Modern.az

Qarabağdan xəbər verən adam

Qarabağdan xəbər verən adam

Ədəbi̇yyat

17 Avqust 2016, 16:15

Faiq Sadıqovun 60 illik yubileyinə


Faiq müəllimi düz 10 ildi tanıyıram. Hər halda bir insanı yaxından tanımaq üçün az vaxt deyil. Bu illər həyatımda yaxşı bir insanı tanımağıma şahidlik edib. Mən onun insanlığına, səmimiyyətinə, qəlbinə bələdçilik etdikcə əmin olmuşam ki, ətrafımızda yaxşıların sayı hələ az deyil. Dünyamız yaman dəyişir, insanlar da dəyişir... Bu qarmaşanın, bu xaosun içində yalnız ləyaqətini qorumağa gücü çatanlar boy göstərir. Faiq müəllim belə insanlardandır.


Mən bilirəm ki, çoxuşaqlı ailədə dünyaya gəlib Faiq müəllim. Atası, anası halal adamlar olublar, min bir əziyyətlə böyüdüblər övladlarını. Onlar da bu zəhməti hədər getməyə qoymayıblar. Oxuyublar, özlərinə yerd-yurd edib cəmiyyətdə mövqe qazanıblar. Bütün bunlar o halallığın sayəsində mümkün olub, valideynlərin verdiyi tərbiyə sayəsində həyata keçib. Həyat o qədər amansızdı ki,.. Faiq müəllimi anasını itirəndə görəydiniz. Nə qədər sarsılmışdı... Valideyn itirməyin vaxtı olmur deyirlər, mən qosqocaman Faiq Sadıqovun anasını itirərkən yetimliyini hiss etdim, onun hər ANA mövsuzu gələndə kövrəlməyini, düşünməyini gördüm.


Əlbəttə ki, həyat davam edir... Faiq Sadıqovun ömrünün illərinə nəzərə salanda arxada böyük həyat yolu görsənir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Faiq Sadıqov ən yaxın dostu qələmə sarılıb bütün həyatını yazı-pozuya, jurnalistikaya həsr edib. Rayon qəzetindən başlayan, sonra respublika əhəmiyyətli qəzetlərin səhifələrinə keçən bu fəaliyyət böyük bir tarixi mərhələni əhatə edib. Onun yaradıcılığının ən parlaq dövrü ölkəmizin, xalqımızın həyatı ilə bağlı olan bir dövrə, taleyüklü bir dövrə təsadüf edib. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda gedən müstəqillik hərakatı, bununla paralel tarixi torpaqlarımızın ermənilər tərəfindən işğal prosesinin başlanması Faiq Sadıqovun bir jurnalist kimi formalaşmasında və onun karyerasında əhəmiyyətli rol oynayıb. O, hərbi formada cəbhədən cəbhəyə gedib, səngərlər onun evi olub.


Bir gün Faiq müəllim mənə bir kitab hədiyyə etdi. "Qarabağdan xəbər var" adlanır bu kitab, müəllifi də elə özüdü. Oxudum onun kitabını. Orada Faiq Sadıqovun Qarabağ müharibəsinin gedişində dövri mətbuatda dərc etdirdiyi məqalələr, cəbhədən, qanlı döyüşlərin getdiyi bölgələrimizdən paytaxta yolladığı reportajlar toplanıb. Bu kitabda xalqımızın üzləşdiyi mərhumiyyətlər, qanlı qırğınlar, müharibə həqiqətləri, Qarabağ müsibətləri, bir sözlə tarix təsvir olunub. Bu kitabda elə bir hər şey canlıdır, oxuduqca o illərə qayıdırsan, o müsibətlər yenidən gözlər önündə canlanır... Faiq Sadıqovun o dövrdə məsuliyyətli bit işin altına girməklə bir növ Vətənə olan borcunu verirdi, peşəsinin dəyərini anlayırdı. Əlində qələm əsgərin yanına getmək, Bərdəyə, Ağdama, Yevlaxa gələn qaçqınları danışdırmaq, onlardan itkin, ölüm, min bir müsibət dolu xəbərləri alıb mətbuata ötürmək... Bunları Faiq Sadıqov edirdi, ona görə edirdi ki, o, Vətənini sevən vətəndaş, milli ləyaqəti hər şeydən üstün tutan azərbaycanlıdır. Buna görə onu ancaq alqışlamaq lazımdır.


Faiq müəllimin həyatının böyük bir hissəsi televiziya ilə bağlıdır. Onun jurnalist fəaliyyətinin Azərbaycan Televiziyası (AzTV) dövrü də maraqlı anlarla doludur. Bəzən deyirlər ki, televiziyaya qəzetdən gəlməyin üstünlükləri olur. Bu fərqi də daha çox jurnalistin yazıya, təhlilə, söz bazasına olan münasibətinlə əlaqələndirirlər. Bu məsələdə ortaq bənzərliyimizi nəzərə alaraq deyə bilərəm ki, Faiq müəllim özünü televiziyaya həsr etmiş mütəxəssis ziyalıdır. Faiq Sadıqovun malik olduğu peşəkarlıq səviyyəsi onu televiziya bilicisi, telejurnalistika sahəsində ixsisaslaşmış mütəxəssis kimi tanımağa imkan verir. Onun zəhmətli yaradıcılığının son 10 ili gözlərim qarşısında olduğu üçün deyə bilərəm ki, dövlətimizin ona təqdim etdiyi “əməkdar jurnalist” fəxri adı onun halal haqqıdır.


Faiq Sadıqovun telejurnalist kimi fəaliyyətinin bütününü dövlət, dövlətçilik, milli maraqlar, mənəvi dəyərlər kimi yüksək meyarlar təşkil edib. Faiq Sadıqovun səsi ali dövlət tədbirlərindən gəlib, o, yaxın-uzaq xaricdə ölkəmizlə bağlı tədbirləri işıqlandıraraq Azərbaycan tamaşaçılarını informasiya ilə təmin edib. Faiq müəllimin dövlət tədbirlərinin “Xəbərlər” proqramında işıqlandırılması ilə bağlı tətbiq etdiyi peşəkar prinsiplər bu gün də bizim yolumuzdu, gənclərin yolu. Çünki onun hər reportajında vətəndaş mövqeyi olub. Odur ki, biz ondan öyrənirik, o, özü də öyrətməkdə həvəslidi. Hərdən bizə deyir ki, əvvəllər belə deyildi, indi işləməyə nə var ki,.. Əlinizin altında telefon, email, kompyüter, qələmi də klaviatura əvəz edib... Televiyamızın imkanları artıb, sədr Arif Alışanovun rəhbərliyi altında işçilərin sosial vəziyyəti yaxşılaşıb, yaxşı işləyənlərə qiymət, dəyər verilib. İndi iş otaqlarında, studiyalarda, montaj otaqlarında yaradılan şərait, yeni texniki imkanlar adamı işləməyə sövq edir. Televiziyanın malik olduğu müasir texniki potensial, gənclərə göstərilən diqqət və qayğı indi Azərbaycan televiziyasının gücünü, onun cəmiyyətin həyatında oynadığı mühüm rolu isbatlayır. Faiq müəllim də gənclərə bunları deyir. Deyir ki, bu imkanları qiymətləndirin, işinizdə möhkəm olun. Odur ki, bizlər də Faiq müəllimi gəncliyinə şübhə olmasın deyə əlbəttə, yaş etibarilə yox, ağıl, düçüncə, fikir baxımdan ağsaqqal kimi qəbul etmişik. Çünki o, ləyaqətli insandır. O, ziyalıdır.


O insandan ki, öyrənirsən, onun biliyindən, təcrübəsindən faydalanırsan, deməli, yaşayırsan, nəfəs alırsan. Faiq Sadıqov öyrətməkdə heç vaxt xəsislik etməyib, onun yazı-pozu boxçası hamı üçün, öyrənmək istəyənlər üçün hər zaman açıq olub, indi də belədi. Hərdən “qocaldığını” etiraf edir, hərdən səhəttindəki problemlərdən gileylənir. Böyüklə böyük, kiçiklə kiçik olan bu insan onu da bilir ki, onun ailəsi təkcə evindəki doğmaları deyil, onun ailəsi xalqımızın maarifçilik ocağı olan Azərbaycan Televiziyası kimi nəhəng bir məkandır. Onu burada sevirlər, ailəsi, övladları, nəvələri qədər sevirlər. Ona görə də bu yazını ürəkdən yazdım, sevə-sevə yazdım əziz Faiq müəllim. Mən sizi doğum gününüz münasibətilə təbrik edirəm, Sizə can sağlığı, uzun ömür arzulayıram! Allah sizi ailənizə, bizə və sizi sevən hər bir kəsə çox görməsin!



Yunis Orucov,
əməkdar jurnalist

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı