Modern.az

Taleh Bağırovun məhkəməsində vəsatət təmin edilməyib

Taleh Bağırovun məhkəməsində vəsatət təmin edilməyib

Aktual

21 Oktyabr 2016, 15:03

Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə,  hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər ekspertiza rəylərindən narazılıqlarını bildiriblər.

Hakim ekspertiza rəyi məhkəməyə gəlmədiyi üçün nəsə edə bilməyəcəklərini qeyd edib.

 

Vəkil Yalçın İmanov vəsatətlə çıxış edib. O bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu ilə müraciət edərək Nardaranda keçirilən əməliyyatda neçə nəfərin iştirak etməsi və onlarda hansı silahların olmasını öyrənməyə çalışıb. Lakin buna cavab verilməyib. Vəkil sorğunun məhkəmə adından həmin idarəyə göndərilməsini istəyib.

 

Vəkillər zərərçəkmiş polis əməkdaşı İbrahim Kazımovun növbəti dəfə məhkəməyə çağırılması haqqında da vəsatət veriblər. Prokuror isə vəsatətin təmin edilməməsini istəyib. 

   

Proses günün ikinci yarısında davam edəcək.

 

T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

 

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik