Modern.az

Bakıda Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü qeyd edildi

Bakıda Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü qeyd edildi

Aktual

27 Oktyabr 2016, 20:58

Türkiyənin Azərbaycandakı səfirliyində Cümhuriyyətin elan edilməsinin 93-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Modern.az saytı xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Türkiyə səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

Səfir çıxışında Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan bəhs edib: "Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib".

Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafından danışan diplomat bildirib ki, qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra-katibi, Baş nazirin müavini Əli Əhmədov Azərbaycan hökuməti və xalqı adından Türkiyə Cümhuriyyətini təbrik edib.

Baş nazirin müavini bildirib ki, 93 il bundan əvvəl Türkiyədə parçalanan bir dövlətdən vahid və əzəmətli dövlət yaradılıb.

O, Türkiyə Cümhuriyyatinin yaranmasının türk xalqının qəhrəmanlığının və Mustafa Kəmal Atatürkün müdrikliyinin sintezi olduğunu vurğulayıb.

Ə. Əhmədov bildirib ki, Türkiyə iyulun 15-də baş verən dövlət çevrilişi cəhdindən daha da güclü çıxdı: “Bu dövlət çevrilişinə cəhdin qarşısı xalq tərəfindən qətiyyətlə alındı. Türkiyə zaman-zaman böyük sınaqlarla üz-üzə qalıb və həmişə belə sınaqlardan üzüağ çıxıb. Hesab edirəm ki, dövlət çevrilişinə cəhddən sonra Türkiyə daha möhkəm, daha qətiyyətli oldu".

Baş nazirin müavini iki ölkə arasındakı əlaqələrdən də danışıb: "Bu əlaqələri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi "bir bir millət, iki dövlətik" düsturu ilə xarakterizə etmək olar. Harda Azərbaycan var, orada Türkiyə var, harada Türkiyə var, orada Azərbaycan var".

Türkiyənin hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yol keçdiyini bildirən Ə.Əhmədov vurğulayıb ki, ortaq tarixə, keçmişə malik ölkələrimiz arasında münasibətlər böyük dostluq və qardaşlığın nümunəsidir.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı