Modern.az

Problem

Problem

Aktual

25 Oktyabr 2016, 12:48

Yazırıq – problemlərdən

Oxuyuruq – problemlərdən

Danışırıq – problemlərdən

İzləyirik – problemləri

Yaxşı heç nə yoxdurmu, yoxsa biz görmürük və ya görə bilmirik?! Əslində yaxşı deyə bir şey yoxdur, sadəcə xoş arzular var ki, ona çatdığında o da sənin üçün adiləşir.

İnsanlarımızın problemlərdən yaxa qurtara bilməməsinin tək səbəbi sosial problemlər deyil. Tutuaq ki, yorğun iş günündən sonra evə qayıdırsan, televizorda hansısa verilişə və ya kinoya baxmaq istəyirsən. Sən dincəlmək əvəzinə heç bir fiziki işlə məşğul olmadan, gərginləşirsən. Səbəb verilişlərimizdə son illərdə dayanmadan sosial problemlərin işıqlandırılması, yeni çəkilən filmlərimizdə ancaq məişət problemlərindən bəhs edən mövzular. Maraqlısı isə budur ki, son illərdə dəfələrlə müzakirə olunan mövzular heç zaman həll yolunu tapmadığı kimi, daha da şiddəti artmışdı.

Bir məsələ var ki, insanlarımız münaqişəni sevir, sakitlik bizim üçün deyil. Məsələn bir xətt üzrə iki marşrut işləyirsə və avtobuslardan biri irihəcmli, digəri isə kiçik həcmlidirsə, sərnişinlər sanki bilərəkdən kiçikhəcmli olan avtobusa minməyə üstünlük verirlər. Digər bir misal kimi metro  ilə kimsə “Gənclik” və ya “28 May” stansiyasına getməlidirsə, o “İçərişəhər”ə yox, bilərəkdən və ya qeyri-iradi “Dərnəgül” stansiyasına gedən qatara minir, hətta tələsməsə belə.

Millət olaraq tempramentli olduğumuzdan cinayət halları da artan tempdə inkişaf edir.

Problemdən yazmaq vərdişlərimiz o qədər püxtələşib ki, ədəbiyyatda da ancaq problemlər və münaqişələr barədə oxuyuruq. Ədəbiyyatda münaqişə, onun həlli və ya həll olunmaması normaldır, amma necə?! Bu ancaq məişət üslubundamı olmalıdır?! Bəzən insan istəyir ki, oxuduqlarından, izlədiklərindən zövq alsın, lakin əksi olaraq daha da gərginləşir. Ən maraqlısı isə, Azərbaycan insanı gözüaçıqdır, hər şeyi bilir və ən pis cəhətimiz də əslində heç nəyi bilməməyimizdir. Bir toplum hər şeyi bildiyini iddia edib, heçnə bilməməklə, bax belə gülünc vəziyyətə düşür.

Bəzən fikirləşirsən ki, belə çılğın millət necə oldu ki, Qarabağı itirdi. O tarixə nəzər saldıqda, yenə problemlər olduğunu görürük, həm də necə problemlər. Təəssüf doğuranı isə problemi yaradanlar təkcə hücum edən düşmən deyildi.

İnsanların tələbatı problemlərdən qaynaqlanan mətbuat xəbərləri, izlədikləri problemlərdən bəhs edən filmlər və ya sosial verilişlər deyil. Sizin onlara verdikləriniz budur. Bu isə yıxılana sizin də vurmağınız deməkdir. Problemlərə daha inamlı yanaşmağın yolu, yaxşı mənada yeniliklərdən, zövqlərdən başlayır.

Problemləri həll etməyin yolu ondan qaçmaq olduqca, daha da artacaq və sonda nə onu idarə edə biləcəksiniz, nə də həll edə. Problemləri həll etməyin tək yolu ona doğru gedib, üzləşməkdir. Sosial problemləri həll etmədikcə, insanlarımız arzu olunan avropalı kimi yaşamayacaq, düşünməyəcək, ancaq bir-birinə badalağ gəlməklə problemlərin artmasına səbəb olacaqlar.

Problemlərdən tək-tək yazmaqla bitirmək olmaz, cild-cild ensiklopediyalar yaranar. Kiçik bir ümid isə insanlarımıza bəzən zövqlü nələrsə təqdim etməklə başlamaq olar.

Yeri gəlmişkən, bu yazıda mən də problemlərdən yazmış oldum. Qəlblərdən qurtulmağın vaxtıdır.


Rafiq Şahbazov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı