Modern.az

İqtisadçı-ekspertdən məsləhət: “Çalışın zamin durmayın!”

İqtisadçı-ekspertdən məsləhət: “Çalışın zamin durmayın!”

Aktual

25 Avqust 2016, 13:17

Hələ bir neçə il öncə insanala “zamin duran zaman düşünün, bu, formal öhdəlik deyil” deyiləndə yəqin ki, çoxları bilmirdi ki, “bu formal zaminlik” onlara yaxın gələcəkdə problemlər yaradacaq. Artıq 1 ilə yaxındır ki, ən çox ünvanlanan sual məhz zaminliklə bağlıdır. Vətəndaş zamin durub, krediti görməyib, pul xərcləyən krediti qaytarmır. Amma zamin bankın hədəfindədir.

 

Modern.az-ın məlumatına görə iqtisadçı Vüqar Bayramov bu qəbildən olan suallara aydınlıq gətirib.

 

Zaminlikdən hansı hallarda imtina etmək olar?

 

Ekspert bildirib ki, qanunvericiliyə əsasən, zaminlik öhdəliyi kredit müqaviləsi bitənədək davam edir:

 

"Amma Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsi halları nəzərdə tutulur. Belə ki, məcəlləyə əsasən, zaminin xəbəri olmadan kredit müqaviləsinə dəyişiklik ediləndə zaminlik öhdəliyinə xitam verilir. Devalvasiyadan sonra bir sıra kredit müqavilələrinə dəyişikliklərin ediliyini nəzərə alsaq, zamin duran şəxsin bankda müqaviləyə hər hansı dəyişiklik edilib-edilmədiyini öyrənməsi çox vacibdir. Qanunvericiliyə əsasən, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməyibsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir.

Mülki Məcəllədə eyni zamanda göstərilib ki, əgər kreditor (yəni bank) borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə zamin olan şəxs zaminliyin ləğv edilməsi barədə iddia qaldıra bilər. Əslində bu zaminliyin ləğvi üçün ciddi hüquqi baza yaratsa, bunun praktikada tətbiqi imkanları xeyli çətindir. Amma bütün hallarda zaminlər bu maddədən istifadə edib iddia qaldırmağa çalışmalıdırlar. Bundan başqa, borcalan kredit müddəti bitdikdən sonra, 1 il ərzində zaminə kredit ödənişi ilə bağlı tələb irəli sürmədikdə zaminlik başa çatır. Bank kredit müddəti bitdikdən sonra 3 il ərzində borcalandan, 1 il müddətində isə zamindən borcu tələb edə bilər”.

 

Zamin kredit götürüb qaytarmayanda ödədiyi pulu geri tələb edə bilərmi?


V.Bayarmov deyib ki, xərclədiyi pulu zaminə ödətdirən borclunun müqavilə müddəti başa çatdıqdan sonra məhkəməyə müraciət oluna bilər:

 

“Zamin kredit məbləğini tam ödədikdən sonra, borc götürəni məhkəməyə verə və ondan banka ödədiyi məbləği tələb edə bilər. Ona görə də, bu gün aldadılaraq zamin olan və kredit ödəməyə məcbur olanların ödənişlər başa çatandan sonra krediti götürən şəxsi məhkəməyə verib ödədiyi pulu ondan geri tələb etməsi hüququ var. Amma bu vacib məqam olsa da, çox təəssüf zaminlərin çoxu bundan istifadə etmir. Buna görə də, heç zaman görmədiyiniz və istifadə etmədiyiniz pula görə, sizi aldadanı məhkəməyə verməyi unutmayın.

 

Amma bütün hallarda bir həqiqəti də unutmamaq lazımdır: çalışın zamin durmayın”.

 

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü