Modern.az

Sumqayıtlı jurnalistə fəxri ad verilib

Sumqayıtlı jurnalistə fəxri ad verilib

Media

12 Oktyabr 2016, 14:17

Uzun illərdir müxtəlif mətbuat orqanlarında çalışan tanınmış jurnalist Rəhman Orxan fəxri ada layiq görülüb.


Modern.az saytının xəbərinə görə, Prezident İlham Əliyevin bugünlərdə Sumqayıtla bağlı imzaladığı sərəncamla Rəhman Orxana (Məmmədzadə Rəhman Abdurəhman oğlu) "Əməkdar jurnalist" adı verilib.


Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982-83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y.Məmmədəliyev adına Azər­baycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb.

1971-79-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan «Metallurq» qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə «Vışka» qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər «Vışka» qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib.
Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra  məqalələrlə respublika qəzetlərində çıxış edib.

1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin «Zaman» qəzetində çap olunub.

1992-ci ilin iyul ayından 2001-ci ilədək missiyası erməni təbliğatına qarşı ideoloji mübarizə aparmaq olan, Azərbaycanın görkəmli oğulları - məşhur ictimai-siyasi xadim, keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakovun və Kosmik uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimovun fəxri redkollegiya üzvləri olduğu, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Baltikyanı ölkələrdə, həmçinin İsrail və Bolqarıstanda, qismən isə ABŞ, Kanada və Monqolustanda da yayılan Beynəlxalq ictimai-siyasi «Bakinets» qəzetinin təsisçisi və baş redaktoru olub.

Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.

Qarabağ münaqişəsi başlanan ilk günlərdən özünün əsas diqqətini bu ağrılı mövzuya yönəldib. Dəfələrlə döyüş zonalarında, cəbhə bölgələrində - Şuşa, Xankəndi, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Beyləqan, Tərtər, Zəngilan və Nüvədidə olub, vətənpərvərlik mövzusunda, düşmənə qarşı mübarizəyə səsləyən yazıları ilə ardıcıl olaraq «Azər­baycan», «Vışka», «Səhər», «Respublika», «Yeni Azərbaycan», «İki sahil», «Bakinski raboçi», «Azərbaycan gəncləri», «Molodyoj Azerbaydjana», «Həyat», «Bakinets» və Türki­yə­nin «ZAMAN» qəzetlərində çıxış  edib.

12 il -  2001-ci ilin iyulundan 2013-cü ilin avqustunadək “Azərikimya” İstehsalat Birliyinin (əvvəl - “Azərikimya” Dövlət Şirkərti) Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

1985-ci ildən SSRİ Jurnalistlər İttifaqının, hazırda isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

R.Orxan son illərdə bir sıra KİV-lərlə, o cümlədən Modern.az saytı ilə əməkdaşlıq edir.

Həmkarımızı təbrik edirik.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı