanın NATO, BMT və başqa beynəlxalq təşkilatlar ilə bu sahədəki əməkdaşlığını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Tədbirdə Silahlı Qüvvələrimizlə bağlı videoçarxlar nümayiş etdirilib, rəsmi hissədən sonra ziyafət təşkil olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü