Modern.az

Şuşalılardan Fransanın təxribatçı səfirinə ÇAĞIRIŞ

Şuşalılardan Fransanın təxribatçı səfirinə ÇAĞIRIŞ

Qarabağ

9 May 2024, 14:10

Fransanın Ermənistandakı səfiri Olivye Dekottiqnies "Azadlıq radiosu"nun erməni bürosuna müsahibə verib. O, ölkəsinin Azərbaycandakı səfiri ilə bağlı sualdan yayınsa da, yenə Azərbaycanın ərazi bötüvlüyünə qarşı təxribatçı açıqlama verib. Diplomat Fransanın Azərbaycandakı səfirinin Bakıya qayıdıb-qayıtmaması ilə bağlı suala cavab olaraq bildirib ki, bu barədə məlumatı yoxdur.

 

"Onun Parisdə və ya Bakıda olduğunu sizə deyə bilmərəm, amma deyə bilərəm ki, Şuşidə (Ermənilər Şuşa şəhərini belə adlandırır - red.) deyil", - səfir deyib. Səfir eyni zamanda Ermənistana qoşun göndərilməsinin müzakirə edilə biləcəyini də deyib.

 

Qeyd edək ki, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon hələ də Şuşa şəhərinə getməkdən imtina edir. Fransa səfirinin Şuşaya getməməsi Ermənistanı dəstəkləyən, Qarabağın Azərbaycanın nəzarətinə keçməsini həzm edə bilməyən rəsmi Parisin siyasətindən irəli gəlir.

 

"Şuşa təzə işğal olunanda ermənilər şəhərin adını dəyişib "Tiqranakert" qoydular"

 

Modern.az məsələ ilə əlaqədar şuşalılarla əlaqə saxlayıb. Saytımıza açıqlamasında Şuşaya köçməyə hazırlaşan tanınmış jurnalist Kərim Kərimli Fransa səfirinin sözlərinə belə reaksiya verib:

 

"Əvvəla "Şuşi" deyə anlayış yoxdur. Fransalı səfir yəqin ki, savadsız deyil. Fransa kimi tarixi, mədəniyyəti, ədəbiyyatı, arxivləri zəngin olan bir ölkənin səfiri yəqin ki, üzündən oxuya bilir. Səfir tarixə nəzər yetirsəydi, görərdi ki, "Şuşi" adlanan anlayış olmayıb, yoxdur. Onu da əlavə edim ki, Şuşa təzə işğal olunanda ermənilər şəhərin adını öz aləmlərində dəyişib "Tiqranakert" qoydular. 2-3 il keçdikdən sonra gördülər ki, bu keçmir. İnsanların anlayışı, qavrayışı bu adı qəbul etmir. Ona görə də əvvəlkinə bənzəyən, lakin erməniliyini itirməyən başqa bir ad fikirləşdilər. Ona görə də Şuşanı "Şuşi" etdilər".

 

Jurnalist saytımız vasitəsilə Fransa səfirinə və Fransaya çağırış edib:

 

"Şuşa 1992-ci ildə işğal olunub. Bu ilə qədər olan mənbələrdə Fransa səfiri də daxil olmaqla istənilən adam "Şuşi" sözünü tapıb çıxarsa,"malades" deyəcəyik. Digər yandan erməni ordusunu silahlandırmaq, qoşun göndərmək kimi məsələlər suyu bulandırmağa xidmət edir. Fransanın o qədər dərdi var ki, gedib onların fikrini çəksin. Fransa 30 il ərzində ATƏT-in Minsk qrupunun üzvü olub. Bu müddət ərzində yalnız bir dəfə Avropada, Vyanada olanda Fransa nümayəndəsinin ədalətin tərəfində olan bəyanatını eşitmişəm. Bundan başqa heç vaxt belə bir çıxış olmayıb. Fransa münaqişənin həllinin açarlarından birini əlində tutanda zəhmət çəkib münaqişəni həll edəydi. Onda nə 44 günlük Vətən müharibəsi, nə də Azərbaycan və Ermənistan tərəfinin itkiləri olardı. Münaqişə qanlı müharibə ilə başa çatandan, Azərbaycan qələbə qazandıqdan və ərazilərini azad etdikdən sonra Fransa ayılıb ki, sən demə, burada belə bir iş varmış. Ermənistanı silahlandırmaq, ona qoşunlar göndərmək mənasız işlərdir. Artıq qatar gedib. Münaqişə və ya müharibə yoxdur. Fransa regionda gərginlik olmamasını istəyirsə, digər bütün maraqlı ölkələr kimi sülhə xidmət etməlidir. Çünki sülh olmasa, heç bir inkişaf, xoşbəxtlik ola bilməz".

 

"Fransa nə qədər istəyir boş-boş danısın"

 

Şuşada müəllim işləyən Arzu Abbasov isə deyir ki, Azərbaycan Prezidenti Fransaya layiqli cavabını verir:

 

"Fransaya da, Ermənistana da ən yaxşı cavabı cənab Prezident verib və verir. Fransa Afrikada əlindən çıxan torpaqları haradansa kompensasiya etmək, Qafqazda nəsə iş görmək istəyir. Bu, alınan iş deyil. İndiyə qədər nə qədər bəyanatlar veriblər, ermənipərəst çıxışlar ediblər, amma bunların heç bir effekti olmur və olmayacaq. Cənab Prezidentin xarici siyasəti buna imkan verməyəcək. Avropadan bir-bir ölkəmizə gəlib, müqavilələr imzalamağa çalışırlar. Bunlar hamısı ölkəmizin, cənab Prezident İlham Əliyevin Avropadakı nüfuzundan xəbər verir. 

 

"Şuşi" sözünü eşitmək bizə ağırılı gəlir. Bir tərəfdən də erməni xislətinin belə olduğunu anlayırıq. Ümumiyyətlə, Makron siyasəti Fransanı batıran bir siyasətdir. Onun yeni təyin etdiyi Baş nazir cinsi azlığın nümayəndəsidir. Erməniləri ancaq belələri dəstəkləyə bilər. Fransa nə qədər istəyir boş-boş danısın. Bunların bizə heç biri təsiri olmayacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?