Modern.az

Nazirlikdən ünvanlı sosial yardımın dayandırılması xəbərinə REAKSİYA

Nazirlikdən ünvanlı sosial yardımın dayandırılması xəbərinə REAKSİYA

13 İyul 2016, 16:47

Bir sıra KİV-lərdə Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur və belə şaiyə xarakterli məlumatlar ictimai rəyi çaşdırmağa yönəlib. Bunu Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd olunan məsələyə aydınlıq gətirərkən deyib.

O vurğulayıb ki, hazırda ölkəmizdə mühüm sosial proqramlardan biri olan və əhalinin aztəminatlı hissəsinin yoxsulluğun doğurduğu çətinliklərdən qorunmasına yönələn ünvanlı dövlət sosial yardımı proqramının icrası işləri uğurla davam etdirilir və 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Sosial yardımların ödənişi avtomatlaşdırılmış qaydada aparılır və hər hansı bir məmurun iradəsindən asılı deyildir: “Cari ilin fevralından tətbiqinə başlanılan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ölkəmizdə sosial yardım təyinatı sisteminin müasir əsaslar üzərində qurulmasına, aztəminatlı ailələrin bu yardım növündən daha şəffaf şəraitdə, heç bir məmur müdaxiləsi olmadan faydalanmalarına imkan yaradıb. Ötən müddətdə 48844 nəfər ailə üzvü olan 12383 ailəyə VEMTAS tərəfindən avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib.  Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem vasitəsilə ailələri təmsil edən vətəndaşların elektron şəkildə müraciətlərinin qəbulu, bu müraciətlərin sistem tərəfindən avtomatlaşdırılmış şəkildə  araşdırılması və qərar verilməsi prosesi adi qaydada davam etdirilir”.

E.Babayev vurğulayıb ki, ünvanlı dövlət sosial yardımı proqramının davam etdirilməsi ilə yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aztəminatlı ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin əmək potensiallarının reallaşdırılması, onların özünüməşğulluğuna şərait yaradılması istiqamətində də işlər aparılır. Sərəncamla əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb ki, həmin vəsait hesabına  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması, əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatlarının yaradılması  planlaşdırılır: “Sadəcə olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edildikdən sonra öz gəlirlərini adambaşına ehtiyac meyraından yuxarı təmin etmək imkanlarına yiyələnəcək ailələrin ünvanlı sosial yardım proqramından çıxaracağı nəzərdə tutulur. Yəni burada əsas məqsəd ölkədə aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidi təmin etməkdir. Lakin bu işlər ölkədə aztəminatlı ailələrlə bağlı dövlət sosial yardımı proqramının dayandırılacağına dəlalət etmir və özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi qarşıdakı dövrdə də davam etdiriləcəkdir”.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü