Modern.az

Azərbaycanda heyvanlarla amansız rəftar edənləri hansı cəza gözləyir?

Azərbaycanda heyvanlarla amansız rəftar edənləri hansı cəza gözləyir?

15 Oktyabr 2016, 15:24

Dünya ölkələrində heyvanlarla amansız rəftara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunlar var. Azərbaycanda bu sahədə vəziyyət necədir? Modern.az məsələ ilə bağlı ekspertləri və dövlət qurumlarının mövqeyini öyrənib.

 

“Demək olar ki, bizdə heyvanların mühafizəsi ilə bağlı qanun yoxdur. Biz belə bir qanun layihəsini hazırlayıb Milli Məclisə təqdim etmişdik. Onlar isə buna baxıb və məqsədəuyğun hesab edilməyib”.

Bu sözləri Heyvanların mühafizəsi cəmiyyətinin sədri Azər Qarayev Modern.az-a açıqlaması zamanı deyib ki, bizim təklif etdiyimiz layihədə demək olar ki, bütün məsələlər öz əksini tapıb.

“Ekologiya və təbii sərvətlər nazirliyi də bəzi maddələri təsdiqləyib. Hətta qanunvericiliyə də daxil edib. Buna misal olaraq ovçuluqla bağlı maddəni göstərmək olar. Həmin maddədə göstərilib ki,  ov heyvanlarına qarşı amansız rəftarın edilməsi qəti qadağandır”.

 

O bildirib ki, Bakı şəhərində ev heyvanlarının saxlanılması haqqında qanun 2009-cu ildə qəbul edilib.

“Həmin qanunun xüsusi bəndlərində göstərilib ki, heyvanlara qarşı qəddarlığa yol verilmir. Amma bu qanuna heç də riayət edilmir. Halbuki bir neçə ildir ki, sahibsiz heyvanlar mənzil kommunal idarəsi tərəfindən kütləvi şəkildə öldürülürdü. Nə qədər insanlar olub ki, buna görə bizə müraciət ediblər. Öz həyacanlarını bildiriblər. Bizdə olan məlumata görə bu proses rəsmi olaraq dayandırılıb. O da yaxşı bir haldır”.

Azər Qarayev Azərbaycanda heyvanlarla bağlı bütün istiqamətləri əhatə edən qanun olmağını vacib hesab edib.

 “Belə bir qanunun kimsə oxumasa da bəzi insanlar biləcəklər ki, heyvanların mühafizəsi ilə bağlı qanun var. Bu qanunun qəbul olunması deyərdim ki inqilab olardı”.

 

Heyvanların mühafizəsi cəmiyyətinin sədri İnzibati xətalar məcəlləsində xüsusi maddələr dəyişdirildiyini də deyib.

“Heyvanlara qarşı xüsusi amansızlıq edən hüquqi şəxlərə 50 manatdan 500 manata qədər, hüquqi şəxlərə isə 2500 manata qədər cərimələrin məbləği qaldırılıb”.

O, həmçinin qeyd edib ki, çox təəssüflər olsun ki, bu maddələr cinayət məcəlləsinə daxil edilməyib.

“Bunun olması çox vacibdir. Çünki bəzi şəxslər heyvanlara qarşı çox qəddar rəftar edirlər”.

 

 

Ekologiya və təbii sərvətlər nazirliyinin bioloji müxtəlifliyin qorunması departamentinin direktor əvəzi Hikmət Əlizadə bildirib ki, 1999-cu ildə  heyvanat aləmi haqqında qanun qəbul edilib. Həmin qanun 7 fəsil 51 maddədən ibarətdir. Qanunda heyvanat aləminin terminoloji xüsusiyyətlərindən başlayaraq, eyni zamanda heyvanlar aləminin obyektləri, subyektləri, mühafizəsi sahəsində idarəetmə, bu sahədə ictimaiyyətin, bələdiyyələrin, fiziki-hüquqi şəxslərin iştirakı kimi məsələlər əks olunub. Eyni zamanda həmin qanunda heyvanlar aləmindən istifadənin növləri ,ovçuluq, balıqçılıq  kimi məsələlər tənzimlənir.

Hikmət Əlizadə qeyd edib ki, qanundan irəli gələrək 2000 və 2004-cü ildə Nazirlər kabineti tərəfindən  bu sahədə çox mühüm qərarlar qəbul olunub.

“Bundan əlavə  Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixində 176 saylı qərarı ilə  heyvanlar aləmindən istifadəyə nəzarət edən orqanlar haqqında dövlət nəzarətinin həyata keçirilmə qaydaları, heyvanlar aləmindən istifadənin pozulmasına görə cərimələr və ödənişlərin miqdarı kimi çox mühüm normativ aktlar qəbul olunub. Bütün bu sadaladıqlarımız son 10-15 il ərzində heyvanlar haqqında qəbul edilmiş qanunvericiliyi əks etdirir”.

 

O, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas fəaliyyətlərindən biri ölkəmizin təbii sərvəti hesab olunan faunanın mühafizəsi olduğunu deyib.

“Bununla bağlı nazirlik də ehtiyac olduqda həmin normativ aktlara istinad edərək, əmrlər verilir.  Bununla da biz heyvanat aləmini tənzimləyirik. Bura ov mövsümünün açılmasını, ehtiyac olduqda hansısa ov obyektinin mühafizəsi ilə bağlı qərarların verilməsini daxil etmək olar”.

 

Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yalnız vəhşi heyvanların mühafizəsini həyata keçirdiyini də qeyd edib.

“ Ev heyvanlarının mühafizəsi bizim səlahiyyətlərimizə daxil deyil. Vəhşi heyvanların qanunsuz ovlanması, təbiətdən götürülməsi,  tutulması və s. kimi hərəkətlər ciddi qanun pozuntusu sayılır.  Belə olduğu halda həmin şəxslərə qarşı İnzibati xətalar məcəlləsinə əsasən cərimə tətbiq olunur və eyni zamanda o heyvanların götürülməsi,  tutulması nəticəsində ziyan dəyibsə, bu qərarda onların növündən asılı olaraq cərimə yenə tətbiq olunur”.

 

Hüquqşünas Müzəffər Baxışov isə deyib ki, bizdə heyvanların mühafizəsi ilə bağlı qanunlar var.

“ Bu qanunlardan əlavə Nazirlər Kabinetinin müəyyən qərarları var. İnzibati Xətalar məcəlləsində belə bir norma var. Ev heyvanlarına qarşı rəhmsizcəsinə rəftar etmə, müəyyən ev heyvanları, it, pişik bunlara qarşı amansız rəftar edildikdə 500 manata qədər cərimə nəzərdə tutulub”.

 

O , bildirib ki, heyvanların mühafizəsi üçün ictimai münasibətləri tənzimləyən kifayət qədər Beynəlxalq hüquq normaları mövcuddur.

“Hətta Azərbaycanda Heyvanat aləminin mühafizəsi ilə bağlı son dövrlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də müəyyən tədbirlər həyata keçirilir. Buna misal olaraq çoxlu sayda təbiət qoruqlarının yaradılmasını göstərmək olar. Bu təbiət qoruqlarında heyvanların mühafizəsi üçün müəyyən tədbirlər də görülür”.

 

Müzəffər Baxışov qeyd edib ki , amma buna baxmayaraq bəzi insanlar heyvanların ovlanması qaydalarını pozurlar.

“Belə qayda pozuntuları aşkar olunduqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verilir. Hüquq-mühafizə orqanları tərəfindən isə inzibati, cinayət və mülki hüquqi tədbirlər görülür. Məsuliyyətə cəlb edilməsi təmin edilir”.

 

Hüquqşünas deyib ki, çox təəssüflər olsun ki, bizdə heyvanlarla amansız rəftar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb.

“Bəzi  heyvanlar qırmızı kitaba düşüblər onların ovlanması qadağan edilib.  Amma ov etmə qaydalarını pozmağa görə, balıq ovu qaydalarını pozduğuna görə konkret cinayət məsuliyyəti nəzərdə tutulub. Dəymiş ziyan çox olmadığı halda isə İnzibati Xətalar məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunurlar”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü