Modern.az

TQDK-nın test tapşırıqlarını icazəsiz yayan şəxs CƏRİMƏLƏNDİ

TQDK-nın test tapşırıqlarını icazəsiz yayan şəxs CƏRİMƏLƏNDİ

Aktual

5 Sentyabr 2016, 13:10

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır.


TQDK təəssüflə bəyan edib ki, 6 mart 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb. Bu şəxs həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib. Həmin sualların qeyd olunduğu sual kitabçalarının imtahandan sonra TQDK-nın razılığı olmadan sosial şəbəkədə və digər internet saytlarında yayılması imtahan suallarının məxfiliyinin qorunması qaydalarının pozulmasına səbəb olub.


TQDK-dan Modern.az-a verilən məlumata görə, əvvəlki illərdə keçirilən magistraturaya səviyyəsinə qəbul imtahanlarında istifadə olunan imtahan suallarından növbəti illərdə keçirilən imtahanlarda istifadə olunur. Nəticədə TQDK yenidən mütəxəssislərin cəlb edilməsi, yeni sualların hazırlanması və s. tədbirlər həyata keçirmək məqsədilə xeyli miqdarda vəsait sərf edibr ki, bu da dövlət qurumuna mühüm zərər vurulmasına səbəb olub. Bundan başqa Şərifov Rəşadət Rəşid oğlu tərəfindən TQDK və “Abituriyent” Jurnalı Redaksiyasına məxsus “Abituriyent 2016 Magistr №1”, “Abituriyent 2016 Magistr №2” jurnallarının qanunsuz yayılması da müəllif hüquqlarının pozulmasına səbəb olub.

Qeyd olunanlarla əlaqədar TQDK və “Abituriyent” Jurnalı Redaksiyası Şərifov Rəşadət Rəşid oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iclasında cavabdeh Şərifov Rəşadət Rəşid oğlu izahatında bildirib ki, səhv etdiyini başa düşür və gələcəkdə belə hallara yol verməyəcək.

Yekunda Zərdab Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixdəki iclasında Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qəbul etdiyi müvafiq  qətnamə qəbul olunub.


Qətnamə ilə TQDK və “ Abituriyent” Jurnalı Redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması Şərifov Rəşadət Rəşid oğluna qadağan edilib.


O, müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə 5000 manat məbləğində cərimələnib. O, bu pulu TQDK-ya və “ Abituriyent” Jurnalı Redaksiyasına ödəməlidir


TQDK bəyan edib ki, bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək.
“Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan TQDK və “Abituriyent” Jurnalı Redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla sürətinin çıxarılması qadağandır!, - TQDK bəyan edib.




Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı